image-1backend

Alparslan Kuytula qarşı BÖYÜK ƏMƏLİYYAT: Evinə basqın edildi, özü və həyat yoldaşı SAXLANILDI

image-ads-728x90

Türkiyənin Adana şəhərində Furkan Vəqfinin sədri Alparslan Kuytula qarşı səhər saatlarında əməliyyat keçirilib.

Korrekt.az xəbər verir ki, əməliyyat zamanı Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb.

Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları sübh çağı Furkan Vəqfinə qarşı əməliyyat həyata keçiriblər.

Vəqfin təsisçisi Alparslan Kuytulun evinin qarşısına çoxlu sayda polis əməkdaşı cəlb olunub. Evin axtarışından sonra Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul saxlanılıb.

Adana mərkəz olmaqla 6 vilayətdə 49 ünvana eyni vaxtda keçirilən əməliyyat zamanı vəqfin çoxsaylı üzvləri də saxlanılıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ictimaiyyətdə “Kuytulçular” kimi tanınan qurumla bağlı Adana Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 32 şübhəli barəsində hüquqi prosedur başlanıb və beş şirkətə qəyyum təyin olunub.

Şübhəlilər “cinayətkar təşkilat yaratmaq və idarə etmək, təşkilat üzvlüyü, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, külli miqdarda dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Prosessual Məcəlləsinin pozulması” maddələri ilə ittiham olunurlar.

Akın Gürlek vurğulayıb ki, istintaq “hər hansı dini qrupu, inancı və ya düşüncəni” hədəf almır.

Furkan Vəqfinin qərargahı Adana şəhərində yerləşir və qurum uzun illərdir Alparslan Kuytulun adı ilə assosiasiya olunur. Təşkilat daxilində Kuytul “Hocaəfəndi” ləqəbi ilə tanınır.

İslam yönümlü bir qurum olan Furkan Vəqfi son illərdə hökumətə yönələn tənqidləri, tədbirlərinə polis müdaxilələri və ona qarşı keçirilən əməliyyatlarla tez-tez gündəmə gəlib.

Alparslan Kuytul daha əvvəl də saxlanılması və həbs olunması ilə bağlı xəbərlərlə diqqət mərkəzində olub.

Vəqfin təsisçisi Alparslan Kuytul 1965-ci ildə Adanada anadan olub. Onun şəxsi internet səhifəsində yer alan məlumata görə, Kuytul Çukurova Universitetinin Memarlıq-Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi ixtisasını bitirib.

Daha sonra Misirə gedən Kuytul 1993–1997-ci illərdə Əl-Əzhər Universitetinin Şəriət Fakültəsində İslam hüququ üzrə təhsil alıb.

1980-ci illərdə əsasən dini söhbətləri ilə tanınan Kuytul 1988-ci ildə “Kardeşlər” kitab evini yaradıb, 1994-cü ildə isə Furkan Təhsil və Xidmət Vəqfini təsis edib.

Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul da təşkilat daxilində “Hoca xanım” kimi tanınır və qurumun aparıcı simaları sırasında yer alır. Semra Kuytul xüsusilə qadınlara yönəlmiş fəaliyyətləri ilə diqqət çəkir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki