image-1backend

320 nömrəli məktəbdə nə baş verir? : 67 uşaq məktəbdən uzaqlaşdırılıb

image-ads-728x90

Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə şagirdlərin digər məktəblərə yönləndirilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Məktəbin şagirdi Nəcəfov Rüfət Taleh oğlunun anası Nəcəfova Günay Tofiq qızı bununla bağlı Elm və Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib.

Valideynin sözlərinə görə, məktəbdə 67 şagirdin təhsil nəticələrinin aşağı olduğu bildirilib və həmin şagirdlərin başqa məktəblərə yerləşdirilməsi məsələsi gündəmə gətirilib.

Şikayətçi iddia edir ki, məktəbin direktoru Niftəliyeva Sevinc ona oğlunu başqa məktəbə keçirməsi ilə bağlı “gedin uşağınızı hansı məktəbə yerləşdirirsinizsə, yerləşdirin” deyib.

Valideyn bu yanaşmadan narazı olduğunu bildirib. Onun sözlərinə görə, oğlu artıq XI sinfə keçdiyi halda, yalnız təhsil nəticələrinin aşağı olması səbəbilə başqa məktəbə yönləndirilməsi qəbuledilməzdir.

Nəcəfova Günay hesab edir ki, əgər məktəbdə 67 şagirdin nəticələri aşağıdırsa, bunun səbəbləri geniş şəkildə araşdırılmalıdır. O, problemin yalnız şagirdlərin nəticələri ilə əlaqələndirilməsinin düzgün olmadığını, tədrisin keyfiyyəti, müəllimlərin fəaliyyəti, hazırlıq prosesinin və məktəb rəhbərliyinin təhsil prosesini təşkil etməsinin də qiymətləndirilməli olduğunu bildirib.

Şikayətçi Elm və Təhsil Nazirliyindən məktəbdə yaranmış vəziyyətin araşdırılmasını, 67 şagirdin aşağı nəticələrinin səbəblərinin müəyyən edilməsini və məktəb rəhbərliyinin fəaliyyəti ilə bağlı araşdırma aparılmasını istəyib.

O, həmçinin oğlunun XI sinifdə təhsilini davam etdirməsinə hər hansı qanunsuz maneənin yaradılıb-yaradılmadığının müəyyənləşdirilməsini və araşdırmanın nəticəsi barədə ona rəsmi məlumat verilməsini tələb edib.

Məsələ ilə bağlı 320 nömrəli tam orta məktəbin və Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki