ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məktubda bildirib ki, Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərindən imtina etməyənə və ABŞ qanunvericiliyinin tələblərini yerinə yetirməyənə qədər F-35 qırıcı təyyarələrini əldə edə bilməyəcək.
Korrekt.az xəbər verir ki, bu barədə Turkish Minute nəşri yazıb. Bildirilir ki, Yunanıstanın Kathimerini qəzeti tərəfindən əldə olunan və 22 iyul tarixini daşıyan məktub Demokrat konqresmen Uesli Bellin Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb.
Sənəddə vurğulanır ki, ABŞ-ın CAATSA (“Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Aktı”) və digər hüquqi normaları Türkiyə S-400 sistemlərindən tam imtina etməyincə F-35 təyyarələrinin satışına icazə vermir.
Məktubda qeyd olunur ki, Ankaranın qarşısına qoyulan əsas şərtlər S-400 və onunla əlaqəli avadanlıqlardan imtina etmək, gələcəkdə Rusiyadan oxşar müdafiə sistemləri almamaq və F-35 proqramı üzrə qalan sertifikatlaşdırma tələblərini yerinə yetirməkdir. ABŞ tərəfi Türkiyənin hələlik bu öhdəlikləri icra etmədiyini bildirib.
Bununla yanaşı, Vaşinqton və Ankara arasında S-400 məsələsinin həlli istiqamətində danışıqların davam etdiyi vurğulanır. Dövlət Departamenti mümkün razılaşmanın şəffaf, qanuni və ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olmasının vacibliyini qeyd edib.
Bu mövqe ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verdiyi açıqlamalarla müəyyən mənada ziddiyyət təşkil edir. Tramp həmin görüşdən sonra Türkiyənin gələcəkdə F-35 qırıcılarını alacağını bildirmişdi.
Məktubda həmçinin ABŞ-ın Türkiyəni mühüm NATO müttəfiqi kimi qiymətləndirdiyi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirmək niyyətində olduğu qeyd edilir. Eyni zamanda, Vaşinqton Ankaranın ABŞ maraqlarına zidd addımlar atacağı təqdirdə buna müvafiq reaksiya verəcəyini vurğulayıb.
Sənəddə Türkiyənin Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Qəzza zolağındakı vəziyyət və İŞİD terror təşkilatına qarşı regional əməliyyatlar kimi məsələlərdə ABŞ-la əməkdaşlığının da müsbət qiymətləndirildiyi bildirilib.





















