ABŞ-ın İndiana ştatında 15 yaşlı Jo’Majze Larry 2025-ci ildə baş verən silahlı insidentdə iştirakına görə 100 il müddətinə azadlıqdan məhrum edilib.
Korrekt.az xəbər verir ki, Madison şəhər məhkəməsinin qərarına əsasən, “Mikki Kobra Milləti” (Mickey Cobra Nation – MCN) dəstəsinin üzvü olduğu bildirilən Larry 26 yaşlı Dayla Swainin ölümü ilə nəticələnən atışmada təqsirli bilinib.
Məhkəmə yeniyetməyə qətl ittihamı üzrə 50 il, cinayətkar təşkilatın fəaliyyəti ilə bağlı ittihama görə isə əlavə 50 il həbs cəzası təyin edib. Beləliklə, ümumi cəza müddəti 100 il təşkil edib.
İş üzrə digər təqsirləndirilən şəxslər də ağır cəzalara məhkum olunublar. 19 yaşlı Rashawn Samuels qətl və dəstə fəaliyyəti ilə bağlı ittihamlar üzrə ümumilikdə 125 il, digər 19 yaşlı Kayri Kreyver isə 90 il həbs cəzası alıb. Dördüncü təqsirləndirilən şəxsin məhkəməsinin isə ilin sonlarında başlanacağı gözlənilir.
İstintaq materiallarına əsasən, hadisə 2025-ci ilin fevral ayında Anderson şəhərindəki gecə klubunun qarşısında baş verib. İddialara görə, təqsirləndirilən şəxslər əvvəlki qətl hadisəsi ilə bağlı şahidi hədəf alıblar, lakin atəş nəticəsində həmin şəxsin əvəzinə 26 yaşlı Dayla Swain həyatını itirib.
İndiana qanunvericiliyinə görə, cinayət törədilən zaman 18 yaşı tamam olmayan şəxslər müəyyən müddət həbs cəzası çəkdikdən sonra cəzalarının yenidən nəzərdən keçirilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Larry də ən azı 20 il həbsdə qaldıqdan sonra bu hüquqdan istifadə edə bilər.





















