image-1backend

Asala necə yarandı? – Ermənilərin məqsədi nə idi?: Tarixi faktlar

image-ads-728x90

1973-cü ilin yanvarında Osmanlı doğumlu, ABŞ-ın Santa-Barbara şəhərində yaşayan 77 yaşlı Gürgen Yanikyan Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydarla əlaqə saxlayaraq Əbdülhəmid dövründən qalma bir rəsm və əskinasa sahib olduğunu, onları Türkiyə Cümhuriyyətinə bağışlamaq istədiyini xəbər verdi. Bunun üçün konsulu Santa-Barbaradakı Baltimor hotelinə dəvət etdi. Danışıq zamanı Yanikyan özünün fars olduğunu söylədi.

Los-Anceles və Santa-Barbara arasındakı məsafə 150 kilometrdən çox idi, Mehmet Baydar isə avtomobil sürməyi bacarmırdı. Buna görə də gənc vitse-konsul Bahadır Dəmirdən avtomobili idarə etməyi xahiş etdi. Yanvarın 27-də, şənbə günü hər iki diplomat Santa-Barbaraya yola düşdülər.

Yanikyanın qaldığı otağa qalxan türklər burada əvvəlcə normal qarşılandılar. Amma qısa müddət sonra fars yox, erməni olduğunu söyləyən ev sahibi tapançasını çıxararaq onlara atəş açdı. Parabellumun tutduğu 9 güllənin hamısını boşaldandan sonra diplomatlar hələ sağ idilər. Dolabçadan Brauninq markalı daha bir tapança çıxaran qatil Baydarın və Dəmirin başından vuraraq öldürdü.

Həbs olunan Yanikyan əməlini Osmanlı imperiyasındakı “erməni soyqırımı” və həmin hadisələr zamanı doğmalarının öldürülməsi ilə əlaqələndirdi. Amma məhkəmə həmin hadisələr zamanı heç anadan olmayan diplomatların qətlinə haqq qazandırmadı. Yanikyan ömürlük həbsə məhkum edildi. O, 1984-cü yanvarın 31-də səhhəti səbəbindən şərti azadlığa buraxıldı, fevralın 29-da 88 yaşında öldü.

Başqa vaxtda Santa-Barbara cinayəti bəlkə də bir adamın aksiyası olaraq qalardı. Amma elə olmadı. 1970-ci illər terrorun, belə demək caizsə, qızıl dövrü idi. Yanikyan törətdiyi hadisə də dünyanın müxtəlif yerlərində yaşayan ermənilər arasında böyük rezonans doğurdu. Terror təşkilatı yaratmaq üçün ən yaxşı yer isə Yaxın Şərq idi.

***

1970-ci illərdə Livanda 400 min fələstinli qaçqın vardı. Onların yerləşdikləri və Fələstin silahlı təşkilatlarının nəzarət etdikləri qaçqın düşərgələri müxtəlif terror təşkilatları üzvlərinin həm məşq yeri, həm də sığınacağı idi. İtalyanların “Qırmızı briqadalar”, almanların “Qırmızı ordu fraksiyası”, baskların ETA təşkilatının üzvləri, eləcə də Çaqqal Karlos ləqəbli İliç Ramires Sançes kimi terrorçular bu düşərgələrdən tez-tez istifadə edirdilər.

İlk adı “Gürgen Yanikyan qrupu” olan erməni terror təşkilatı da 1975-ci ildə oralarda yaradıldı. Onun əsasını qoyan Harutun Takoşyan 1951-ci ildə İraqın Mosul vilayətində anadan olmuşdu. Gənc yaşlarında marksist görüşləri mənimsəyən Takoşyanın Fələstin Xalq Qurtuluş Cəbhəsi (FXQC) sıralarına qatıldığı və bəzi aksiyalarında iştirak etdiyi söylənilir. Onun bir neçə ləqəbləri vardı, onlar arasında ən məşhuru, öz adından da daha çox tanındığı Akop Akopyan adıdır və mən də onu belə təqdim edəcəyəm.

Yanikyan cinayətindən sonra Akopyan erməni terror təşkilatı yaratmağı qərara alır. Hərçənd, bəzi ehtimallara görə, bu ideyanı ona sovet xüsusi xidmət orqanları verib və dəstək göstərəcəklərini bildiriblər. Fəaliyyətə başlayandan az sonra təşkilatın adı dəyişdirilərək “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” oldu və ingiliscə adının (Armenian Secret Army for the Liberation of Armenia) baş hərfləri əsasında ASALA kimi tanındı. Keşiş Ceyms Karnusyan və yazıçı Gevorq Əcəmyan da təşkilatın yaradıcılarından idilər.

ASALA-nın elan etdiyi hədəflər Türkiyənin “erməni soyqırımı”nı etiraf etməsi, həyata keçməyən Sevr müqaviləsinə əsasən Ermənistan dövlətinə verilməli olan Türkiyə torpaqlarının (Trabzon-Ərdahan-Van-Ərzincan dördbucağı), eləcə də Naxçıvan və Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi idi. Həmin Böyük Ermənistan dövlətinin siyasi doktrinası elmi sosializm olacaqdı. Təşkilatın proqramında imperializmə, müstəmləkəçiliyə və sionizmə qarşı inqilabi mübarizə kimi sol ibarələr də yer alırdı.

Qeyd etmək lazımdır ki, 70-ci illərdə ermənilərin daha bir terror təşkilatı – Daşnaksutyun tərəfindən yaradılan JCAG (Justice Commandos against Armenian Genocide – Erməni soyqırımına ədalət kommandoları) fəaliyyət göstərirdi. Bu iki təşkilatın hədəfləri əsasən üst-üstə düşürdü. Ciddi fərqləri marksist yönümlü ASALA-nın Ermənistanın SSRİ-nin tərkibində olmasını qəbul etməsi, JCAG-ın hədəfinin isə müstəqil Ermənistan olması idi.

Onu da deyim ki, bəzən müəyyən terror aktını ASALA, yoxsa JCAG törətdiyini dəqiqləşdirmək çətin olur. Məsələn, 1975-ci il oktyabrın 22-də Türkiyənin Vyana səfiri Daniş Tunaligil, iki gün sonra isə Paris səfiri İsmayıl Erez (sürücüsü ilə) öldürüldülər. Mənbələrin bəzilərində bu cinayətlərin arxasında ASALA-nın, digərində JCAG-ın durduğu, bəzilərində isə iki təşkilatın birlikdə hərəkət etdiyi iddia olunur.

Həmin ilin dekabrında Türkiyənin Beyrutdakı səfirliyi iki dəfə raket atəşinə tutuldu. 1976-cı ilin fevralında isə səfirliyin birinci katibi Oktar Cirit öldürüldü. Sonrakı iki il ərzində ASALA bir sıra bombalı hücumlar təşkil etsə də ölən olmadı. 1978-ci ilin iyunun 2-də Türkiyənin Madriddəki səfiri Zəki Kuneralpın avtomobili atəşə tutuldu. Səfir maşında olmadığından arvadı Necla Kuneralp və qaynı Bəşir Balçıoğlu, eləcə də ispan sürücü Antonio Torres həlak oldular. Maraqlı olar bilər deyə vurğulayım ki, Zəki Kuneralp Böyük Britaniyanın indiki baş naziri Boris Consonun atasının əmisi idi.

1979-cu ilin avqustundan başlayaraq ASALA-nın hücumları daha da vüsət alır. Bu zamandan etibarən “Türk hava yolları”nın müxtəlif ölkələrdəki ofisləri də hədəfə çevrilir. Aviaşirkətin Frankfurt, Kopenhagen, Milan, Paris, Roma ofisləri bombalı hücumlara məruz qalır. Diplomatlara qarşı sui-qəsdlər də davam edir. Niderlanddakı səfirin 27 yaşlı oğlu Əhməd Benler, Fransadakı səfirlikdə turizm üzrə attaşe Yılmaz Çolpan öldürüldülər. Afinadakı cinayət isə daha qanlı alındı.

Türkiyə səfirliyinin attaşesi Qalip Özmen ailəsi ilə birlikdə axşam yeməyindən dönərkən avtomobili səsboğucu taxılan tapançadan atəşə tutuldu. Özmen və 14 yaşlı qızı Neslihan həlak oldular, arvadı Sevim və 17 yaşlı oğlu Kaan yaralandılar. Təkcə 13 yaşlı Alper Özmən xəsarətsiz qurtuldu.

ASALA-nın səs-küylü terror aksiyaları dünya ermənilərinin rəğbətinə səbəb olur. Təşkilata qoşulanların, maddi və digər yardım göstərənlərin sayı artır. Kaliforniyada doğulan Monte Melkonyan Beyruta gələrək 1980-ci ildə ASALA-ya qoşulur. Bununla belə, təşkilat üzvlərinin çoxunu Livan erməniləri təşkil edirdilər.

***

Bütün bu və digər cinayətlər açılmamış qalırdı. Bunun səbəbi terrorçuların peşəkar hazırlığından daha çox aksiyaların törədildiyi ölkələrin hüquq-mühafizə orqanlarının cinayətləri açmaqda maraqlı olmamaları idi. Çünki o zaman həmin ölkə ASALA-nın hədəfinə çevriləcək, həbs olunanların azad edilməsi tələbi ilə terror aktları keçiriləcəkdi.

1980-ci il oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərindəki otellərin birində ASALA-nın iki üzvü Aleksandr Yenikomşiyan və Süzi Mahseridciyan növbəti terror aktı üçün bomba hazırlarkən partlayış baş verdi. Qadına bir şey olmasa da, Yenikomşiyan gözlərini və bir əlini itirdi. İsveçrə polisi hər iki terrorçunu həbs etdi.

Bundan sonra ASALA İsveçrədə bir neçə partlayışlar həyata keçirdi. İsveçrənin Swissair aviaşirkətinin başqa ölkələrdəki ofisləri də hədəf oldu. Qurbanların olmadığı bu aksiyalardan sonra təşkilat Yenikomşiyan və Mahseridciyanın azad edilməsini tələb edir, əks halda daha qanlı aksiyalar keçirəcəyi ilə hədələyirdi. İsveçrə bu şantaja boyun əydi. Terrorçuların hər biri 18 ay şərti cəzaya məhkum olundu və dərhal ölkədən deportasiya edildilər, başqa sözlə, azadlığa buraxıldılar.

1981-ci il sentyabrın 24-də hamısı Livan ermənisi olan dörd terrorçu Türkiyənin Parisdəki baş konsulluğuna hücum etdilər. Baş verən atışmada təhlükəsizlik əməkdaşı Cemal Özen həlak oldu, konsul Kaya İnal, eləcə də iki terrorçu yaralandı. 56 nəfəri girov götürən ASALA üzvləri Türkiyə hökumətinə beş bənddən ibarət ultimatum verdilər. Amma Türkiyənin Parisdəki səfiri Adnan Bulak hökumətinin terrorçularla danışığa getməyəcəyini söylədi.

15 saat sürən hadisədən sonra terrorçular girovları azad etdilər və təslim oldular. Onlar üzərində keçirilən proses ədalət məhkəməsindən daha çox terrorun tərənnümünə çevrildi. Hakim hətta şahidlərə müttəhimləri “terrorçu”adlandırmağı qadağan etdi. 1984-cü ilin yanvarında çıxarılan hökmlə terrorçuların hər biri 7 il həbsə məhkum olundu.

Terrorçulardan biri, Aram Basmacyan 1985-ci ildə həbsxanada intihar etdi. Digər üç nəfər isə həbslərindən heç 5 il keçməmiş, 1986-cı ilin avqustunda azad olundular. Onlardan ikisi, Vazgen Sislyan və Akop Culfayan hazırda Ermənistanda, Kevork Gözelyan isə ABŞ-da yaşayırlar.

Ehtimal olunur ki, belə yumşaq cəza Fransa hökuməti ilə ASALA arasında əldə olunan razılaşmanın nəticəsi idi. Təşkilat Fransa ərazisində bir daha terror aktı törətməməyi, fransızlar da həbs olunanlara qarşı sərt olmamağı öhdələrinə götürmüşdülər (hökm çıxarılana qədər ASALA Fransa ərazisində özünün ən qanlı cinayətlərindən biri olan “Orli terroru”nu həyata keçirmişdi).

Müqayisə üçün göstərmək olar ki, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki daha bir konsulu, Kemal Arıkan JCAG üzvləri tərəfindən qətlə yetirildi. Qatillərdən biri Hampig Sasunyan həbs olundu. O, Paris məhkəməsinin hökmündən cəmi 13 gün əvvəl ömürlük həbsə məhkum edildi və bu gün də həbsxanadadır. Cinayətin digər iştirakçısı Krikor Saliba Livana qaçdı və ehtimallara görə elə həmin il buradakı vətəndaş müharibəsinin gedişində öldürüldü.

Parisdəki konsulluğun tutulması əməliyyatının hazırlanmasında iştirak edən Monte Melkonyan hadisəni və sonrakı məhkəmə prosesini böyük siyasi qələbə, ASALA-nın fəaliyyətinin zirvə nöqtəsi hesab ediridi. Həmin nöqtədən sonra isə terror təşkilatının çöküşü başladı.

***

1982-ci ildə ASALA terroru həm də təşkilata maddi dəstək göstərməyən, onun tələblərini yerinə yetirməyən ermənilərə qarşı yönəlir. Məsələn, martın 26-da Beyrutun erməni məhəlləsindəki kinoteatr partladıldı. ASALA-nın xəbərdarlıqlarına baxmayaraq, burada Türkiyə istehsalı olan filmlər göstərilirdi. Nəticədə 2 nəfər həlak oldu, 16 nəfər yaralandı. Mayın 21-də isə Kanadanın Ottava şəhərində yaşayan və ASALA-ya pul verməkdən imtina edən bir erməninin iki avtomobili partladıldı.

Xeyli terror aktlarının baş verdiyi həmin ildə ən qanlı hadisə Türkiyənin özündə, Ankaranın Esenboğa hava limanında baş verdi. Zöhrab Sərkisyan və Levon Ekmekçiyan adlı iki terrorçu Niderlandın KLM aviaşirkətinə məxsus ərazidə əl qumbarası partlatdılar və odlu silahdan atəş açmağa başladılar. Daha sonra hava limanının kafeterisinə qaçan terrorçular burada 20 nəfəri girov götürdülər.

Türkiyə xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyat nəticəsində Zöhrab Sərkisyan öldürüldü, Levon Ekmekçiyan isə yaralı olaraq həbs edildi. Terror aktı nəticəsində cəmi 9 nəfər -3 türk, 1 amerikalı və 1 alman olmaqla 5 sərnişin, 3 polis və hava limanının 1 əməkdaşı həlak oldu, daha 72 nəfər yaralandı. Ölənlərin sayını eşidərkən “az oldu” deyən Levon Ekmekçiyan məhkəmə tərəfindən edam cəzasına məhkum edildi və 1983-cü ilin yanvarında asıldı.

ASALA-nın Türkyə ərazisində həyata keçirdiyi ilk aksiya olan Esenboğa terroruna etiraz edən Artin Penik adlı erməni kökənli Türkiyə vətəndaşı avqustun 10-da İstanbulun Taksim meydanında üzərinə benzin tökərək özünü yandırdı. Ağır xəsarətlər alan Penik həkimlərin səyinə baxmayaraq, beş gün sonra vəfat etdi.

Həmin hadisədən sonra Türkiyənin dövlət başçısı Kenan Evren Milli İstihbarat Təşkilatına (MİT) ASALA-ya son vermək üçün hərəkətə keçməyi tapşırdı. Bəzi mənbələrə görə, əməliyyata ümumi rəhbərliyi Evrenin MİT əməkdaşı olan qızı Şenay Gürvit rəhbərlik edir, Nuri Gündeş, Metin Günyol kimi kəşfiyyatçılar yönəldirdilər.

Bu zaman Türkiyə artıq anlayır ki, ASALA ilə mübarizədə Avropa dövlətlərinin köməyinə bel bağlaya bilməz. Bu ölkələr özlərini hədəfə çevirməmək üçün terrorçuların nazı ilə oynayır, törədilən cinayətlərin üstünün açılması və cinayətkarların məsuliyyətə cəlb olunması üçün ciddi səy göstərmirdilər. Fransa hətta terror təşkilatının rəhbəri Akop Akopyanın şəklini Türkiyəyə verməkdən imtina edirdi. Yalnız ABŞ (ASALA-nın marksist ideologiyasına görə) və İsrail (ASALA-nın fələstinlilərlə əməkdaşlığına görə) Türkiyəyə kömək etməyə hazır idilər.

Buna görə də türklər qeyri-hüquqi yollara əl atmağı, ASALA üzvlərini elə onların üsulları ilə aradan qaldırmağa qərar verdilər. Bu zaman yəqin ki, Mossadın Münhen olimpiadasında İsrail idmançılarını qətlə yetirən “Qara sentyabr” təşkilatına qarşı həyata keçirdiyi “Tanrının qəzəbi” əməliyyatının təcrübəsi nəzərə alındı.

1982-ci ildə İsrail Livana müdaxilə etdi, Fələstin Azadlıq Təşkilatını (FAT) və ona daxil olan fələstinli qrupları Livandan çıxardı. Bu hadisə ASALA-nın da aqibətinə mənfi təsir göstərdi. Çünki onlar heç bir qanunların işləmədiyi ölkədə sığınacaqdan, məşq yeri və cəbbəxana kimi istifadə etdikləri qaçqın düşərgələrindən məhrum oldular. Həm də təşkilata ən çox Livan ermənilərini cəlb edirdilər. Üstəlik, İsrail kəşfiyyatının ASALA ilə bağlı önəmli məlumatlar əldə etdiyi və türklərlə bölüşdüyü söylənilir.

Türkiyədə 1980-ci il çevrilişindən sonra bir çox ülküçülər ölkədən qaçaraq Avropada gizlənirdilər. MİT ASALA-ya qarşı əməliyyatlarda Abdullah Çatlı, Oral Çelik, Mehmet Şener və başqa ülküçülərdən istifadə etdi. Onların anti-terror əməliyyatına nə qədər töhfə verdikləri tam aydın deyil. Ülküçü cameə ASALA-nın bitirilməsini onlara bağlayır. Amma Mete Günyol Abdulla Çatlı haqqında “Bazı küçük operasyonlarda görev aldı” söyləyirdi.

***

ASALA 1983-cü ildə Fransa, Belçika, Qərbi Almaniyada bir sıra partlayışlar həyata keçirdi. Bu aksiyalar əsasən vahimə yaratmağa xidmət edirdi və qurbansız ötüşürdü. Yalnız Türkiyənin “Marmara Travel Agency” turizm şirkətinin Paris bürosunda baş verən partlayışda bir Fransa vətəndaşı həlak oldu. İyunun 16-da isə Mkrtıç Mardaryan əl qumbaraları və odlu silahla İstanbulun “Kapalı çarşı”sında terror aktı törətdi. Nəticədə onun özündən başqa 2 nəfər həlak oldu, 21 nəfər yaralandı.

İyulun 14-də Türkiyənin Brüsseldəki səfirliyinin əməkdaşı Dursun Aksoy qətlə yetirildi. Ertəsi gün isə ASALA-nın ən səs-küylü, təşkilatın nüfuzuna və taleyinə ciddi xələl gətirən aksiya – Orli partlayışı həyata keçirildi.

Yarım kiloqram Semteks plastik partlayıcısının və üç portativ qaz balonunun olduğu çamadan Türk Hava Yollarının qeydiyyat pəncərəsi önündə partladı. Üç nəfər dərhal, daha beş nəfər isə aldıqları xəsarətlərdən xəstəxanada keçindi, 55 nəfər yaralandı. Həlak olanlar Fransa (4), Türkiyə (2), ABŞ (1) və İsveçrə (1) vətəndaşları idilər. ASALA Frans Press agentliyinin Afina ofisinə zəng vuraraq terror aktına görə məsuliyyəti öz üzərinə götürdü.

Partlayışdan sonra Fransa polisi Parisdə ASALA mənsubu olan 51 nəfəri saxladı. Onların hamısı son 1 ildə ölkəyə gəlmişdilər və polisin nəzarətində idilər. Tutulanlardan suriyalı Varujan Karapetyan terror aktını törətməsini etiraf etdi və bu işdə ona kömək edən daha iki nəfərin adını çəkdi.

Varujan Karapetyan Orli limanına gələrək guya yükünün çox olması görüntüsünü yaratmış və yükü az olan sərnişinlərdən birinə çamadanını keçirmək üçün 65 dollar ödəmişdi. Bununla da o, polisin yükün əsl sahibinin kim olması izini itirməyə çalışmışdı. Fransa hökuməti ilə problem yaşamaq istəməyən terrorçuların planına görə, bomba təyyarə havada olarkən partlamalı idi, amma saatlı qurğu daha tez işə düşmüşdü.

Orli cinayətinə görə Varujan Karapetyandan əlavə Türkiyə vətəndaşları Nayir Söner və Ohannes Semerçi məhkəmə qarşısına çıxarıldılar. Karapetyan ömürlük, bombanı hazırlayan Söner 15 il, evində bomba hazırlanan Semerçi isə 10 il həbs cəzasına məhkum olundular. Varujan Karapetyan 2001-ci ilin aprelində əfv edildi və Ermənistana göndərildi, 2019-cu ilin yanvarında öldü.

Bu hadisə ASALA daxilində əvvəllər də mövcud olan ziddiyyəti dərinləşdirdi. Üzvlərin bir hissəsi yalnız Türkiyə dövlətinə və onun məmurlarına qarşı aksiyaları mümkün sayaraq Monte Melkonyanın rəhbərliyi altında ASALA-RM (revolutionary movement – inqilabi hərəkat) yaratdılar. Bu iki təşkilat arasında kəskin düşmənçilik başladı.

Avropa ölkələrinin, xüsusən də Fransanın, erməni terroruna münasibətləri dəyişdi. Əvvəl Fransada rahat yaşayan ASALA üzvləri indi başqa ölkələrdə sığınacaq axtarmalı oldular. Təşkilatın mərkəzi Afinaya köçdü. Müstəqil Ermənistanın ilk hakim partiyası olan Erməni Ümummilli hərəkatı sonralar Orli terroruna “erməni işi üçün fəlakət” qiymətini verdi. Təşkilata erməni diasporasından gələn maliyyə axını da azaldı.

***

Növbəti, 1984-cü il ASALA-nın fəal olduğu son il oldu. Aprel ayında Tehranda Türkiyə səfirliyinin katibi Şadiye Yönderin əri İşık Yöndər, iyunda Vyanadakı səfirliyin attaşesi Erdoğan Özen və noyabrda BMT-nin Vyanadakı mənzil-qərargahında çalışan Enver Ergun öldürüdülər.

Bu dövrdən başlayaraq, təşkilatın başı daha çox daxili çəkişmələrə yönəlir. ASALA və ASALA-RM arasında düşmənçilik artır, üstəlik Akop Akopyan öz təşkilatında sədaqətindən şübhələndiyi üzvləri aradan qaldırır. SSRİ-də və Şərqi Avropada gedən siyasi proseslər üzündən sosialist ölkələrindən maliyyə və logistika dəstəyi azalır. 1985-ci ildən etibarən ASALA heç bir ciddi əməliyyat keçirə bilmir.

ASALA-nın banisi və lideri Akop Akopyan 1988-ci il aprelin 28-də Afinada öldürüldü. O səhər tezdən bir qadınla evdən çıxdı, səkidə taksi gözləyərkən yaxınlıqda dayanan maşından üzü maskalı iki nəfər düşdü və ona atəş açdılar. Yaralanan Akopyan qaçmağa cəhd göstərsə də, müvəffəq olmadı. Başına dəyən güllə həyatına son qoydu.

Hadisə yerinə gələn polis onun üzərində Əbdül Məhəmməd Qasim adlı şəxsə məxsus Cənubi Yəmən diplomatik pasportunu tapdı. Daha sonra onun Afinada Anri Titisyan adı ilə yaşadığı aşkara çıxdı. Öldürülən şəxsin Akop Akopyan olması sonra məlum oldu. Yunan hökuməti Akopyanın ölkədə yaşamasından məlumatsız olduğunu bildirdi.

ASALA liderini kimin öldürdüyü bu günə qədər dəqiq məlum deyil. Bir ehtimala görə onu Akopyanın despotluğundan bezmiş öz adamları öldürdülər. Başqa ehtimala görə, qətlin arxasında Monte Melkonyan dururdu. Hərçənd, Melkonyan özü o zaman Fransada həbsdə idi.

Əsas versiyalardan biri də, təbii ki, Türkiyə ilə bağlı idi. Bir zaman Milli İstihbarat Təşkilatının Kontrterör Dairesinin başqanı olmuş Mehmet Eymur qətli məşhur istihbaratçı Hiram Abbas və mafiya başçısı Əlaəddin Çakıcının törətdiyini yazır. Bundan əlavə, Akopyanı bəzi səbəblərdən hətta Suriyanın öldürdüyü də deyilir.

***

ASALA-RM-in rəhbəri Monte Melkonyan Fransaya saxta sənədlərlə girdiyinə və qanunsuz silah gəzdirdiyinə görə 1985-ci ilin noyabrında həbs olunmuşdu. Ölkədəki erməni diasporası bunu o zaman Türkiyənin Fransadan Airbus təyyarələri alması barədə razılaşma ilə əlaqələndirirdi.

Ara Toranyan hadisəni: “Özəlliklə fransızları hədəf alan Akop Akopyanın ASALA-sının korsaldırılarına qarşı həyatı bahasına qarşı çıxan Melkonyanın saxlanılması izaholunmaz bir olaydır” deyə şərh etmiş və sonda “Melkonyanın dərisi neçə Airbus edər?” soruşmuşdu. Amma bu demaqogiyanın faydası olmadı və terrorçu 6 il həbsə məhkum edildi.

Melkonyan 1989-cu ilin əvvəllərində vaxtından qabaq azadlığa buraxıldı. O, bir müddət müxtəlif ölkələrdə yaşayandan sonra 1990-cı ilin oktyabrında Ermənistana gəldi, az sonra Qarabağ müharibəsinə qoşuldu. Bir sıra əməliyyatlarda, xüsusən də Kəlbəcərin işğalında ciddi rol oynadı. 1993-cü il iyunun 12-də isə Azərbaycan hərbçiləri tərəfindən öldürüldü.

ASALA-nın fəaliyyətinin bitdiyi konkret tarix məlum deyil. Adətən 1991-ci dekabrında Türkiyənin Budapeştdəki səfirinə uğursuz qəsd təşkilatın son aksiyası hesab olunur. ASALA yaranarkən qarşısına qoyduğu əsas məqsədlərə – Türkiyənin “erməni soyqırımı”nı tanıması və Türkiyənin bəzi şərq ərazilərinin Ermənistana birləşdirilməsi – nail olmadı. Bununla belə, etiraf etmək lazımdır ki, təşkilatın fəaliyyəti erməni məsələsinin gündəm olmasında önəmli rol oynadı.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki