image-fb_img_1787341665038backend

Ülvi Quliyev: “Azərbaycan-Özbəkistan müttəfiqliyi TDT-nin güclənməsinə əməli töhfədir”

image-ads-728x90

“Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ərəfəsində qardaş ölkənin Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə və müsahibə boyunca səsləndirdiyi fikirlər əyani şəkildə göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi deklarativ xarakter daşımır”.

Korrekt.az xəbər verir ki, bunu Milli Məclisin Deputatı Ülvi Quliyev deyib. Deputat bildirib ki, liderlərin siyasi iradəsi və Türk dünyasının birliyinə xidmət edən ortaq vizyonları sayəsində müttəfiqlik münasibətlərimiz bu gün institusional qərarlarla möhkəmləndirilir:

“Ölkələrimiz arasında əlaqələrin real vəziyyətini görmək üçün rəqəmlərə diqqət yetirmək kifayətdir. Çünki statistik məlumatlar obyektiv mənbə kimi daha dolğun təsəvvürün yaranmasına imkan verir. Prezident İlham Əliyev, elə bu səbəbdən, müsahibədə onlardan bir neçəsini ictimaiyyətin diqqətinə çatdırdı. 2024-cü illə müqayisədə ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. 2026-cı ilin yanvar-may aylarında isə bu artım ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz təşkil edir. Əlaqələrin inkişaf səviyyəsi tranzit daşımalarında özünü daha aydın göstərir: keçən il daşımaların həcmində 6,7 faiz, bu ilin yanvar-iyun aylarında isə 12,2 faiz artım müşahidə olunur. Bu həm də o deməkdir ki, Mərkəzi Asiyanı Azərbaycan və qardaş Türkiyə üzərindən Avropaya bağlayacaq Orta Dəhliz layihəsinin tam işlək vəziyyətə gətirilməsi üçün konkret addımlar atılır.

Sirr deyil ki, dünya düzəninin yenidən formalaşması prosesi bu gün özünün aktiv fazasını yaşayır. Nüfuzlu beyin mərkəzlərinin qiymətləndirmələrinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya bu nəhəng geosiyasi transformasiyanın strateji tərkib hissəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam və mütləq mənada bərpa etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallığın yaranmasına müvəffəq olub. Özbəkistan isə Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi və müstəqil xarici kursu sayəsində Mərkəzi Asiya coğrafiyasının strateji mərkəzlərindən birinə çevrilib.

Aydındır ki, minerallardan tutmuş ənənəvi enerji mənbələrinə qədər bütün təbii sərvətlər, həmçinin coğrafi üstünlük istənilən ölkə üçün siyasi-iqtisadi dividendlər yaradır. Lakin tarix və müasir dünya reallığı sübut edir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzən təbii sərvətlər və coğrafi üstünlük dividendlərdən daha çox başağrısına da çevrilə bilir. Yaxın Şərqdə, İslam dünyasında bunun çoxsaylı nümunələri mövcuddur. Təəssüf ki, bu cür mənzərənin əsas səbəblərindən biri həmin ölkələrə rəhbərlik etmiş bəzi liderlərin müstəqil siyasi kursdan uzaqlaşması və xarici aktorlardan asılı vəziyyətə düşmələri ilə bağlı olub.

Bu kimi faktlar Azərbaycan Prezidentinin bir müddət əvvəl verdiyi bəyanatında nə qədər haqlı olduğunu dönə-dönə təsdiq edir: “Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”.

Parlamentari fikrini belə davam etdirib:

“Son beş ildə Azərbaycan və Özbəkistan Prezidentlərinin 15 qarşılıqlı səfəri, şübhəsiz ki, ali siyasi iradənin təzahürüdür, eyni zamanda, hər iki Liderin siyasi vizyonunun tam mənada üst-üstə düşdüyünün təsdiqidir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsində səsləndirdiyi bu açıqlama isə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin artıq institusional təməllərə söykəndiyini təsbit edir: “Bununla yanaşı, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi”.

Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə yekdilliklə tamhüquqlu uzv qəbul olunması qərarının məhz Özbəkistanın ev sahibliyi etdiyi tədbirdə verilməsi təsadüf və ya sıradan bir rəmz kimi dəyərləndirilməməlidir. Prezident İlham Əliyevin müsahibədə bu tarixi hadisəyə xüsusi diqqət ayırması, zənnimcə, həm də bu baxış bucağından təhlil olunmalıdır: “Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir”.

Sözsüz ki, Azərbaycan-Özbəkistan əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, bir tərəfdən, ikitərəfli münasibətlərin inkişaf göstəricisidirsə, digər tərəfdən, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya prosesinin dərinləşdirilməsinə verilən əməli töhfə kimi qiymətləndirilməlidir. Cənab Prezidentin müsahibədə TDT-yə və bütövlükdə Türk dünyasına geniş yer ayırması Azərbaycanın qardaş Türkiyə ilə birgə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrə daha geniş və strateji müstəvidən yanaşdığını nümayiş etdirir. Bir-biri ilə ortaq tarix və milli-mənəvi dəyərlərlə təbii şəkildə bağlı olan xalqlar üçün TDT-nin yerinə yetirdiyi tarixi missiyanın əhəmiyyətini Prezident İlham Əliyevin növbəti açıqlamasında aydın şəkildə görmək mümkündür: “Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir”.

Türk dünyasının çoxəsrlik, xüsusilə son iki yüzillik tarixində ilk dəfədir ki, türk xalqlarının möhkəm təməllər üzərində birləşməsi üçün tarixi fürsət yaranıb. Bu imkanı bədxahlarımız da görür və daha çox pərdə arxasında hər şeyi edirlər ki, prosesə mane olsunlar. Lakin onlar da anlayır və görürlər ki, bu fürsətin yaradılmasında Türk dünyasının bugünkü Liderlərinin müstəsna xidmətləri var və ən başlıcası, ortaq siyasi iradə mövcuddur. Tarixi Zəfərimizi həzm edə bilməmələrinin əsas səbəblərindən biri də elə budur. Çünki bilirlər ki, Azərbaycanın savaş meydanında və siyasi-diplomatik müstəvidə əldə etdiyi Qələbə, Cənubi Qafqazda yaratdığ yeni reallıq Türk dünyasının oyanışında bənzərsiz missiya yerinə yetirir. Onu da başa düşürlər ki, Azərbaycanın əldə etdiyi Zəfər həm də bütövlükdə Türk dünyasının mənəvi Qələbəsidir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki