image-1backend

Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər” və…

image-ads-728x90

Azərbaycanda vətəndaşların onlara aid olmayan tibbi məlumatların və analiz nəticələrinin görünməsi ilə bağlı iddialar artmaqdadır.

Korrekt.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə çoxsaylı istifadəçilər sistemdə özlərinə və ya övladlarına aid olmayan analizlər, diaqnozlar və tibbi xidmətlərin əks olunduğunu bildirirlər.

Qeyd edək ki, əvvəllər vətəndaşlar tibbi məlumatlarını əsasən TƏBİB-in elektron sistemi vasitəsilə izləyə bilirdilər. Dövlət elektron xidmətlərinin vahid platformada birləşdirilməsindən sonra isə bu məlumatlara myGov üzərindən də baxmaq mümkün olub.

Rüfət Əliyev adlı vətəndaş platformada övladına aid olmayan analiz nəticələrinin yer aldığını bildirib. Onun sözlərinə görə, göstərilən tarixdə övladını ümumiyyətlə xəstəxanaya aparmayıb:

“myGov-u incələyirdim. “Övladlarınızın analiz nəticələri” bölməsində Nihadın analiz nəticələri qarşıma çıxdı. Halbuki həmin tarixdə, ümumiyyətlə bu il ərzində onu nə analizə aparmışam, nə də xəstəxanaya”.

Oxşar iddialarla digər vətəndaşlar da çıxış ediblər.

Ruslan Mehrəliyev yazır ki, dostu kuryer işləyərkən xəstəxanaya yemək aparmaq üçün şəxsiyyət vəsiqəsini təqdim edib. Onun iddiasına görə, iki il sonra işə qəbul zamanı sistemdə adına “ağır dərəcəli mədə xorası” diaqnozu yazıldığını görüb.

Nura Həsən isə bildirib ki, sistemdə ona aid olmayan “nevrotik pozuntular” diaqnozu və tanımadığı həkimin adı qeyd edilib.

Xədicə Raus məsələ ilə bağlı uzun müddətdir müxtəlif iddiaların səsləndirildiyini xatırladaraq yazıb:

“Analiz maxinasiyasından pullar silinir də, bilmirsiniz bəyəm? Xəbərlərdə dəfələrlə bu məsələ müzakirə olunub”.

Günay Mütəllim də öz paylaşımında sistemdə ona aid olmayan ağır diaqnozlarla qarşılaşdığını bildirib:

“Neçə il əvvəl vəba olmuşam, xəbərim olmayıb heç… Elə diaqnozlar var ki, necə sağ qalmışam, özüm də mat-məəttələm, vallah”.

Xatırladaq ki, son illər bəzi tibb müəssisələrində vətəndaşların xəbəri olmadan onların adına tibbi xidmətlərin rəsmiləşdirilməsi və bunun müqabilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən vəsaitlərin alınması ilə bağlı iddialar zaman-zaman gündəmə gəlib.

Bakupost.az məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumun mövqeyini təqdim etməyə hazırıq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki