1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edildi. Vladimir Leninin əmri ilə XI Qırmızı Ordu 1920-ci il aprelin 27-də Bakıya daxil olaraq Azərbaycan Demokratik Respublikasını devirdi. Bununla da yeni müstəqillik qazanmış xalqımızın azadlıq səsi boğuldu.
Lakin Qırmızı Ordu Bakıya çatana qədər bir sıra ciddi müqavimətlərlə üzləşmişdi. Bunların arasında ən diqqət çəkənləri Yalama və Sarvan döyüşləri idi. On minlərlə bolşevik əsgərinə qarşı sayca olduqca az – bəzən 100 nəfərdən belə az olan azərbaycanlıların apardığı mübarizə xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutur.
Yalama döyüşü 1920-ci ilin aprelində süquta doğru gedən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun son müqavimət cəhdlərindən biri idi. Bu döyüş haqqında məlumatlar məhduddur, lakin məlum olan əsas həqiqət ondan ibarətdir ki, iştirakçıların hər biri böyük qəhrəmanlıq göstərmişdir.
Aprelin 27-də Bakıya doğru irəliləyən təxminən 70 minlik sovet ordusunun qarşısında cəmi 350 nəfərlik Quba alayının Yalama qarnizonu dayanmışdı. Bu qüvvə sayca özündən yüz dəfələrlə üstün düşmənə qarşı mübarizə aparırdı. Silah və texnika baxımından da ciddi üstünlük düşmən tərəfində idi. Yalama qarnizonunun cəmi bir neçə topu və pulemyotu var idi.
Buna baxmayaraq, Azərbaycan əsgərləri iki saatdan artıq müddətdə düşmənə müqavimət göstərə bildilər. Döyüşün komandanı Ağəli Babazadə idi və onun rəhbərliyi altında əsgərlər son ana qədər vuruşdular. Nəticədə, 350 nəfərlik dəstənin demək olar ki, hamısı şəhid oldu. Düşmən tərəfdə isə itkilər nisbətən az idi.
Bu qədər az qüvvənin cəbhədə qalmasının əsas səbəblərindən biri Qarabağda baş qaldırmış üsyan idi. Ordunun əsas hissəsi həmin üsyanı yatırmaq üçün göndərildiyindən, şimal sərhədlərində müdafiə zəif qalmışdı.
Yalama stansiyasının ələ keçirilməsindən sonra Qırmızı Ordu irəliləməyə davam etdi. Növbəti müqavimət nöqtəsi indiki Xaçmaz və Şabran əraziləri arasında yerləşən Sarvan stansiyası oldu.
Burada müqavimətə Qaçaq Mayılın rəhbərlik etdiyi dəstə qoşulmuşdu. Onun təşəbbüsü ilə yerli əhali və könüllülər toplanaraq dəmir yolu xəttini dağıtdı, relsləri sökdü və düşmənin irəliləyişini dayandırmağa çalışdı.
Bolşeviklərin zirehli qatarı Sarvana çatdıqda yolun kəsildiyini görərək qarşı tərəfə danışıqlar təklif etdi. Qatarda olan Qəzənfər Musabəyov yerli əhaliyə müraciət edərək ordunun guya Anadoluda köməyə getdiyini bildirdi və yolu açmağı tələb etdi. Lakin bu sözlər inandırıcı olmadı.
Bundan sonra döyüş başladı. Silah baxımından zəif olan yerli dəstə ağır silahlarla təchiz olunmuş Qırmızı Orduya qarşı qeyri-bərabər mübarizə apardı. Təxminən üç saat davam edən döyüşdə ciddi itkilər verən müdafiəçilər geri çəkilməyə məcbur oldular.
Sonradan Qaçaq Mayıl və onun dəstəsi mübarizəni davam etdirərək uzun müddət bolşevik hakimiyyətinə qarşı müqavimət göstərdi.
Sarvan döyüşü ümumi nəticəni dəyişə bilmədi – Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. Lakin bu döyüşlər xalqın azadlıq iradəsini və mübarizə ruhunu nümayiş etdirdi.
Sayca və texnika baxımından qat-qat üstün qüvvəyə qarşı yüzlərlə insanın saatlarla müqavimət göstərməsi Azərbaycan tarixində misilsiz qəhrəmanlıq nümunəsidir. Bu hadisələr sübut edir ki, xalqımız heç vaxt işğalla barışmayıb və son ana qədər mübarizə aparıb.
Yalama və Sarvan döyüşləri Azərbaycanın işğalçılara qarşı dirəniş tarixində mühüm yer tutur. Bu döyüşlərin iştirakçıları məğlub olacaqlarını bilə-bilə Vətən uğrunda canlarını fəda edən qəhrəmanlar idi.
Bu gün müstəqil Azərbaycan məhz həmin fədakar insanların irsi üzərində dayanır və onların xatirəsi hər zaman ehtiramla yad edilir.
Tacir Sadıqov





















