ABŞ-İran müharibəsində hansısa danışıqlardan söhbət gedir. Müharibənin dayanması üçün tərəflərdən biri geri addım atmalıdır.
İranın geri addım atması belə olardı: Hormuz boğazı açılır, zənginləşdirilmiş uran ehtiyatı təhvil verilir, raket proqramı sonlanır, proksilərə yardım dayanır və s. Mümkündürmü? Ehtimal son dərəcə kiçikdir. İran rejimi geri addım atarsa, çökəcək.
ABŞ-nin geri addım atması atəşkəs və ya müharibənin dayandırılmasıdır. ABŞ-İsrail tandemi buna gedərmi? Müharibə bu etapda dayanarsa, İran heç zaman əldə etmədiyi geosiyasi immunitet əldə edərdi. Belə halda Tehran nüvə silahı istehsalını sürətləndirər, raket mənzillərini Birləşmiş Ştatlara çatacaq həddə gətirərdi. Buna nə Vaşinqton, nə də Tel-Əviv heç vəchlə razılaşmaz. Deməli, danışıq imitasiyalarına baxmayaraq müharibə davam edəcək. Belə görünür.
Müharibənin dayanması üçün tərəflərdən biri məğlub edilməlidir. İranın ABŞ-ni hərbi cəhətdən məğlub etməsi mümkünsüzdür. Eyni zamanda, müharibənin uzanmasının hər keçən günü Birləşmiş Ştatların dünya hegemonu statusunun təməlini laxladır. Misli görünməmiş enerji böhranı dünya iqtisadiyyatına ağır zərbə vurur. Bu zərbə müasir dünya iqtisadiyyatının bel sütunu olan Amerika iqtisadiyyatını da çökdürür. Körfəzin neft monarxiyalarındakı böyük kapitalın çox əhəmiyyətli hissəsi Amerika şirkətlərinə məxsusdur.

Körfəzin monarxiyalarının çökməsi çox böyük həcmli ABŞ kapitalının sıfırlanması və “petro-dollar” sisteminin də çökməsi deməkdir. Çöküşün ilk simptomları görünür. ABŞ-nin nəzarətində olan və bəzi məlumatlara görə 30 trilyon dollarlıq kapitalı yönləndirən “BlackRock” şirkəti müştərilərinə dividend ödəmələrini dayandırıb. Bu davam edərsə, Amerika maliyyə sisteminə və ABŞ dollarına olan etibar sarsılacaq.

Böhranı önləmək və Amerikanın etibarını bərpa etmək üçün Tramp bir tərəfdən maliyyə bazarlarını rahatlaşdıran sülh siqnalları verir. Digər tərəfdən isə Tramp bölgəyə quru qoşunları göndərir, əllə tutulacaq hansısa qələbə əldə etməyə çalışır. Başqa variant yoxdur. Ağıla gələn variantlar arasında nüvə silahına əl atmaq da var. Lakin bu, ABŞ-İsrail cütlüyünün özü üçün də çox böyük fəlakətin başlanğıcı olardı.
Quru əməliyyatının uğurlu və uğursuz variantlarına baxaq. Əməliyyat uğurlu olacaqsa, ABŞ və müttəfiqləri Xark adasını işğal edib İran neftini nəzarətə götürəcək, Bəndər-Abbas və digər sahil bölgələrindən İran qoşunlarını qovub Hormuz boğazını açacaqlar. Bu halda İran rejimi neft-qaz gəlirlərindən məhrum olar, vəsait çatışmazlığı 90 milyonluq çoxmillətli ölkəni içəridən partladar. Qaçılmaz vətəndaş müharibəsi bölgəni misilsiz fəlakətlərə sürükləyər.

Quru əməliyyatının uğursuz nəticəsi ABŞ üçün məğlubiyyət, bölgə üçünsə əsl cəhənnəm ssenarisinə də çevrilə bilər. Bu ssenarinin təfərrüatlarını ingilisdilli və rusdilli media məkanında İran hakimiyyətindəki şovinist farsların və sionizmə xidmət edən şəbəkənin təmsilçisi, Tehran Universitetinin professoru Seyid Marandi açıqlayır.
Marandinin əsas tezislərinə baxaq: “ABŞ quru əməliyyatı uğursuz olacaq. İran Körfəzin varlı monarxiyalarını çoxmilyardlı təzminatlara zorlayacaq və dəyən ziyanı onlara ödətdirəcək. ABŞ və Qərbə bağlı bütün təsisatlar, o cümlədən Azərbaycanın neft-qaz təsisatları məhv ediləcək. İraqdakı şiə hərbi qrupları Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanını əzib keçəcək, o monarxiyaları devirəcək. Yəməndəki husilər Bab əl-Məndəb boğazını bağlayacaq. Azərbaycan İsraillə, Türkiyə isə ABŞ ilə əlaqələrinə görə məsuliyyət daşıyacaq”.
Başqa sözlə, Marandi İran rejiminin içərindəki bəzi şovinist -terrorçu qüvvələrin niyyətlərini açıqlayır. Əslində həm də İsrailin maraqlarına xidmət edən bu qüvvələrin əsl niyyəti fars-türk və sünni-şiə müharibələrinə səbəb olmaqdır.

Lakin zavallı marandilər İrandakı 45 milyon türkün gücünü yaddan çıxarır. Hansı ki, onlar getdikcə daha çox İran hakimiyyətində də, ordusunda da söz sahibinə çevrilirlər. Bu qüvvələr təbii ki, müharibənin istiqamətinin dəyişməsinə, İranın Azərbaycan və Türkiyə ilə savaşa girməsinə imkan verməzlər… Ancaq bu zaman İsrail və ABŞ ilə eyni mövqedən çıxış edən bəzi Körfəz ölklərinin real təhdid altına düşəcəyini istisna etmək olmaz.
Ekspertlərin böyük əksəriyyəti İrana qarşı quru əməliyyatının uğurlu olacağına inanmır. Sual yaranır: quru əməliyyatı uğursuz olarsa, ABŞ-İsrail tandeminin B variantı varmı?
Çox da açıqlanmır, amma bu variant mövcuddur və həmin variantın hazırlığı da aparılır. Söhbət İranın enerji strukturlarının total dağıdılmasından gedir. Böyük ehtimalla quru əməliyyatı uğursuz olarsa, amerikalılar İranın elektrik sistemini və neft-qaz təsisatlarını kökündən yox edəcək.

Tehran rejimi də bu variantın cavabını açıqlayıb: SEPAH Körfəzdəki ərəb dövlətlərinin hamısının elektrik, neft-qaz və şirin su istehsalı təsisatlarını darmadağın edəcək. Paralel olaraq, Marandinin də elan etdiyi kimi, şiə milis qrupları və Yəmən husiləri hərəkətə keçirilə, bu isə sözün tam mənasında bölgənin cəhənnəmə çevrilməsinə səbəb ola bilər. Bu, İsrailin çoxdan arzuladığı və qurğuladığı ssenaridir. Quru əməliyyatı uğursuzluğa düçar olacaqsa, ABŞ-nin də bu plana qoşulmaqdan başqa yolu qalmayacaq.
Ancaq təbii ki, bütün bunların baş verməsi üçün ABŞ-nin quru əməliyyatlarına başlaması lazımdır. Başlayacaqmı, zaman göstərəcək…“AzPolitika.info”





















