image-media-whatsapp-image-2025-11-25-at-14-11-55-1aqn37-960x640backend

Türkiyə–Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz!

image-ads-728x90

Ömrümün böyük bir hissəsini Türkiyə–Azərbaycan münasibətlərinin inkişafına, iki qardaş xalq arasında mənəvi bağların möhkəmlənməsinə həsr etmiş bir insan olaraq, bu münasibətlərin ən həssas dövrlərinin canlı şahidlərindən biriyəm. Çox çətinliklər, siyasi anlaşılmazlıqlar, qardaşlığımıza kölgə salmaq cəhdləri gördüm. Lakin heç vaxt bu qardaşlığa olan inamımı itirmədim.

Çünki Türkiyə–Azərbaycan qardaşlığı yalnız siyasi və iqtisadi maraqlara söykənmir. Bu birliyin təməlində ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, şəhidlərimizin qanı və xalqlarımızın bir-birinə sonsuz məhəbbəti dayanır.

1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Bakının azad edilməsi uğrunda göstərilən fədakarlıq, müstəqilliyimizin bərpasından sonra Türkiyənin Azərbaycana dəstəyi və Qarabağ Zəfəri bu qardaşlığın tarixi ifadəsidir.

Mən həmişə türk millətinin ağlına, vicdanına və tarixi yaddaşına güvənmişəm. İnanmışam ki, iki qardaş xalqın arasına girməyə çalışan qüvvələr gec-tez ətlə dırnaq arasına düşmüş tikan kimi çıxarılıb atılacaq.

Lakin bu illər ərzində məni dərindən narahat edən hadisələr də olub.

Bunlardan biri 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi idi. Türkiyənin konstitusiya quruluşuna qarşı yönəlmiş bu hadisəni qətiyyətlə pisləməklə yanaşı, həmin gecə bəzi gənc əsgərlərə qarşı nümayiş etdirilən zorakılıq görüntüləri də məni sarsıtmışdı. Çünki dövlətin gücü yalnız onun qüdrətində deyil, həm də ədalətindədir. Günahkarlar qanun qarşısında cavab verməli, lakin hər kəsin məsuliyyəti fərdi qaydada müəyyən edilməlidir.

Məni narahat edən ikinci hadisə isə bu günlərdə Türkiyədə Azərbaycan səfirliyi qarşısında keçirilən etiraz aksiyasıdır.

Azərbaycan müasir, dünyəvi dövlətdir. Ölkəmizdə hər kəsin dini etiqad azadlığı Konstitusiya ilə qorunur. İnsanlar öz inanclarını sərbəst yaşayırlar. Lakin dini azadlıq adı altında dövlətin dünyəvi quruluşunu hədəfə almaq, məktəblərdə tətbiq olunan ümumi geyim qaydalarını siyasi qarşıdurma predmetinə çevirmək doğru deyil.

Altı yaşlı uşağın məktəbli forması geyinməsi niyə siyasi və ideoloji mübarizəyə çevrilməlidir? Məktəb uşaqların təhsil aldığı məkandır, ideoloji qarşıdurma meydanı deyil. Azərbaycan şəriət dövləti deyil və onun konstitusion quruluşuna hörmət hər kəsin borcudur. Eyni zamanda dünyəvilik də heç kimin dini inancına qarşı mübarizə kimi təqdim edilməməlidir.

2009-cu ildə Bursada Türkiyə–Ermənistan futbol qarşılaşması zamanı Azərbaycan bayraqları ilə bağlı yaşanan hadisəni də yaxşı xatırlayıram. O zaman bir qrup Azərbaycan ziyalısı ilə Türkiyə ictimaiyyəti arasında görüşlər keçirərək yaranmış gərginliyin aradan qaldırılmasına çalışmışdıq. Çünki bir hadisənin yüzillik qardaşlığımıza zərbə vurmasına imkan vermək olmazdı.

Bu gün də mövqeyim dəyişməyib.

Mən Azərbaycan Prezidentinə qarşı təhqiramiz münasibəti qəbul etmədiyim kimi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana qarşı təhqirləri də qəbul etmirəm. Dövlət başçılarının fəaliyyəti tənqid oluna bilər, lakin tənqid və təhqir arasında ciddi fərq var. Qarşılıqlı hörmət dövlətçilik mədəniyyətinin əsas şərtidir.

Türkiyə–Azərbaycan münasibətləri heç bir siyasi qrupun, dini cərəyanın və ya ideoloji çevrənin inhisarında deyil. Bu münasibətlər xalqlarımızın ortaq mənəvi sərvətidir. Ayrı-ayrı şəxslərin hərəkətlərinə görə bütöv xalqları və cəmiyyətləri ittiham etmək yolverilməzdir.

Bu gün Türkiyədən tanıdığım ziyalıların, millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin baş verənlərlə bağlı narahatlıqlarını mənimlə bölüşməsi bir daha göstərir ki, bu qardaşlığın qorunması hər iki xalq üçün son dərəcə əhəmiyyətlidir.

Heç kim unutmamalıdır ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür.

Bizim aramızda yalnız dövlətlərarası münasibətlər deyil, ortaq tarix, qan yaddaşı, şəhidlərimizin xatirəsi, analarımızın duaları və gələcək nəsillər qarşısında mənəvi məsuliyyət var.

Bu qardaşlığı nə bir etiraz aksiyası, nə məsuliyyətsiz bəyanatlar, nə də siyasi təxribatlar sarsıda bilər.

Dövlətlər arasında münasibətlər diplomatiya ilə qurulur, müqavilələrlə möhkəmlənir, lakin xalqlar arasında qardaşlıq ürəklərdə yaşayır.

Ürəklərdə yaşayan Türkiyə–Azərbaycan qardaşlığına isə heç kim kölgə sala bilməz!



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki