image-img-20260704-wa0039backend

Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

image-ads-728x90

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin inkişafı təkcə daxili potensialdan deyil, həm də etibarlı beynəlxalq tərəfdaşlıqlardan asılıdır. Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət ölkəmizin həm regional, həm də qlobal miqyasda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Avropa İttifaqı ilə formalaşmış əməkdaşlıq münasibətləri də bu siyasətin mühüm istiqamətlərindən biridir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər bu əməkdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirdi.

Azərbaycanın Avropa institutları ilə əlaqələrinin əsası müstəqilliyin ilk illərində qoyulub. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmiz Avropa siyasi məkanına inteqrasiyanı xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 1992-ci ildə Avropa Şurası ilə əməkdaşlıq istiqamətində ilk addımlar atıldı, sonrakı dövrdə isə həyata keçirilən hüquqi və institusional islahatlar Azərbaycanın Avropa ailəsinin tamhüquqlu üzvünə çevrilməsinə şərait yaratdı. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş mühüm qərarlar, o cümlədən ölüm hökmünün əvvəlcə tətbiqinin dayandırılması, daha sonra isə tamamilə ləğv olunması Azərbaycanın Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirən mühüm addımlar idi. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan Avropa institutlarında etibarlı tərəfdaş kimi qəbul olundu.

Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropa istiqamətində əməkdaşlıq daha da genişləndirildi. Dövlətimizin başçısının hələ Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal siyasəti barədə həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində mühüm diplomatik fəaliyyət həyata keçirildi. Bu fəaliyyət sonrakı illərdə də ardıcıl şəkildə davam etdirilərək Azərbaycanın milli maraqlarının müdafiəsinə xidmət etdi. Azərbaycan artıq uzun illərdir ki, Avropa Şurasının və Avropa institutlarının müxtəlif platformalarında fəal iştirak edir. Ölkəmizdə mədəniyyətlərarası dialoq, gender bərabərliyi, multikulturalizm, insan hüquqları və digər istiqamətlər üzrə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın Avropa ilə münasibətlərinin təkcə siyasi deyil, humanitar və ictimai sahələri də əhatə etdiyini göstərir. Xüsusilə 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən biri idi.

Hazırda Azərbaycan Avropa məkanında etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi tanınır. Bu münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat, logistika, yaşıl enerji, rəqəmsal inkişaf və iqtisadi əməkdaşlıq tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya son səfəri də məhz bu yeni əməkdaşlıq gündəliyinin müzakirəsinə həsr olundu. Prezident İlham Əliyevlə keçirilən görüşlər zamanı iki tərəf arasında mövcud əlaqələrin vəziyyəti və gələcək perspektivləri ətraflı nəzərdən keçirildi. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bu gün ölkəmizin xarici ticarət dövriyyəsinin mühüm hissəsi Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşı kimi çıxış edir. Bu fakt ölkəmizin regional iqtisadiyyatda tutduğu aparıcı mövqenin göstəricisidir. Enerji əməkdaşlığı isə münasibətlərin strateji əsasını təşkil edir. Son illər Azərbaycan qazının Avropa bazarına ixracının əhəmiyyətli dərəcədə artması Avropa enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da yüksəldib. Hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazından istifadə edir və bu coğrafiyanın daha da genişləndirilməsi istiqamətində iş aparılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi siyasi iradənin, beynəlxalq əməkdaşlığın və uzunmüddətli strateji planlaşdırmanın uğurlu nəticəsidir. Bununla yanaşı, görüşlərdə yaşıl enerji istiqaməti də xüsusi diqqət mərkəzində oldu. Azərbaycanın günəş və külək enerjisi sahəsində həyata keçirdiyi layihələr Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Xəzər dənizinin külək enerjisi potensialı, ölkəmizdə həyata keçirilən yeni investisiya layihələri və elektrik enerjisinin ixrac perspektivləri Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində də mühüm tərəfdaş olacağını göstərir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi də danışıqların əsas mövzularından biri idi. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan son illər müasir infrastruktur yaradaraq Avrasiyanın mühüm tranzit mərkəzinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil magistrallarına yatırılan investisiyalar ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

İyulun 1-də Bakıda keçirilən yüksək səviyyəli görüşlər bir daha göstərdi ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli perspektivə əsaslanır. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və regional sabitlik kimi istiqamətlərdə əldə olunan razılaşmalar tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyini deməyə əsas verir. Bu baxımdan Avropa Komissiyası Prezidentinin Azərbaycana səfəri yalnız diplomatik hadisə deyil, həm də ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsinə xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Samirə Hüseynova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki