“Artıq çəki oynaq sağlamlığına ən çox təsir edən amillərdən biridir”.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində travmatoloq-ortoped Valid Novruzov açıqlayıb.
Onun sözlərinə görə, insanların çoxu bunu yalnız estetik məsələ kimi qəbul etsə də, əslində artıq çəki ilk növbədə diz və bud-çanaq oynaqlarına əlavə yük deməkdir: “Məsələn, insan yeriyərkən diz oynağına bədən çəkisinin bir neçə qatı qədər təzyiq düşür. Bu səbəbdən hətta bir neçə kilo artıq çəki belə illər ərzində oynaqlarda ciddi aşınmaya səbəb ola bilər. Qığırdaq toxuması zədələndikcə oynaq səthləri bir-birinə sürtünməyə başlayır və nəticədə ağrı, hərəkət məhdudluğu və deformasiya yaranır. Xəstələr çox vaxt “ayağım məni saxlamır”, “pilləkəndən enməkdə çətinlik çəkirəm” və ya “yeriyəndə dizimdən səs gəlir” kimi şikayətlərlə müraciət edirlər. Oynaq dəyişdirilməsinə səbəb olan ən əsas xəstəlik artrozdur. Artroz zamanı oynaq qığırdağı tədricən sıradan çıxır və oynaq öz funksiyasını itirməyə başlayır. Bununla yanaşı, revmatoid artrit kimi iltihabi xəstəliklər də oynaqlarda ciddi zədələnmə yarada bilər. Bud sümüyü başının avaskulyar nekrozu da xüsusilə bud-çanaq oynağının dəyişdirilməsinə səbəb olan əsas problemlərdən biridir. Bundan başqa, köhnə sınıqlar, travmalar və düzgün bitişməyən sümük zədələnmələri də zamanla oynağın sıradan çıxmasına gətirib çıxara bilər. Anadangəlmə oynaq problemləri və bəzi metabolik xəstəliklər də gələcəkdə endoprotez ehtiyacını artıra bilir”.
Valid Novruzov onu da qeyd edib ki, ən vacib məqamlardan biri odur ki, artıq çəkinin azaldılması bir çox hallarda əməliyyatı gecikdirə və ya ağrıların azalmasına kömək edə bilər: “Sağlam qidalanma, düzgün fiziki aktivlik və əzələlərin gücləndirilməsi oynaqların qorunmasında çox böyük rol oynayır. İnsanlar çox vaxt ağrını yaşlanmanın normal hissəsi hesab edərək, həkimə gec müraciət edirlər. Halbuki erkən mərhələdə başlanılan müalicə həm oynağın qorunmasına, həm də gələcəkdə daha ağır problemlərin qarşısının alınmasına kömək edir”.





















