Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim.
Ömrünü-gününü dərd eyləsəydin
Ömrümü-günümü dərman verərdim.
Bu mahnının adı “Qurban verərdim”. Akif İslamzadə əvəzolunmaz ifaçısıdır. Bəs, bəstəkarı kimdir? Elza İbrahimova – sirr dolu, müəmma dolu, gözəl mahnıların bəstəkarı. Görəsən, özü ötən günlər üçün gələn günlərini qurban verərdimi? Bəlkə elə də oldu. Bəlkə, kiminsə “Yoxluğunu bilə-bilə” gözləməkdən yoruldu? Bəlkə, “Doya bilmədikləri” onu 74 yaşına çatmağa ruhlandırdı? Bəlkə, özünü “Gecələr bulaq başı”ndakı sükuta bənzədirmiş? Bəlkələr çoxdur. Heç birinə sağlığında cavab qoymayıb. Amma mahnıları danışır hər şeyi.
“Bir böyük qatarla yol gedirik, hər dayanacaqda kimsə düşür, onu yola salırıq. Növbəti dayanacaqda, kim bilir, hansımız hansımızı yola salacağıq” – əvəzsiz sənətkar Flora Kərimovanın bu fikirləri yazacağım mövzuya açar oldu. Çünki…
Çünki keçdiyimiz dayanacaqda onun yaxın rəfiqəsi Elza İbrahimova bu qatardan düşdü. O, Elza İbrahimova ki…
Atası İmaməddin İbrahimov Azərbaycan dəmir yolunun məsul şəxslərindən olub. Anası Sona İbrahimova ölkədə tanınmış ginekoloq idi. Elza İbrahimova Hacıqabulda anadan olub, çünki atasının işinə görə ailə bir müddət orda yaşayıb. Ailədə iki bacı, bir qardaş olublar. Böyük bacısı həkimdir. Qardaşı Çingiz də bacısının qayğısına qalan, onu son nəfəsinə qədər yalqız qoymayan bir insandır.

Ulu nənəsi, yəni anasının nənəsi Sonaxanım bir vaxtlar ulu babanın Türkiyədən Xaçmazın Nərəcan kəndinə qaçırıb gətirdiyi bir türk qızı olub. Onun adını Elzanın anası daşıyıb, indi də həmin ad Elza İbrahimovanın qardaşı qızına verilib. Həmin ulu nənədə çox böyük musiqi istedadı olub. Özü üçün musiqilər yazıb, qarmonda ifa edərmiş. Elza ailədə musiqi istedadı olan yeganə uşaq deyildi, amma nənəsindən keçən istedadı özündə inkişaf etdirib musiqini könüllü surətdə özünə peşə seçən yeganə uşaq oldu. Əvvəlcə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alır. Sonra da konservatoriyada Qara Qarayevin sinfində bu böyük bəstəkardan dərs alır. Onun sinfinə daxil olmaq üçün hazırladığı kompozisiyanı dinləyən Qara Qarayev deyib ki, bu qız yaxşı bəstəkar olacaq.
Elza İbrahimova “Yalan ha deyil” adlı ilk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır, tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey, vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dilində onlarla poetik nümunəyə musiqi yazıb.
Elza İbrahimovanın elə bir mahnısı yoxdur ki, dinləyəndə düşünəsən ki, bu mahnı filan mahnısından zəifdir. Hər bir mahnısı bir əsərdir və bir-birindən möhtəşəmdir. “Qurban verərdim” Akif İslamzadənin ifasında indi də qulaqlarımızda səslənir. “Sevgimiz elə bu qədərmiş” mahnısını isə iki böyük sənətkar ifa edib Flora Kərimova və İlhamə Quliyeva. Hətta bir vaxtlar bu iki müğənninin arasında mübahisə də düşmüşdü ki, mahnının ilk ifaçısı kim olub. Bəstəkar həmin mahnını yaxın rəfiqəsi Flora Kərimovanın nakam sevgisinə həsr edibmiş. Flora Kərimovanın ifa etdiyi “Yoxluğunu bilə-bilə” mahnısı da həmçinin.
Görünür, bütün bu nisgil qoxan musiqiləri yazan insanın öz taleyi də həmin əsərlərin mayasında var.
Elza İbrahimova Qara Qarayevin sevimli tələbəsi, gözəl mahnıların müəllifi kimi artıq hamı tərəfindən sevilir, müğənnilər onun mahnılarını ifa etmək üçün əldən gedirlər. Mahnılar isə Rəşid Behbudov, Şövkət Ələkbərova, Yalçın Rzazadə, Flora Kərimova, İlhamə Quliyeva kimi ifaçılara qismət ola bilərdi. Bir gün bu xanım dəlicəsinə sevir. Yoluna çıxan, ona sevgisini izhar edən bir gənc alim Elza xanımın sevgisini qazanmağa müvəffəq olur. Evlənirlər. Onların izdivacından bu gün yeganə həmdəmi anasını itirdiyi üçün göz yaşlarından danışa bilməyən Zəhra dünyaya gəlir. Çox az bir zaman keçir. Ancaq iki yaradıcı insan bir yerdə yaşaya bilmir. Zəhranın heç bir yaşı olmamış ata-ana ayrılır. O vaxtdan Elza İbrahimova tənha ana kimi həm balaca Zəhrasının qayğısına qalır, həm də mahnı bəstələməkdə davam edir. İllər bir-birini əvəz edir. Bu illər ərzində yeni mahnılar yazılır, ifa olunur, dünyaya yayılır. Dünyaya gələn hər bir mahnı onu yaradanın içinə axan göz yaşları ilə müşayiət olunur.
90-cı illər… Heç kim hətta Elza İbrahimova kimi bəstəkarın belə nə özünün, nə də mahnılarının qayğısına qalası halda deyil. Sənətkar baxımsız qalır. Yazır, amma o mahnılar nə dövlətə, nə xalqa lazım deyil. Flora Kərimova isə yenə onun yanındadır. Mahnılarını ifa edir. Bəstəkarla bir-birilərinə qoşulub göz yaşı axıdırlar, amma heç kim o birindən – niyə ağlayırsan?- deyə soruşmur. Hər şey aydındır.

