“Qalatasaray” transfer çalışmalarını davam etdirir. İstanbul təmsilçisi Moskva “Lokomotiv”ində çıxış edən 21 yaşlı Aleksey Batrakovun transferi ilə bağlı Rusiya klubu ilə razılığa gəlib.
Korrekt.az xəbər verir ki, rusiyalı jurnalist İvan Karpovun yaydığı məlumata görə, “Qalatasaray” Batrakov üçün “Lokomotiv”ə 25 milyon avro transfer haqqı ödəyəcək. Müqaviləyə əlavə olaraq 4 milyon avro bonus və futbolçunun gələcək satışından Rusiya klubuna 10 faiz pay verilməsi də daxildir.

İstanbul klubu transfer məbləğini hissə-hissə ödəyəcək. Son ödənişin 2027-ci ilin dekabrından gec olmayaraq həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk Batrakovun transfer qərarında mühüm rol oynayıb.
Təxminən bir ay davam edən danışıqlar zamanı Burukun 21 yaşlı futbolçu ilə videozəng vasitəsilə danışdığı, klubun oyun fəlsəfəsi, hücum sistemi və futbolçudan gözləntiləri barədə ona məlumat verdiyi bildirilir.
Batrakova Fransa, İtaliya və İspaniyadan da təkliflərin olduğu, lakin futbolçunun həmin variantları geri çevirərək “Qalatasaray”a keçməyə üstünlük verdiyi qeyd olunur.
Batrakov “Lokomotiv”in heyətində son oyununu ötən cümə günü “Orenburq”a qarşı keçirib. Gənc yarımmüdafiəçi həmin qarşılaşmada komandasının qollarından birinə imza ataraq Moskva klubuna vida edib.
Bildirilir ki, futbolçu daha sonra “Qalatasaray”ın “Çorum”la oyununu da izləyib.
HT Spor-un məlumatına əsasən, Aleksey Batrakov bu gün – 18 avqustda İstanbula gələcək. Futbolçunun tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la rəsmi müqavilə imzalaması və komandaya qoşulması gözlənilir.
“Sarı-qırmızılar”ın transfer prosedurlarını qısa müddətdə yekunlaşdıraraq Batrakovu “Ərzurumspor”la səfər matçının heyətinə daxil etməyə çalışdığı bildirilir.
Batrakov ötən mövsüm “Lokomotiv”in heyətində 36 rəsmi oyuna çıxıb. 21 yaşlı futbolçu bu qarşılaşmalarda 17 qol vurub və 12 məhsuldar ötürmə edib.
O, cari mövsümə də məhsuldar başlayıb. Batrakov keçirdiyi ilk 5 oyunda 1 qol və 1 assistlə yadda qalıb.
“Qalatasaray”ın Batrakov transferi ilə hücum xəttində yaradıcılıq və qol imkanlarını artırmağı hədəflədiyi bildirilir.





















