image-whatsapp-image-2026-11-11-at-14-14-47-768x403backend

Rus imperiyasının sərvəti: Bir əsrdir axtarılan xəzinələrin sirri

image-ads-728x90

Əslində, həmin qızıl heç də düşünüldüyü kimi yoxa çıxmayıb. Rusiya imperiyasının qızıl ehtiyatının böyük hissəsi bolşeviklərin əlinə, demək olar ki, bütöv şəkildə keçib. Lakin onların əldə etdiyi qızıl bütün ehtiyatın deyil, təxminən 70 faizinin ekvivalenti idi. Qalan 30 faiz isə sirli şəkildə buxarlanmayıb. Onun da taleyi, ümumilikdə, məlumdur. Sadəcə, bu barədə yazılan məqalələrdə o qədər çox rəqəm və hesablamalar var ki, oxucu əksər hallarda təfərrüatlara varmaq istəmir.

Bu yazıda da rəqəmlərdən qaçmaq mümkün olmayacaq. Bununla belə, mətni həddindən artıq yükləməməyə çalışacağıq. Əsasən tonlarla işləyəcək, aydınlıq naminə göstəriciləri faizlərlə də ifadə edəcəyik. Həmin dövrün rubl məbləğlərini bugünkü pulla müqayisə etmək isə o qədər də asan deyil. O vaxtkı yüz milyonlarla rublun real alıcılıq qabiliyyətini təsəvvür etmək çətindir. Tonla ifadə olunan qızıl isə daha əyani ölçüdür və ehtiyatın taleyini izləməyə imkan verir.

Məqsədimiz məhz bu taleyi aydınlaşdırmaq, eyni zamanda, bu günədək xəzinə axtaranların marağına səbəb olan çoxsaylı əfsanələrin arxasındakı həqiqətləri araşdırmaqdır.

Birinci Dünya müharibəsi başlayanda Rusiya imperiyasının qızıl ehtiyatı 1311 ton təşkil edirdi. Bu göstəriciyə görə Rusiya dünyada Fransa və Almaniyadan sonra üçüncü yerdə idi. Qızılın təxminən 80 faizi Sankt-Peterburqda, Dövlət Bankının mərkəzi anbarında saxlanılırdı. Qalan 20 faiz isə Kiyev, Minsk, Nijni Novqorod, Moskva, Varşava, Qrodno və digər quberniya mərkəzlərində yerləşdirilmişdi.

Rusiya müharibəyə qoşulduqdan sonra qızıl ehtiyatının təhlükəsiz ərazilərə köçürülməsi məsələsi gündəmə gəldi. Lakin bu proses dərhal başlamadı. Yalnız Almaniyanın Qaliçiya və Baltikyanı istiqamətində hücumu Kiyev, Varşava və Dövlət Bankının digər cəbhəyanı şöbələri üçün real təhlükə yaradanda hökumət hərəkətə keçdi.

Qızıl Petroqrada deyil, birbaşa Volqaboyu bölgəsinə – Kazan və Nijni Novqoroda daşındı. Bu şəhərlər həm cəbhədən uzaq idi, həm də qiymətli dövlət ehtiyatlarının saxlanılması üçün uyğun anbarlara malik idi.

1915-ci ilin yayında həmin anbarlar Petroqrad və Moskvadan gətirilən qızıl hesabına xeyli zənginləşdi. Hər iki paytaxt üçün təhlükə hələlik daha çox strateji xarakter daşısa da, çar hökuməti riskə getmək istəmirdi. Qərara alındı ki, dövlətin qızıl ehtiyatları ölkənin daha təhlükəsiz, dərin bölgələrində saxlanılsın.

Nəticədə 1917-ci ilin Fevral inqilabı ərəfəsində Volqaboyu bölgəsində təxminən 850 ton qızıl toplanmışdı. Daha 100 ton Samara, Penza, Saratov, Voronej, Tambov, Kursk və Petroqradda yerləşirdi. Bu hissə əməliyyat ehtiyatı hesab olunurdu və əsasən cari dövlət xərclərinin ödənilməsinə sərf edilirdi. Qızıl ehtiyatının digər hissəsi isə üç ildən də az müddətdə silah alışına və müttəfiqlərə verilən girovlara xərclənmişdi.

Kappeldən Kolçaka qədər

Volqaboyu bölgəsindəki əsas qızıl ehtiyatı iki şəhər arasında bölüşdürülmüşdü: Kazanda 500 ton, Nijni Novqorodda isə 350 ton.

1917-ci ilin Fevral inqilabı bu bölgüdə ciddi dəyişiklik yaratmadı. Yalnız Qaratorpaq bölgəsinin bəzi şəhərlərində saxlanılan qızıl Almaniya təhlükəsi ilə əlaqədar Kazana köçürüldü. Beləliklə, Kazandakı ehtiyatın həcmi 550 tona çatdı.

Oktyabr inqilabı başlayanda qızıl ehtiyatı əsasən Volqaboyu şəhərlərində, eləcə də Penza, Saratov, Samara və Petroqradda saxlanılırdı. Dekabrın əvvəlinə qədər bu şəhərlərin hamısı bolşeviklərin nəzarətinə keçdi. Beləliklə, Lenin hökuməti təxminən 950 ton qızılın – Rusiya imperiyasından qalan ehtiyatların, demək olar ki, hamısının sahibi oldu.

Lakin bu vəziyyət uzun sürmədi.

1918-ci ilin yayında Volqaboyu bölgəsində vəziyyət kəskin şəkildə dəyişdi. Bolşeviklər Nijni Novqorodu əllərində saxlaya bildilər. Buradakı 350 ton qızıl sovet hakimiyyətinin nəzarətində qaldı və Vətəndaş müharibəsi illərində RSFSR-in maliyyə dayaqlarından birinə çevrildi. Buna görə də sonrakı hesablamalarda həmin ehtiyatı ayrıca nəzərdən keçirməyəcəyik.

Penzada saxlanılan 10 ton, Petroqraddakı 20 ton və Saratovdakı 10 ton isə cari xərclərə sərf olundu. Əsas hadisələr Kazanda baş verdi.

Bolşeviklər vəziyyətin ciddiliyini çox gec anladılar və Kazandakı qızıldan Nijni Novqoroda cəmi 9 ton daşıya bildilər. Çexoslovak korpusunun və general Kappelin qüvvələrinin sürətli hücumu onlara əlavə vaxt vermədi. Nəticədə Kazandakı 550 ton qızılın demək olar ki, hamısı ağqvardiyaçıların əlinə keçdi.

Kappel qızılı əvvəlcə Samaraya daşıtdırdı. Buradakı yerli ehtiyat da ona əlavə edildi. Daha sonra aparılan yoxlama zamanı məlum oldu ki, Volqa boyunca barjlarla daşınma zamanı təxminən 20 ton qızıl itkin düşüb.

Bu qızılın batdığı, oğurlandığı, yoxsa başqa şəkildə yoxa çıxdığı indiyədək dəqiq müəyyən edilməyib. Bununla belə, «Melekes yaxınlığındakı Kappel qızılı» əfsanəsi xəzinə axtaranların marağını bu gün də qoruyur. 1930-cu, 1960-cı və hətta 2010-cu illərdə burada müxtəlif axtarış və qazıntı işləri aparılıb. Nəticə isə dəyişməyib: heç nə tapılmayıb.

Məğlubiyyət təhlükəsi artdıqca Kappel 1918-ci ilin payızında qızıl ehtiyatını Ufaya köçürdü. Orada onun qüvvələri admiral Kolçakın rəhbərlik etdiyi ağqvardiyaçı hökumətlə birləşdi. Beləliklə, Ufa ehtiyatı da nəzərə alınmaqla, təxminən 550 ton qızıl bolşeviklərə qarşı mübarizə aparan qüvvələrin sərəncamına keçdi.

Kolçak 1919-cu ilin mayında qızıl ehtiyatının ilk rəsmi yoxlamasını keçirdi. Bu barədə arxiv sənədləri mövcuddur. Yoxlamanın nəticəsinə görə, ehtiyat 497 ton təşkil edirdi. Buraya qızıl külçələr, topalar, sikkələr və müxtəlif qiymətli əşyalar daxil idi. Bəs qalan 53 ton hara getmişdi?

Bu miqdarın hamısının oğurlandığını düşünmək düzgün olmazdı. Qızılın həmin hissəsi ağqvardiyaçı hökumətin cari xərclərinə və Antanta ölkələrindən ilk silah-sursat alışlarına sərf edilmişdi.

Sonrakı aylarda bu alışlar daha da genişləndi. Qızılın əsas hissəsi amerikalılardan, yaponlardan və britaniyalılardan silah, sursat və hərbi geyim alınmasına yönəldildi. Vladivostoka bütöv qatarlarla hərbi yüklər gətirilirdi. Cəmi yarım il ərzində topların, pulemyotların və patronların alınmasına təxminən 200 ton qızılın dəyərində vəsait xərcləndi.

Ödənişlər Antanta bankları vasitəsilə həyata keçirilir, bəzi hallarda isə birbaşa qızıl külçələrlə hesablaşılırdı. Bu, Kolçak hökumətinin ən böyük xərc maddələrindən biri idi. Çünki silah və sursat olmadan ordunun müharibəni davam etdirməsi mümkün deyildi.

Publisistik yazılarda tez-tez belə bir iddia ilə rastlaşırıq: guya Kolçak Tuxaçevskinin hücumundan əvvəl Omskdakı qızıl ehtiyatını üç hissəyə bölərək İrkutska, Çitaya və Tobolska göndərib.

Bu məlumat tam dəqiq deyil. Lakin “Tobolsk qızılı”.və “Çita qızılı” ətrafında yaranmış əfsanələr ayrıca araşdırılmağa dəyər.

Kolçak Tobolska xüsusi olaraq qızıl göndərməmişdi. Şəhərin bankında təxminən 30 ton qızıl saxlanılırdı. Bu ehtiyat hələ Ufadan Omska daşınma zamanı əsas yükdən ayrılmışdı. Qərar Müvəqqəti Sibir Hökumətinin təşəbbüsü ilə verilmişdi. Məqsəd bütün qiymətli ehtiyatı bir yerdə saxlamaqla yaranan riski azaltmaq idi.

1919-cu ilin oktyabrında Tobolsk şəhərinin bolşeviklərin əlinə keçməsi təhlükəsi yarananda Kolçak qiymətli əşyaların gəmilərə yüklənərək Tobol çayı, İrtış və Ob çayları vasitəsilə hələ təhlükəsiz sayılan Tomska göndərilməsini əmr etdi.

Lakin Surqut yaxınlığında Ob çayı dondu. “Permyak” gəmisi və onu müşayiət edən digər gəmilər buzların arasında qaldı.

Baş verənlər barədə teleqram alan Kolçak qiymətli əşyaların bir hissəsinin xizəklərə yüklənərək qış yolları ilə, Narım istiqamətindən Novonikolayevskə (indiki Novosibirsk) daşınmasını əmr etdi. Qalan hissənin isə bir versiyaya görə, gizlədilməsi tapşırıldı.

Bundan sonra hadisələrin gedişi qaranlıq qalır.

Məlum olan odur ki, Novonikolayevskə cəmi 5 ton qızıl çatdırıla bilib. Qalan 25 tonun taleyi isə bu günədək dəqiq məlum deyil.

Guya mühacirətə gedən zabitlərin gündəlikləri üzə çıxıb və həmin qeydlərdə qiymətli əşyaların tayqada basdırılmasından bəhs olunur. Elə bu məlumatlardan sonra “Tobolsk xəzinəsi” ətrafında yeni əfsanələr yaranıb.

1930-cu illərdə, 1960-cı illərdə Nyaqan və Surqut ətrafında geniş axtarışlar aparılıb. 2000-ci illərdə və hətta 2020-ci illərdə georadarlar və dronlardan istifadə etməklə bu xəzinənin izi axtarılıb. Ancaq indiyədək heç bir ciddi nəticə əldə olunmayıb.

Bu məsələdə vəziyyət nisbətən aydındır. Kolçak qızılı Çitaya sadəcə saxlanmaq məqsədilə göndərilməmişdi. Təxminən 37 ton qızıl ataman Semyonovun sərəncamına verilmişdi. Bu vəsait onun Uzaq Şərqdəki ordusunun təminatına yönəldilməli idi.

Lakin sonradan Semyonov özünü müstəqil hökmdar kimi aparmağa başladı. Hətta Vladivostoka, Antanta nümayəndələrinə silah-sursatın ödənişi üçün göndərilən qızıl eşelonlarından birini də saxladı.

Bununla belə, “Çita qızılı”, daha dəqiq desək, “Semyonov qızılı”nın taleyi əsasən məlumdur.

Onun böyük hissəsi atamanın ordusunun ehtiyaclarına sərf edildi. Bir qisminin Yaponiya hərbi missiyasına girov kimi verildiyi bildirilir. Təxminən 5 ton qızılı isə Semyonov 1920-ci ilin oktyabrında qırmızıların təzyiqi altında Daurskaya geri çəkilərkən özü ilə apardı.

Bu gün də həmin qızıl yeşiklərini Zabaykal diyarında, Amur vilayətində və qismən Monqolustan ərazisində axtaranlar var.

Qızıl ehtiyatının geri qayıdışı

Kolçak qızılının iki ayrı hissəsinin taleyinə aydınlıq gətirdikdən sonra əsas ehtiyata qayıdaq.

Qızıl ehtiyatı Omskdan İrkutska təxliyə edilərkən onun həcmi 311 ton təşkil edirdi. Bu, Kolçakın sərəncamına keçmiş ilkin ehtiyatın təxminən 62 faizi demək idi.

Qızılın əhəmiyyətli hissəsi Vladivostok vasitəsilə Antanta ölkələrinə və Yaponiyaya silah-sursat alınması üçün ödənilmişdi. Yeri gəlmişkən, yaponlar Kolçaka vəd etdikləri silahların bir hissəsini göndərməmişdilər. Digər xərclərə hökumətin gündəlik fəaliyyəti, ordunun saxlanılması və Semyonov kimi ayrı-ayrı hərbi qüvvələrin maliyyələşdirilməsi daxil idi.

1919-cu ilin noyabrında dörd qızıl eşelonu güclü mühafizə altında Omskdan İrkutska yola düşdü. Lakin uzun və təhlükəli yol itkisiz ötüşmədi.

İlk ciddi hadisə Tayqa stansiyasında baş verdi. Dezertirlərdən ibarət yerli quldur dəstəsi qatarın sonundakı bir neçə vaqonu lomlarla açmağa müvəffəq oldu. Hadisə gecə baş vermişdi. Mühafizəçilər atəş açaraq qızılın bir hissəsini qorumağa çalışsalar da, quldurlar təxminən 5 ton qiymətli metalı ələ keçirib meşəyə apardılar.

Bu hadisədən sonra “Kolçakın Tayqa qızılı” əfsanəsi yarandı. Həmin qızılın meşədə basdırıldığı güman edilir. Lakin yeşiklərin məhz torpağa basdırıldığını təsdiqləyən etibarlı məlumat yoxdur.

İkinci itki yolun sonuna yaxın, Tırət stansiyasında qeydə alındı. Kolçak hökumətinin Dövlət Bankının direktor vəzifəsini icra edən Kazanovski vaqonlardan birində kobud hazırlanmış, açıq-aşkar saxta plombalar aşkar etdi.

Vaqon açılaraq yoxlanıldı. Nəticədə 13 yeşiyin, ümumilikdə 620 kiloqram qızılın çatışmadığı məlum oldu. Bu oğurluğu kimin törətdiyi müəyyənləşdirilmədi. Beləliklə, Tırət itkisi də qızıl ehtiyatının ümumi kəsirinə əlavə olundu. Kolçakın qızılı İrkutska artıq başqa siyasi qüvvələrin nəzarəti altında çatdı.

Əvvəlcə bütün qızıl eşelonları İrkutsk quberniya mərkəzindən təxminən 470 verst aralıda yerləşən Nijneudinsk stansiyasında toplandı. Məhz burada Ali Hökmdar Kolçak hakimiyyətdən imtina etdiyini bildirən sənədə imza atdı.

Qızıl ehtiyatı daha sonra menşeviklər və eserlərdən ibarət yeni İrkutsk hökumətinin – Siyasi Mərkəzin sərəncamına verildi. Çexoslovak korpusunun mühafizəsi altında qatarlar İrkutska gətirildi.

Bundan sonra qızılın Baykal gölündə batırılması barədə əfsanələr geniş yayılmağa başladı. Lakin bu iddiaları təsdiqləyən etibarlı sübut yoxdur.

Əslində, qızılın böyük hissəsi İrkutskda qaldı və sonradan bolşeviklərin əlinə keçdi. Siyasi Mərkəz Kolçakı və onunla birlikdə qızıl ehtiyatını sovet hakimiyyətinə təhvil verdi. Lakin təhvil-təslim zamanı ehtiyatdan təxminən 27 ton qızıl ayrıldı.

Nəticədə bolşeviklərin əlinə 273 ton qızıl keçdi. Bu ehtiyat bir neçə mərhələdə Moskvaya daşındı.

Transsibir magistralı boyunca xəzinə əfsanələri

Beləliklə, Rusiya imperiyasının qızıl ehtiyatının taleyi, ümumi mənzərədə, aydınlaşır.

Əgər 1917-ci ildəki 950 ton qızılı 100 faiz qəbul etsək, bütün siyasi çevrilişlərdən, müharibələrdən, daşınmalardan və itkilərdən sonra bolşeviklərin sərəncamına təxminən 670 ton, yəni ilkin ehtiyatın 70 faizi keçdi.

Qalan hissə isə ağqvardiyaçıların hərbi və dövlət xərclərinə, silah-sursat alışına, müxtəlif ödənişlərə və oğurluqlara sərf olundu.

“Kolçak qızılı” haqqında əfsanələrə Transsibir magistralının şərq hissəsində yerləşən, demək olar ki, hər yaşayış məntəqəsində rast gəlmək mümkündür. Hər bölgədə qızılın guya yaxınlıqda basdırıldığını söyləyən bir əhvalat, bir şahid və ya hansısa köhnə xəritə tapılır.

Nəzəri baxımdan, qızılı ələ keçirən şəxslərin onu dəmir yolundan çox da uzaq olmayan yerdə müvəqqəti gizlətməsi mümkündür. Çünki həmin dövrdə bir çoxları geri qayıdaraq xəzinəni götürəcəklərinə ümid edirdilər. Ancaq Vətəndaş müharibəsi şəraitində insanların taleyinin necə dəyişə biləcəyini təsəvvür etmək çətin deyil.

Digər tərəfdən, Sibir ərazisi o qədər genişdir ki, ciddi axtarış ekspedisiyasının təşkili bəzən ehtimal olunan tapıntının dəyərindən qat-qat baha başa gələ bilər.

Bir fakt isə dəyişməz olaraq qalır: yüz ildən artıq müddətdə bu ərazilərdə axtarılan əfsanəvi xəzinələrdən heç biri barədə qəti və etibarlı sübut ortaya qoyulmayıb.

Beləliklə, imperiyanın qızılı böyük ölçüdə öz yolunu taparaq sovet anbarlarına çatdı. Lakin bu sərvətin sahibi olmuş, bir vaxtlar onun taleyinə qərar verən admiral Kolçakın öz taleyi tamam başqa cür başa çatdı.

Onun həyat yolu 1920-ci ilin martında İrkutskda faciəvi şəkildə sona çatdı. Admiralın son saatlarında baş verənlərin təfərrüatları isə aradan yüz ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də tarixçilər arasında mübahisə doğurur.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki