image-1backend

ABŞ Ukraynaya ayrılmış 400 milyon dollarlıq hərbi yardımı dayandırır – senator  

image-ads-728x90

ABŞ Konqresi tərəfindən Ukraynaya ayrılmış 400 milyon dollarlıq hərbi yardım paketinin verilməsi dayandırılıb. Korrekt.az xəbər verir ki, bu barədə ABŞ senatoru Dik Durbin bildirib.

Senatorun sözlərinə görə, sözügedən vəsait Pentaqonun həyata keçirdiyi Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) çərçivəsində ayrılıb və Ukraynaya təlim, hərbi texnika və məsləhət dəstəyi göstərilməsi üçün nəzərdə tutulub.

Dik Durbin Senatda keçirilən dinləmələr zamanı bildirib ki, yanvar ayında Konqres tərəfindən təsdiqlənən maliyyə paketi hələ də Kiyevə çatdırılmayıb.

“Hazırkı ödəniş planına əsasən, bu vəsaitin 2029-cu maliyyə ilinə qədər istifadə olunması mümkün görünür. Faktiki olaraq, yeni prezident vəzifəyə başlayana qədər bu maliyyənin əlçatan olmayacağı bildirilir”, – deyə senator qeyd edib.

Dinləmələrdə iştirak edən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə bu gecikmədən xəbərsiz olduğunu bildirib və məsələnin mülki rəhbərlik səviyyəsində araşdırılmalı olduğunu deyib.

Ağ Ev isə yardım paketinin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Daha əvvəl dövlət katibi Marko Rubio bildirib ki, maliyyələşdirmə ilə bağlı qərar hökumətdaxili razılaşdırma mərhələsindədir və yaxın vaxtlarda bununla bağlı məlumat veriləcək.

Bundan əvvəl The Washington Post qəzeti ABŞ administrasiyasının Ukraynaya ayrılmış vəsaitin bir hissəsini İranla bağlı hərbi əməliyyatlar fonunda tükənən ABŞ silah ehtiyatlarının bərpasına yönəltməyi nəzərdən keçirdiyini yazmışdı.

Senator Miç Makkonnell də daha əvvəl çıxışında Konqresin təsdiqlədiyi 400 milyon dollarlıq yardım paketinin hələ də istifadə olunmadığını və Pentaqonda gözlədiyini bildirmişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələsində əvvəlki administrasiyadan fərqli mövqe sərgiləyir. Tramp dəfələrlə bəyan edib ki, gələcəkdə Kiyevə göstərilən hərbi dəstəyin əsas maliyyə yükünü Avropa müttəfiqləri daşımalıdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Qərbi ölkəsinin silah təminatındakı gecikmələrin cəbhədə vəziyyətə mənfi təsir göstərdiyini dəfələrlə vurğulayıb. Rusiya isə Qərbin Ukraynaya hərbi yardımının münaqişəni daha da uzatdığını və bunun Moskvanın hərbi məqsədlərinə mane olmayacağını bəyan edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki