İkinci Dünya Müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas edən Əbdülhüseyn xan Sərdari Qacarın maraqlı və olduqca təzadlı həyatı haqqında yazmaq qərarına gəldim. Bu cəsur diplomat tarixdə “İranlı Şindler” ləqəbi ilə tanınır. Elə yəhudilər onu bu gündə böyük hörmətlə xatırlayırlar.
Əbdülhüseyn xan Qacarlar dövlətinin Qovanlı oymağının Musaxanlı tayfasının nümayəndəsi idi. Musaxanlı tayfasının Qəzvin şəhərində yerləşmiş qolu tarixdə Qəzvin qacarları kimi tanınır . Bu barədə mərhum həmkarım Ənvər Çingizoğlu 2019-cu ildə nəşr etdirdiyi kitabda da məlumat verib.
Atası Həsən xan Qacar (“Sarı Aslan” ləqəbi) İrəvan və Xorasanda vali və general kimi xidmət edib.
Əbdülhüseyn xan 1895-ci ildə Tehran şəhərində anadan olub. İlk təhsilini evdə, sonra isə mədrəsədə alıb. Ərəb, fars, ingilis, fransız və rus dillərində sərbəst danışan bu cəsur oğlan ali təhsilini İsveçrədə, Cenevrə Universitetində tamamlayır.
1940-cı ildə Fransada, İranın Parisdəki səfirliyində kardar vəzifəsində çalışır. Diplomatik fəaliyyəti yalnız siyasi bilik qazandırmamış, həm də insan hüquqları və beynəlxalq humanitar məsələlərdə təcrübə əldə etməsinə imkan yaratmışdır .
1940-cı ilin sentyabrında nasist işğalçı qüvvələr Fransada yaşayan yəhudilərin polis qeydiyyatından keçməsini və sarı ulduz taxmasını məcburi edirdi. Sərdari, bu qərara qarşı çıxaraq Vichy hökumətinə məktub yazır, burada Fransada yaşayan fars yəhudilərinin yüksək səviyyədə assimilyasiya olunduğunu və onları yəhudi hesab etməyin düzgün olmadığını ifadə edir.
Fransadakı iranlı yəhudiləri ölüm düşərgələrindən qorumağı bacaran Sərdari,
onlara İran pasportları verərək Avropanı tərk etmələrinə imkan yaradır.
Bu fəaliyyət nəticəsində təxminən 3.000 yəhudinin həyatını xilas edir. Bu barədə Simon Wiesenthal Mərkəzinin 2004-cü ildəki açıqlamasında da qeydlər var.
Sərdari, İkinci Dünya Müharibəsindən sonra diplomatik fəaliyyətini davam etdirə bilmir. Ömrünün son illərini İngiltərədə diplomat maaşı və mülkündən məhrum edilmiş bir şəraitdə yaşayır. O, 1981-ci ildə Nottingemdə vəfat edir.
2004-cü ildə Los-Ancelesdəki Simon Wiesenthal Mərkəzi və bir sıra yəhudi təşkilatları onun humanist fəaliyyətini təntənə ilə yad edir.
Qoşqar Salmanlı






















