Azərbaycan 12-14 oktyabr tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) 93-cü və “Hotelstars” İttifaqının (HSU) 12-ci Baş Assambleyalarında təmsil olunub.
Ölkəmizi Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova təmsil edib.
Tədbirlər çərçivəsində qonaqpərvərlik sektorunun inkişafı, hotel təsnifatı meyarları, xidmət keyfiyyətinin yüksəldilməsi, tənzimləyici və institusional yeniliklər, rəqəmsallaşma və dayanıqlılıq məsələləri müzakirə olunub. Avropa ölkələrinin hotel assosiasiyalarının nümayəndələri arasında fikir mübadiləsi aparılıb, sahə üzrə qabaqcıl təcrübələr və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Baş Assambleyalar çərçivəsində Rəşad Əliyev Azərbaycanın hotel təsnifatı sahəsində həyata keçirilən təşəbbüslər və hotel sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirlər zamanı HOTREC-in prezidenti Aleksandros Vassilikos və “Hotelstars” İttifaqının prezidenti Markus Luthe ilə görüşlər keçirilib. Görüşlərdə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi və qonaqpərvərlik sektorunda gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Müvafiq beynəlxalq tədbirlərdə iştirak Avropa tərəfdaşları ilə əməkdaşlığın inkişafına, hotel təsnifatı və xidmət keyfiyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinə, eləcə də ölkənin qonaqpərvərlik sektorunun inkişafına töhfə verir.
Avropanın hotel, restoran və kafe sektorunu təmsil edən HOTREC 36 ölkədən 47 milli assosiasiyanı birləşdirir. “Hotelstars” İttifaqı isə üzv ölkələrdə hotellərin ulduz təsnifatının vahid meyarlar əsasında aparılması və xidmət keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.





















