Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Paşa Atatürkün 19 may 1919-cu ildə Samsuna çıxışı Türk xalqının azadlıq və müstəqillik uğrunda başladığı Milli Mübarizənin ilk addımı kimi tarixə düşdü. Bu tarixi hadisədən 107 il ötür.
1918-ci il 30 oktyabr tarixində imzalanan Mondros barışıq müqaviləsindən sonra Osmanlı torpaqları işğal olunmağa başladı. İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya isə italyanlar tərəfindən işğal edildi. İngilis qüvvələri Urfa, Maraş, Antep, Merzifon və Samsuna daxil oldu, Britaniya donanması isə 13 noyabr 1918-ci ildə İstanbul önlərində lövbər saldı.
İllərlə müxtəlif cəbhələrdə vətənin müdafiəsi uğrunda döyüşən Mustafa Kamal Paşa 1918-ci ilin noyabrında İstanbula qayıtdıqdan sonra ölkənin xilas yolu üçün fəaliyyətə başladı. Bu dövrdə Samsun və ətrafında yunan silahlı dəstələrinin fəaliyyətləri bölgədə xaos yaratmışdı. Məqsəd isə Mondros müqaviləsinin 7-ci maddəsinə əsaslanaraq bölgənin işğalına zəmin hazırlamaq idi.
Türk xalqı baş verənlər qarşısında özünü müdafiə etmək və milli birlik yaratmaq üçün təşkilatlanmağa başladı. Bölgədə yaranan gərginlikdən narahat olan Britaniya rəhbərliyi Osmanlı hökumətindən vəziyyətin nəzarət altına alınmasını tələb etdi.
Bu şəraitdə Mustafa Kamal Paşa 9-cu Ordu Müfəttişi təyin edildi və 15 may 1919-cu ildə — İzmirin işğalından bir gün sonra — “Bandırma” vapuru ilə İstanbuldan Samsuna yola düşdü. O və silahdaşları 19 may 1919-cu ildə Samsunda Reji körpüsündən Anadolu torpaqlarına qədəm qoyaraq Milli Mübarizənin ilk məşəlini yandırdılar.
Mustafa Kamalın Samsuna gəlişi işğalçı qüvvələrdə ciddi narahatlıq yaratdı. O, Samsunda altı gün qaldıqdan sonra Havzaya keçdi. Havzada onun təşəbbüsü ilə keçirilən ilk mitinqdə İzmirin işğalına etiraz edildi və xalq müqavimətə çağırıldı.
Daha sonra Amasya, Ərzurum və Sivasda davam edən təşkilatlanma prosesi Milli Mübarizənin bütün Anadoluya yayılmasına səbəb oldu. Bu mübarizə nəticəsində 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildi.
Ondokuz Mayıs Universitetinin professoru Kaya Tuncer Çağlayan bildirib ki, Milli Mübarizə təkcə torpaq və müstəqillik uğrunda deyil, həm də türk millətinin milli və mənəvi dəyərlərini qorumaq uğrunda aparılan tarixi mübarizə idi.
Professorun sözlərinə görə, Samsun şəhərinin Milli Mübarizədə ən böyük rolu Mustafa Kamal Paşaya Anadolu xalqının azadlıq uğrunda ayağa qalxmağa hazır olduğunu göstərməsi oldu. Məhz buna görə Samsun “Azadlıq şəhəri” adlandırılır.
19 may 1919-cu ildə Samsunda atılan həmin ilk addım Türk millətinin taleyini dəyişdi və müstəqil Türkiyə dövlətinin təməlini qoydu.
Qoşqar Salmanlı





















