image-img_20260810_084517backend

ABŞ – da şöhrət qazanan iranlı aktyor kimdir?

image-ads-728x90

20 sentyabr 2009-cu il, İran əsilli aktrisa Şöhrə Ağdaşlu “Emmi” mükafatına layiq görülür. O, soyadını Azərbaycan əsilli birinci əri Aydın Ağdaşlıdan götürüb.

Şöhrə Pəri Vəziri-Tabar 1952-ci ildə Tehranda varlı fars ailəsində anadan olub. Yeniyetmə yaşlarından aktrisa olmaq istəyib. Atasının kəskin etirazı üzündən gizli şəkildə teatr dərnəklərinə gedib.

1972-ci ildə tanınmış rəssam Aydın Ağdaşlı ilə evlənir (Aydın bəyin atası Cümhuriyyət zamanı Daxili İşlər Nazirliyində məmur və Müsavat Partiyasının üzvü olub, bolşevik işğalından sonra İrana köçüb).

Əri onun aktrisalığına icazə verir. Əvvəlcə teatr tamaşalarında iştirak edən Şöhrə ilk dəfə 1976-cı ildə “Şahmat badəsi” filmində çəkilir. Abbas Kiarostaminin “Hesabat” (1977) və Əli Hatəminin “Həsrət” (1978) filmlərində baş rol ifa etdikdən sonra İran kinematoqrafının yeni ulduzuna çevrilir. Lakin İslam İnqilabından az sonra, 1979-cu il fevralın son günündə İranı tərk edir. Aydın Ağdaşlı isə ölkədən çıxa bilmir. Qısa müddət sonra onların nikahına son verilir.

Əvvəlcə Londonda yaşayan Şöhrə Brunel Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr təhsili aldı. O, aktyorluq karyerasının bitdiyini düşünərək yeni ixtisası üzrə işləməyi düşünürdü.

1987-ci ildə ABŞ-a köçən Şöhrə burada Huşəng Tuzi adlı iranlı dramaturq, rejissor və aktyorla evlənir. Lakin ilk nikahdan qalan soyadını daha dəyişmir.

Ağdaşlu ABŞ-da aktyorluq karyerasına yenidən başlayır. Lakin uzun müddət epizodik rollara təklif alır. Dönüş nöqtəsi 2003-cü il oldu. Rejissor Vadim Perelman “Qum və dumandan ev” (House of Sand and Fog) filmi üçün aylarla axtardığı iranlı qadın roluna Şöhrəni təsdiqlədi.

Nadi obrazının ifası Şöhrə Ağdaşluya uğur, şöhrət və 2004-cü ildə “İkinci planda ən yaxşı qadın rol ifaçısı” nominasiyasında “Oskar” namizədliyi qazandırdı. Doğrudur, mükafatı “Soyuq dağ” filmindəki roluna görə Rene Zellveger qazandı, amma namizədliyin özü də Şöhrəni Hollivudda populyarlaşdırdı.

“Səddamın evi” adlı mini-serialda Səddam Hüseynin birinci arvadı Sacidə Talfa rolunun ifası Şöhrə Ağdaşluya 2009-cu ildə nüfuzlu “Emmi” mükafatını qazandırdı.

Şöhrə sonrakı illərdə də bir sıra filmlərdə və seriallarda çəkildi. Xüsusən 2015-2022-ci illərdə “Ekspansiya” adlı kosmoopera serialında canlandırdığı Krisjen Avasarala adlı obrazı ilə yadda qalıb.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki