image-3backend

Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir

image-ads-728x90

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi çox mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan   bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır.

Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə tutulur.

Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.

Dövlətimizin başçısı qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.  “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.

Bildirilib ki, hazırda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyub. Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Hazırda  Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu ixrac Gürcüstandan başlayır. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları da Azərbaycan və Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi bu gün böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün də Azərbaycanda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu ölkəmiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər  göstərilir və göstəriləcəkdir.

Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar.

İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur.  Bütövlükdə, Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir.

Tufan Məmmədov – iqtisadçı ekspert

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki