Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran 11 noyabr – Milli Ağacəkmə Günü münasibətilə müraciət yayıb. O, hər bir fidanın daha yaşıl Türkiyə və daha yaşana bilən dünya naminə mühüm töhfə olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, Duran bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 2019-cu ildə təsis edilən 11 Noyabr Milli Ağacəkmə Günü Türkiyədə “Yaşıl Vətən”in qorunması və gələcək nəsillərə daha sağlam ətraf mühitin ötürülməsi iradəsinin təzahürüdür.
Kommunikasiya İdarəsinin rəhbərinin sözlərinə görə, builki ağacəkmə səfərbərliyi “Gələcək üçün nəfəs, dünya üçün sülh” şüarı altında həyata keçirilir. O vurğulayıb ki, bu təşəbbüs Türkiyənin Antalyada ev sahibliyi etdiyi və sədrliyini həyata keçirdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı – COP31 prosesinə də xüsusi məna qazandırır.
Duran iqlim dəyişikliyi ilə mübarizənin yalnız beynəlxalq görüşlərdə qəbul edilən qərarlarla məhdudlaşmadığını, təbiətin qorunmasına yönələn konkret addımların da vacib olduğunu diqqətə çatdırıb.
“Əkilən hər bir fidanın daha yaşıl Türkiyəyə və daha yaşana bilən dünyaya töhfə verəcəyinə inanırıq”, – deyə o bildirib.
Duran ağacəkmə kampaniyasına töhfə verən hər kəsə təşəkkür edib və vətəndaşları Milli Ağacəkmə Günü münasibətilə təbrik edib.





















