image-578112backend

ADY-də ata adı sistemə sığmır, amma 5 manatlıq cərimə sığır – Qurum hələ də rəqəmsallaşa bilmir

image-ads-728x90
Sonuncu hadisə isə olduqca absurd sual doğurur: Əgər bilet sistemi sərnişinə ata adı olmadan bilet almağa imkan verirsə, niyə sonradan həmin sərnişindən buna görə 5 manat tələb olunur?
Sərnişin Anar Vəliyevin bildirdiyinə görə, Bakıdan Qazaxa qatarla gedərkən yoxlama zamanı əməkdaşlar biletdə ata adının qeyd edilmədiyini əsas gətirərək ondan 5 manat ödəniş tələb ediblər. Anar Vəliyev bu məbləği ödəyib, lakin ödənişə görə qəbz istədikdə ona hər hansı qəbz və ya ödənişi təsdiq edən sənəd təqdim edilməyib. Məsələ sosial şəbəkədə ictimailəşəndən saatlar sonra qəbz təqdim edilib.
Bu 5 manat hansı hüquqi əsasla tələb olunub? Ödənişin rəsmi qəbzi niyə verilməyib? Və ən əsası, sərnişin bilet alarkən sistem niyə onu bu səhvdən xəbərdar etməyib?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev məsələ ilə bağlı diqqətçəkən məqama toxunur. O qeyd edir ki, Biletim.az platformasında şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu daxil edilərkən vətəndaşın əsas məlumatları sistemdə avtomatik formalaşır. “Yolumuz Qarabağa” xidməti də mygov platformasına inteqrasiya olunub.
Deməli, texniki imkan mövcuddur.
O halda sual sadədir: ADY-nin bilet sistemində niyə eyni yanaşma tətbiq edilmir?
Əgər ata adı sərnişinin identifikasiyası üçün zəruridirsə, FİN kodu daxil ediləndə ata adı da avtomatik sistemə düşməlidir. Əgər bu texniki olaraq mümkün deyilsə, sistem sərnişinə ata adı olmadan bilet almağa ümumiyyətlə imkan verməməlidir.
Bunun əvəzinə nə baş verir?
Sistem biletin alınmasına icazə verir. Sərnişin pulunu ödəyir. Qatarına minir. Daha sonra isə yoxlama zamanı ona deyilir ki, biletdə ata adı yoxdur və bunun üçün əlavə 5 manat ödəməlidir.
Bu, rəqəmsal xidmət məntiqinə tamamilə ziddir.
Daha maraqlısı isə ADY sözçüsü Bəxtiyar Hacıyevin açıqlamasıdır. Onun sözlərinə görə, doldurulması vacib olan xanalarda ulduz işarəsi olduğu kimi, ata adının qeyd olunduğu xanada da ulduz işarəsi var və “ata adı yoxdursa, boş saxlayın” qeydi yazılıb.
Bu izah problemi həll etmir, əksinə, daha çox sual yaradır.
Çünki sərnişin deyir ki, bilet sistemində ona bilet almağa icazə verilib. Əgər ata adı həqiqətən məcburi məlumatdırsa, sistem niyə prosesi dayandırmayıb? Niyə “bu məlumatı daxil etmədən bilet ala bilməzsiniz” xəbərdarlığı çıxmayıb?
Sərnişindən ödəniş tələb etmək asandır. Amma vətəndaşın qarşısına əvvəlcədən aydın və işlək sistem qoymaq daha vacibdir.
Üstəlik, Bəxtiyar Hacıyev sərnişinlərin bilet alarkən qaydalarla tanış olduğunu təsdiqlədiyini və qaydaların diqqətlə oxunmasını xahiş etdiklərini bildirir.
Amma burada da məsuliyyətin bütünlüklə sərnişinin üzərinə atılması düzgün yanaşma deyil.
Rəqəmsal sistemin əsas vəzifəsi vətəndaşı səhvə sürükləmək yox, səhvin qarşısını almaqdır.
Əgər sistemdə ata adı vacibdirsə, onu avtomatik tələb etsin. Əgər avtomatik gətirmək mümkün deyilsə, boş buraxmağa icazə verməsin. Əgər boş buraxmaq mümkündürsə, sonradan buna görə sərnişindən pul tələb edilməsinin hüquqi və texniki əsasını açıq şəkildə izah etsin.
Bunların heç biri edilmirsə, ortaya belə bir mənzərə çıxır: sistem vətəndaşa səhv etməyə imkan verir, sonra isə həmin səhvə görə vətəndaşdan pul alınır.
Bu, sərnişin məmnuniyyəti deyil.
Bu, sistemin sərnişini qorumaq əvəzinə sərnişinə qarşı işləməsi təəssüratını yaradır.
Daha bir ciddi məsələ isə qəbz məsələsidir. Vətəndaşdan 5 manat alınıbsa, bu ödənişin rəsmi sənədi niyə həmin an təqdim edilməyib? Sərnişin pul ödəyirsə, onun əvəzində ödənişi təsdiq edən sənəd almaq hüququ necə təmin olunur?
ADY-nin bu suala da konkret cavab verməsi vacibdir, sual ətrafında manevr etmədi yox!
ADY ilə bağlı son dövrlərdə qatarların gecikməsi, bilet satışı, sərnişinlərin məlumatlandırılması və xidmətin təşkili ilə bağlı sosial şəbəkələrdə və mediada çoxsaylı narazılıqların səslənməsi də bu hadisəni ayrıca bir epizod kimi yox, daha geniş xidmət problemi kontekstində qiymətləndirməyə əsas verir.
Hər dəfə sərnişinə “qaydaları oxuyun” deməklə məsələni bağlamaq mümkün deyil. Qayda varsa, sistem onu tətbiq etməlidir. Ödəniş varsa, onun hüquqi əsası və qəbzi olmalıdır.
Məlumat tələb olunursa, rəqəmsal sistem həmin məlumatın düzgün daxil edilməsini təmin etməlidir.
Və ən əsası, vətəndaş bilet alarkən sistemin yaratdığı boşluğun məsuliyyətini qatarın içində ödəməli olmamalıdır.
Rəqəmsallaşma yalnız “mygov” sözünü işlətməklə başa çatmır. Rəqəmsallaşma o deməkdir ki, vətəndaşın işi asanlaşır, məlumatlar avtomatik tanınır, insan səhvi minimuma endirilir və xidmət şəffaf olur.
ADY-nin qarşısında da sadə bir seçim var: ya sistemdəki problemi düzəltmək, ya da həmin problemin məsuliyyətini sərnişinin üzərinə qoymağa davam etmək.
Sərnişinin verdiyi sual isə hələ də cavabsızdır:
Ata adı sistem üçün bu qədər vacib idisə, niyə bilet satışında məcburi edilmədi?
Sistem sərnişinə səhv etməyə imkan veribsə, niyə bunun əvəzini yenə sərnişin ödəməlidir?urbaninfo


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki