Zəfər Savaşının ilk həftəsində Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra 4 oktyabr 2020-ci il tarixində işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə bu gün Cəbrayıl Şəhəri günü kimi qeyd edilir.

Bu Günün təsis edilməsi Xalqımızın milli müstəqillik və suverenliyi uğrunda sarsılmaz mübarizəsinin və yenilməz iradəsinin, qələbə əzminin ən şərəfli səhifəsidir. Çünki Cəbrayıl 2020-ci ildə azad edilən ilk şəhər oldu. Qələbə xəbəri xalqımızın ruhunu qaldırdı, dövlət-xalq birliyini daha da möhkəmləndirdi. Həmin gün qazanılan zəfər 44 günlük müharibənin taleyini dəyişdi.
Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin gedişində mühüm mərhələlərdən biri oldu. Şəhərin nəzarətə götürülməsi Azərbaycan Ordusunun hərbi imkanlarını və əməliyyat üstünlüyünü nümayiş etdirməklə yanaşı, işğaldan azad edilən ərazilərdə gələcək bərpa prosesinin başlanması üçün də yeni şərait yaratdı. Cəbrayılın azadlığı həm hərbi cəhətdən, həm də mənəvi-psixoloji tərəfdən mühüm əhəmiyyət daşıdı.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq baxımından mühüm əhəmiyyət daşıyır. İşğal dövründə şəhərin yaşayış və ictimai infrastrukturu ciddi şəkildə dağıdılmışdı. Buna görə də azadlıqdan sonra qarşıya qoyulan əsas vəzifələrdən biri Cəbrayılın yenidən qurulması, müasir şəhər infrastrukturu ilə təmin edilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunmasıdır.
Cəbrayılın gələcəyi həm də Böyük Qayıdış konsepsiyasının mühüm istiqamətlərindən biridir. Yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların və digər infrastrukturun yaradılması şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verir.
İşğal illərində Cəbrayılın tarixi-mədəni abidələri dağıdıldı. Sultan Məcid hamamı, Qız qalası, Divlər sarayı mağarası, Xudafərin körpüləri və yüzlərlə digər abidə erməni vandalizminə məruz qaldı. Bu gün isə onların bərpası istiqamətində işlər aparılır. Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə ailə artıq Cəbrayıla köçürülüb. Şəhərin 2040-cı ilə qədər inkişaf planı hazırlanıb və mərhələli şəkildə həyata keçirilir.
Cəbrayıl rayonu əvvəlkindən daha görkəmli, müasir və cazibədar cənnət məkana çevrilir.Cəbrayıllılar 30 il həsrətində olduqları doğma evlərinə qayıtmağın qürur və sevincini yaşayırlar. Cəbrayılın uzun illər davam edən həsrətinin yerini doğma torpaqlarda yeni həyat tutur.
Beləliklə, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü işğaldan qurtulmağın, tarixi yaddaşın, yenidənqurmanın və Böyük Qayıdışın rəmzlərindən biridir. Bu tarix Cəbrayılın keçmişini xatırlamaqla yanaşı, onun yeni simasının və gələcək inkişafının təntənəsini ifadə edir.





















