Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Samux rayonunda qeydə alınan qarayara xəstəliyi ilə bağlı birgə məlumat yayıb.
İlkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib. Şübhəli şəxslərdən birindən götürülən müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiqlənib.
Araşdırmalar zamanı məlum olub ki, xəstəliyə yoluxmuş və şübhəli bilinən şəxslər Gəncə şəhərində yerləşən fərdi ət kəsimi məntəqəsində xəstə heyvanın ətinin emalında iştirak ediblər.
Hazırda xəstə şəxslərlə təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə cəlb olunub. Dəri yaraları müşahidə edilən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Xəstə heyvanla təmasda olmuş daha 9 nəfər müəyyən edilərək Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Onlardan laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qeyd edilib ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi isə olduqca nadir hallarda baş verir.
Hazırda vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Rəsmi məlumata görə, əhali arasında yayılma qeydə alınmayıb və təşvişə əsas yoxdur.
Mütəxəssislər vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməyi tövsiyə edir. Qarayara xəstəliyinə şübhə yaradan əlamətlər müşahidə olunduğu halda isə vaxtında tibb müəssisəsinə müraciət etmək vacibdir.





