Bu arada Zəhra orta məktəbi qurtarır, tibb təhsili alır. Elza xanımın yeganə dayağı qardaşı Çingiz olur, onun balasına da öz övladları ilə birgə baxır. Onun övladları da Zəhra ilə birgə Elza xanımın ağuşunda böyüyürlər. Bacı-qardaşın birliyi, bir də yazıb qəlb ağrılarını çıxartdığı bəstələr Elza xanımı yaşamağa sövq edir.
90-cı ilin 20 yanvarına həsr etdiyi bir operanın altından imza atır Elza İbrahimova. “Yanan laylalar” adlı bu opera Opera və Balet Teatrının səhnəsində hazırlanır. Tamaşanın premyerasına az qalmış hansısa bir qara qüvvənin əli ilə opera ümumiyyətlə repertuardan çıxarılır, səhnə həlli yarımçıq qalır. O gündən Elza İbrahimova elə sarsılır ki, bu sarsıntı uzun sürən xəstəliyə, onun nəticəsində ölümünə səbəb olur.
Zəhra xanım anasına baxmaq üçün işini atır. Ana-bala 8 il bir evin küncündə qalırlar. Xəstə ana və ona baxan həkim övladı. Qardaşı Çingizin, bəzən çox sevdiyi qardaşı oğlunun xatirinə bir loxma yeyən küskün qadın 8 ilin son 25 gününü yeməkdən də imtina edir. Qızı Zəhra deyir ki, mən həkim ola-ola hələ də müəyyən edə bilməmişəm, anam yeməkdən könüllü surətdə imtina etdi, yoxsa iştahı çəkmədi. Başqa həkimlər də bu sağlam qadının depressiyadan qeyri heç bir xəstəliyi olmadığını deyiblər.
Sonuncu mahnısının adı “Peşmanıq”dır. Onu son mahnılarını Teymur Əmrah ifa edib. Daha iki mahnısı da Teymur Əmrahdadır, hələ oxunmayıb.

Son 25 gündə ailə üzvləri belə onun yatdığı otağa girməyə cəsarət etmirmiş. Heç kimi yaxına qoymayıb. Teymur Əmrahı da. Teymur elə düşünüb ki, bəlkə o iki mahnını hələ ifa etmədiyi üçün Elza xanım ondan inciyib. Elza xanıma səbəbi izah etməyə gəlib. Çingiz müəllim deyib ki, Elza heç kimi görmək istəmir, amma mənə sənin barəndə bir söz deyib. Deyib ki, Teymura deyin ondan inciməmişəm, onu çox istəyirəm, amma heç kimi görmək istəmirəm.
Beləcə, ömür boyu hər bir çətinlikdən üzü ağ, alnı açıq çıxan, heç kimə heç nə üçün boyun əyməyən, sinəsinin altındakı sirləri heç kimə açmayan türk qızı Elza İbrahimova bu həyata əlvida deyir.
Aldığı fəxri adlar, təqaüd ömür boyu onun gözündə olmadı. Niyə fəxri adınız gecikir? –sualına “Mənim vaxtım yoxdur, yazıram, fəxri ad gözləyər” – cavabını verən qürurlu xanım sonuna qədər öz sirrindən ən yaxınını belə agah etmədi. Sirlə dolu bir şəxsiyyət düşdü ötən dayanacaqda. Qarşıda hələ çox dayanacaqlar var. Oradan düşənlərdən kimlərsə ola bilər ki, heç kimin diqqətini belə çəkməyəcək, xatırlanmayacaq. Amma elə sərnişinləri olub bu qatarın ki, hələ də qatarda adları çəkilir, əsərləri səslənir, oxunur, onlara rəhmət deyilir, itkiləri üçün yanırıq. Elza İbrahimova belə bəxtəvər sərnişinlərdən oldu. Artıq başqa qatarın səfinə qoşulub. Allah rəhmət eləsin.

Ölümündən əvvəl gec də olsa bütün fəxri adların, diqqətin, qayğının mərkəzində oldu. Vəfat edəndən sonra da ikincı fəxri xiyaban, yas mərasimi, hər şey qanun qaydası ilə, nə yazıq ki…
Ramilə Qurbanlı





















