image-fb_img_1786691363225backend

“Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur

image-ads-728x90

Bakı Abadlıq MMC-nin Simurq Kitabxanasından icarə haqqı tələb etməsi Laçında dövlət əmlakının idarə olunması ilə bağlı ciddi suallar doğurub.

Məsələ Bakı Abadlıq MMC-nin mətbuat xidmətinin əməkdaşı Lalə Əliyevanın sosial şəbəkədə kitabxana əməkdaşı Zülfiyyə Hüseynovaya cavabından sonra gündəmə gəlib. Lalə Əliyeva bildirib ki, Simurq Kitabxanasının Laçınema Kino Mərkəzində fəaliyyətini davam etdirməsi üçün seçdiyi otağın icarə və kommunal xərcləri ödənilməlidir.

Bu açıqlama isə haqlı olaraq bir sıra suallar doğurur.

Zülfiyyə Hüseynova qeyd edir ki, Laçın kinoteatrı dövlət vəsaiti hesabına tikilmiş və sonradan bərpa olunmuş dövlət əmlakıdır. Belə olduğu halda, tikinti şirkəti kimi fəaliyyət göstərən Bakı Abadlıq MMC hansı hüquqi əsasla bu obyekt üzərində sərəncam verir və dövlət əmlakını icarəyə təqdim edir?

Əgər obyekt dövlət əmlakıdırsa, onun istifadəyə verilməsi və icarəyə çıxarılması hansı hüquqi prosedur əsasında həyata keçirilir? Bakı Abadlıq MMC-nin bu əmlaka dair hansı səlahiyyətlərə malik olduğu ictimaiyyətə açıqlanmalıdır.

Digər tərəfdən, məsələ yalnız hüquqi tərəfi ilə məhdudlaşmır. Burada Laçının mədəni və mənəvi yaddaşı da söhbət mövzusudur.
Laçında milyonlarla manatlıq layihələr həyata keçirən, şəhərin müxtəlif ərazilərində otellər, restoranlar və digər kommersiya obyektlərini idarə edən bir şirkətin Simurq Kitabxanasının yerləşdiyi kiçik bir otaq üçün icarə haqqı tələb etməsi cəmiyyətdə təəccüb doğurur.
Kitab naminə, maarifçilik naminə, milli yaddaş naminə, repressiya qurbanı, Laçın şəhərinin adını daşıyan görkəmli ziyalı və dövlət xadimi Tağı Şahbazi Simurqun xatirəsi naminə bu kitabxanaya dəstək göstərmək olmazmı?

Laçın və Abdallar otelləri, eləcə də digər kommersiya obyektlərindən əldə olunan gəlirlərin cüzi bir hissəsinin şəhərin mədəni həyatına, xüsusilə də kitabxananın fəaliyyətinin qorunmasına yönəldilməsi daha məqsədəuyğun olmazdımı?

Azərbaycanın xeyriyyəçilik tarixində Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev kimi sahibkarların xüsusi yeri var. Onlar məktəblər tikdirib, teatrların fəaliyyətinə dəstək verib, qəzetləri maliyyələşdirib, gənclərin təhsil almasına şərait yaradıblar. Bu ənənə Azərbaycan cəmiyyətinin yaddaşında xeyirxahlıq və milli məsuliyyət nümunəsi kimi yaşayır.

Bu baxımdan, işğaldan azad edilmiş Laçında fəaliyyət göstərən, şəhərin mədəni həyatına töhfə verən Simurq Kitabxanasından icarə haqqı tələb olunması ciddi müzakirəyə ehtiyac yaradır.

Xüsusilə nəzərə almaq lazımdır ki, Laçın kinoklubu hələ 1970-ci illərdə Laçın rayonunun büdcə vəsaiti hesabına inşa edilib. Yəni söhbət sadəcə bir binadan deyil, Laçının tarixi və ictimai-mədəni irsinin bir hissəsindən gedir.

Bu səbəbdən məsələ ilə bağlı aidiyyəti qurumların və Bakı Abadlıq MMC-nin konkret açıqlama verməsi vacibdir.
Əsas sual isə dəyişmir:
“Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir?
Əgər söhbət dövlət əmlakından gedirsə, həmin əmlakın idarə olunması, istifadəyə verilməsi və icarəyə çıxarılmasının hüquqi əsasları ictimaiyyətə açıqlanmalıdır.
Simurq Kitabxanasının taleyi isə yalnız bir otağın icarə haqqı məsələsi deyil. Bu, Laçının mədəni yaddaşına, kitaba və maarifçiliyə münasibət məsələsidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki