image-1backend

Brilyant ayaqqabılardan “Lamborghini”yə: rusiyalı oliqarxın övladlarının milyonluq həyatı

image-ads-728x90

Rusiyanın ən varlı ailələrindən biri olan Altuşkinlər yenidən diqqət mərkəzinə düşüb. Oliqarx İqor Altuşkinin övladlarının Avropadakı əmlakı, dəbdəbəli avtomobilləri və yeni biznes layihələri ilə bağlı maraqlı detallar üzə çıxıb.

Korrekt.az  xəbər verir ki, bənövşəyi “Lamborghini”si ilə tanınan David Altuşkinin böyük qardaşı, 25 yaşlı Timofey Altuşkin bu yay “Elektroprivod” şirkətlər qrupuna daxil olan Yekaterinburqdakı “Elektroprivod İnjinirinq” və Moskvadakı “Elektroprivod” şirkətlərinin hər birində 34 faizlik pay əldə edib.

“Elektroprivod” Ukrayna müharibəsindən əvvəl İsveç-İsveçrə mənşəli transmilli ABB (Asea Brown Boveri) qrupunun tərkibində olub. ABB Rusiya bazarını tərk etdikdən sonra onun yerli biznesi rusiyalı top-menecerlərə keçib.

Açıq məlumatlara əsasən, “Elektroprivod” ABB və digər sənaye elektronikası brendlərinin məhsullarını təkcə Çindən deyil, Finlandiya, İsveçrə, Bolqarıstan və Estoniyadan da Rusiyaya gətirib. Şirkətin müştəriləri sırasında aviasiya sənayesi üçün məhsullar istehsal edən KUMZ zavodu da göstərilir. KUMZ isə dövlət müqavilələri çərçivəsində “Votkinsk zavodu”, “Yakovlev” və “Suxoy” kimi Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli müəssisələri təchiz edir.

Araşdırmanın daha rəngarəng hissəsi isə Altuşkin ailəsinin Avropadakı həyatına aiddir.

Rusiya Mis Şirkətinin (RMK) sahibi İqor Altuşkinin həyat yoldaşı Tatyana Altuşkina 2011-ci ildən Britaniya seçici siyahılarında qeydiyyatda olub. Araşdırma müəllifləri onun uşaqlarının da Britaniya vətəndaşlığı almaq hüququna malik olduğunu bildirirlər. Ailənin Londonun prestijli Holland Park rayonunda malikanə aldığı, Tatyananın yaxınlıqda ayrıca beşotaqlı mənzilinin olduğu da qeyd edilir.

Ailənin böyük oğlu Aleksandr Altuşkin də həmin London ünvanını 2010-cu ildə Lüksemburqda yerləşən GN Holding S.A. şirkətinə direktor təyin edilərkən rəsmi sənədlərdə göstərib. Sonradan şirkətin adı GA International Fashion SA olaraq dəyişdirilib.

Aleksandrın həmin biznesdə tərəfdaşı italyan modelyer Ancelo Qalasso (Angelo Galasso) olub. Qalasso iki il sonra Moskvada son dərəcə dəbdəbəli butik açmışdı. Burada hətta brilyantlarla bəzədilmiş kişi ayaqqabıları satılır, mağazanın qapılarının isə qızıldan olduğu bildirilirdi. Butikin Rusiyadakı hüquqi şəxsi məhz Altuşkin və Qalassonun Lüksemburq şirkətinə məxsus olub.

Ailənin digər üzvü David Altuşkin isə Londonda doğulub və bu il 20 yaşı tamam olub. Araşdırmada onun kiçik bacısı Kseniyanın da Londonda dünyaya gəldiyi bildirilir. David artıq bir neçə ildir öz biznesini idarə edir – ona “OIL-LAB RMK” yanacaqdoldurma məntəqələri operatoru məxsusdur.

Lakin gənc sahibkarın biznes göstəriciləri ailənin dəbdəbəli həyatından xeyli fərqlənir. Şirkət 2023-cü ildə 600 min rubl, 2024-cü ildə 3,4 milyon rubl, 2025-ci ildə isə artıq 58 milyon rubl zərər göstərib.

Buna baxmayaraq, şirkət bu il Rusiyada ilk robot-yanacaqdoldurma sistemini işə saldığını elan edib. David Altuşkin daha əvvəl şəbəkəni başqa regionlara genişləndirəcəyini də bildirmişdi.

Ancaq Rusiyada yay aylarında yaranan yanacaq problemləri Altuşkinin elit yanacaqdoldurma məntəqəsindən də yan keçməyib. Müştəri rəylərinə əsasən, iyul-avqust aylarında burada benzinin litri bəzən 120 rubla yaxınlaşıb, bəzi vaxtlarda isə ümumiyyətlə satışda olmayıb.

Beləcə, araşdırmada təsvir olunan Altuşkin ailəsinin biznes mənzərəsi kifayət qədər ziddiyyətlidir: Londonda malikanə, brilyantlı ayaqqabı satılan butik, bənövşəyi “Lamborghini”, Avropadan sənaye avadanlıqları və digər tərəfdə on milyonlarla rubl zərər edən yanacaq biznesi.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki