Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini və azadlıq mübarizəsini təcəssüm etdirən müqəddəs rəmzlər mövcuddur. Azərbaycan xalqı üçün bu rəmzlərin ən ucası üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız yalnız dövlət atributu deyil, xalqımızın müstəqillik arzularının, milli birliyinin, tarixi yaddaşının və dövlətçilik iradəsinin ifadəsidir. Bu gün dünyanın müxtəlif ölkələrində dalğalanan üçrəngli bayrağımız Azərbaycanın suverenliyini və milli qürurunu nümayiş etdirir.
Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar günün tarixi 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi ilə bağlıdır. Həmin gün Bakıda hökumətin iclasında qəbul edilən bayraq ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində ucaldılmışdır. Bu hadisə milli dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevrilmişdir. Bayrağımızın rəngləri dərin ideoloji məna daşıyır. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipləri üçrəngli bayrağımızın ideoloji əsasını təşkil edir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir inkişafı və tərəqqini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bu prinsiplər xalqımızın tarixi köklərini, milli-mənəvi dəyərlərini və müasir dünyaya inteqrasiya istəyini özündə birləşdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət atributu kimi istifadə edilməsə də, xalqımızın yaddaşında müstəqillik rəmzi olaraq yaşamaqda davam etdi. Milli dövlətçilik ənənələrinin bərpasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi yer tutur. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Nəticədə, 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Dövlət Bayrağı elan edildi. Həmin il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri bərpa olundu. Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinə ehtiramı milli dövlətçilik düşüncəsinin mühüm göstəricisi hesab edirdi. Onun “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” fikri hər bir vətəndaşın dövlət atributlarına münasibətinin mahiyyətini ifadə edir. Heydər Əliyev bayrağın yalnız rəsmi qurumlarda deyil, hər bir ailənin həyatında da xüsusi yer tutmasının vacibliyini vurğulayırdı. Bu yanaşma bayrağın milli həmrəyliyin və azərbaycançılıq məfkurəsinin əsas rəmzlərindən biri olduğunu göstərir. Müstəqilliyin bərpasından sonra dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət üçrəngli bayrağımızın nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev bayrağımızı xalqımızın qürur mənbəyi, milli suverenliyimizin və azadlıq məfkurəmizin ifadəsi kimi səciyyələndirib. Bu gün Azərbaycan bayrağı beynəlxalq təşkilatların iqamətgahlarında, diplomatik nümayəndəliklərimizdə, beynəlxalq tədbirlərdə və idman yarışlarında dalğalanaraq ölkəmizin müstəqilliyini və nüfuzunu nümayiş etdirir.
Dövlət Bayrağının hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Konstitusiyanın 23-cü maddəsinə əsasən, bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl rəng yerləşir. Qırmızı zolağın mərkəzində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Konstitusiyanın 75-ci maddəsi isə hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etməsini tələb edir. Bu, həm hüquqi öhdəlik, həm də Vətənə və dövlətə sədaqətin ifadəsidir.
Dövlət Bayrağının xalqımızın həyatında tutduğu xüsusi yer Bakıda yaradılmış Dövlət Bayrağı Meydanında da öz əksini tapır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla yaradılması qərara alınan meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirilib. Həmin il noyabrın 9-da Dövlət Bayrağı Muzeyi fəaliyyətə başlayıb. Muzeydə Azərbaycanın müxtəlif tarixi dövrlərində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqları, eləcə də dövlətçilik tariximizi əks etdirən 400 eksponat nümayiş etdirilib. 2024-cü il noyabrın 8-də meydan yenidən açılıb və Prezident İlham Əliyev burada Azərbaycan bayrağını ucaldıb. Yenilənmiş muzeydə yaradılan “Zəfər qalereyası”nda Vətən müharibəsinin Qələbəsini və işğaldan azad edilmiş ərazilərdə bayrağımızın ucaldılmasını əks etdirən fotolar nümayiş olunur.
Üçrəngli bayrağımızın müasir tariximizdə ən qürurverici səhifələrindən biri torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlıdır. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində işğal altındakı ərazilərimiz azad edildi. Dövlət başçısının həmin torpaqlara səfərləri zamanı Azərbaycan bayrağının ucaldılması milli qürurumuzun və dövlət suverenliyimizin təntənəsinə çevrildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması xalqımızın uzun illər arzuladığı tarixi ədalətin bərpasını nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyin tam təmin edilməsi bayrağımızın ölkəmizin hər guşəsində dalğalanmasını mümkün etdi. Bu gün Xankəndidə və digər şəhərlərimizdə ucaldılan üçrəngli bayraq müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli birliyimizin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il dekabrın 6-da imzaladığı qanunla təsdiq edilən “Azərbaycan Bayrağı” ordeni də dövlət rəmzimizə verilən yüksək qiymətin göstəricisidir.
Bu gün üçrəngli Dövlət Bayrağımız xalqımızın tarixi keçmişini, müstəqil Azərbaycanın nailiyyətlərini və gələcəyə yönəlmiş hədəflərini özündə birləşdirir. Ona ehtiram göstərmək, dövlət rəmzlərimizi qorumaq və bu müqəddəs dəyərləri gənc nəslə aşılamaq hər bir vətəndaşın borcudur. Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və dövlət suverenliyimizin əbədi rəmzi kimi daim yüksəklərdə dalğalanmalıdır.
Samirə Adəm qızı




















