144 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə tariximizə möhtəşəm Zəfər səhifəsi həkk etdi, əsrlər keçəcək, nəsillər dəyişəcək, bu Zəfər səhifəsi öz parlaqlığı ilə yaşayacaq. Ermənistanın işğalı altında olan ərazilərimizin böyük bir hissəsi ordumuzun gücü ilə qaytarılsa da, amma üç rayonumuz – Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan qaytarıldı.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ildə 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paraddakı çıxışında bildirirdi: “44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı”.
Prezident Əliyev bunun Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz olduğunu vurğuladı və bildirdi ki, Ermənistan bu tələbi yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. “Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”, – deyə Prezident İlham Əliyev qeyd etdi.
Məlum olduğu kimi, Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb.
Beş ildir ki, Azərbaycanın Ağdam rayonu azaddır və özgürlüyünə qovuşub. Ağdam indi özünün tikilib-qurulma, bərpa olunma dövrünü yaşayır.
2020-ci il 20 noyabr tarixi Ağdamın azad olunduğu gündür və artıq 20 noyabr Ağdam Şəhər Günü kimi qeyd olunur.
Ağdam işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev bir neçə dəfə Ağdam rayonuna səfər edib. Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfər etdilər və 27 ildən sonra ölkə başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı, bayrağımız əzəli torpağımızda əzəmətlə dalğalandı. Dosta sevinc, düşmənə dərd verən bu tarixi hadisə unudulmazdır. Ötən beş il ərzində Ağdam sözün həqiqi mənasında günü-gündən inkişaf edir, düşmənin vurduğu yaralarını sarıyıb sağaldır. Düzdür, Ermənistan ötən 27 il müddətində Ağdamı tamamilə darmadağın edərək daşı daş üstə qoymamışdı. Bu gün də Ağdama gedərkən bu acı mənzərənin şahidi oluruq, viran qoyulmuş evləri, binaları görəndə ürəyimiz qan ağlayır. Amma bununla belə, düşmən bizim inanımızı və torpaqlarımızı azad etmək istəyimizi sındıra bilmədi, bu torpaqları azad etdik. Ağdam yenidən qurulur, yenidən öz əvvəlki görkəminə qayıdır. Artıq ikinci ildir ki, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir və ağdamlılar bu günü böyük coşğu ilə qeyd edirlər.
Xatırladaq ki, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
20 Noyabr-Ağdam şəhər günü müasir tariximizdə ayrıca bir yerə malikdir və ağdamlılar bu tarixi günü qeyd etməklə bu yurdun əbədi və əzəli sakinləri olduqlarını bir daha təsdiqləyirlər. Ağdamın bir güllə belə atılmadan geri qaytarılması ölkə başçısının apardığı uğurlu siyasətin bariz nümunəsidir. Əlbəttə, bu, dünya tarixində nadir hadisələrdən biridir ki, düşmən bir güllə atılmadan torpaqları geri qaytarıb. Beş ildir ki, Ağdam ağ günlərini yaşayır və qəhrəman ağdamlılar bu günü onlara yaşadanlara əbədiyyən minnətdardırlar!
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı





















