Bakı sakini Yasamal rayonunda yerləşən “Tatte” kafesində qarşılaşdığı nağdsız ödəniş problemi ilə bağlı narazılığını bildirib.
Şikayətçi Nərgiz Süleymanovanın sözlərinə görə, sentyabrın 30-da sözügedən mekanda səhər yeməyi yedikdən sonra ödənişi bank kartı ilə etmək istəyib. Lakin POS-terminalda problem yarandığı bəhanə olunub.
“Kartımdan 60 AZN məbləğində vəsait çıxarıldı. Ofisiant xanım isə əməliyyatın POS-terminal tərəfindən rədd edildiyini və ödənilən məbləğin gün ərzində avtomatik olaraq hesabıma qayıdacağını bildirdi. Buna görə də hesabı nağdsız qaydada kartdan karta köçürmə yolu ilə ikinci dəfə ödədim”, — deyə şikayətçi bildirib.
Vətəndaş qeyd edir ki, hadisədən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, hesabından tutulan 60 manatlıq vəsait kartına geri qayıtmayıb:
“Öz bankımla əlaqə saxlamışam, onlar hesabda pulun çıxarıldığını bildirirlər. ‘Tatte’ kafesinin meneceri ilə əlaqə saxlasam da, artıq iki həftədir ki, ‘araşdırırıq’ deyərək vaxt uzadırlar. Ehtimal ki, unudacağımı düşünürlər”.
Zərərçəkən vətəndaş pozulmuş hüquqlarının bərpası və məsələnin həlli üçün müvafiq dövlət qurumlarına müraciət etməyə hazırlaşır.Yeni Sabah





















