“Bakı–Moskva münasibətlərində gərginliyin yeni dalğası: Rusiyada azərbaycanlı diaspor rəhbərinin deportasiyası, Azərbaycanda isə üç Rusiya vətəndaşının beynəlxalq axtarışa verilməsi diqqət çəkir”.
Bunu politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, avqustun 17-də Azərbaycan–Rusiya münasibətlərinin həssas və kövrək mərhələdə qaldığını göstərən iki mühüm hadisə eyni gündə baş verib.
“Əvvəlcə Rusiya tərəfi Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənovun Azərbaycana deportasiya edilməsi barədə qərarı açıqladı. Elə həmin gün axşam saatlarında isə Azərbaycan üç Rusiya vətəndaşının – “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevin, siyasi texnoloq və media eksperti Semyon Uralovun, jurnalist və Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin beynəlxalq axtarışa verildiyini elan etdi”, – deyə A.Muradlı qeyd edib.
Politoloq bildirib ki, hadisələrin eyni günə təsadüf etməsi ilk baxışdan onları qarşılıqlı cavab addımları kimi qiymətləndirməyə imkan verir. Lakin onun fikrincə, açıq mənbələrdə Bəxtiyar Həsənovun deportasiyası ilə Azərbaycanın üç Rusiya vətəndaşı barəsində qəbul etdiyi qərar arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən fakt yoxdur.
“Bəxtiyar Həsənovun işi ən azı bir neçə ay əvvəl başlamışdı. Buna görə də bu iki hadisəni birbaşa “cavab tədbiri” adlandırmaq hüquqi baxımdan düzgün olmazdı. Bununla belə, hər iki hadisə son dövrlərdə davam edən Azərbaycan–Rusiya münasibətlərindəki gərginliyin ümumi mənzərəsinə daxildir”, – politoloq vurğulayıb.
A.Muradlı Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxslərin Rusiya ictimai-siyasi və media məkanında tanınan simalar olduğunu da diqqətə çatdırıb.
Onun sözlərinə görə, İvan Knyazev “Moskva 24” telekanalında fəaliyyət göstərən televiziya jurnalisti və aparıcıdır. Onun peşəkar fəaliyyəti əsasən televiziya jurnalistikası və xəbər proqramları ilə bağlıdır.
Semyon Uralov isə siyasi texnoloq, publisist və media eksperti kimi tanınır. O, postsovet məkanında baş verən siyasi prosesləri şərh edib, müxtəlif media layihələrində iştirak edib və siyasi texnologiyalar sahəsində fəaliyyət göstərib.
Aleksey Çadayev də jurnalist, politoloq və siyasi analitik kimi tanınır. Onun fəaliyyətində Rusiya siyasəti və dövlət idarəçiliyi xüsusi yer tutur. Çadayevin digər iki şəxsdən əsas fərqi isə Rusiya nəqliyyat naziri Andrey Nikitinin müşaviri kimi fəaliyyət göstərməsidir.
“Bu səbəbdən onun açıqlamaları yalnız jurnalist və ya ekspert mövqeyi kimi deyil, Rusiya siyasi elitası ilə əlaqəli şəxsin fikirləri kimi də diqqət çəkə bilər”, – A.Muradlı bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan tərəfinin məlumatına əsasən, üç Rusiya vətəndaşı Semyon Uralovun “YouTube” kanalında iyulun 14-də və avqustun 13-də yayımlanan proqramlarla bağlı araşdırmaya cəlb olunub.
A.Muradlının fikrincə, son hadisələr Azərbaycan–Rusiya münasibətlərində qarşılıqlı siyasi və hüquqi addımların artdığını göstərir və tərəflər arasında mövcud gərginliyin yaxın perspektivdə də diqqət mərkəzində qalacağını ehtimal etməyə əsas verir.

















