image-3backend

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

image-ads-728x90

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda “yaşıl enerji” artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkdə bu enerjinin ixracatçısı kimi mövqeləndirməyə çalışır. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin yeni enerji strategiyasının təqdim olunduğu platforma kimi diqqət çəkir. Forumda səsləndirilən fikirlər göstərir ki, ölkəmizin “yaşıl enerji” gündəliyi daha geniş məqsədləri əhatə edir. Söhbət Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirəcək yeni enerji arxitekturasının formalaşdırılmasından gedir. Bu isə həm regional əməkdaşlıq, həm də iri həcmli investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerjisi əlaqələri şəbəkəsi yaratmağı hədəfləyib. Əsas məqsəd Azərbaycanın müxtəlif regionlar arasında enerji axınlarını birləşdirən əsas enerji qovşaqlarından birinə çevrilməsidir. Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə işlər sürətlə davam edir və layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanması, dəhlizin isə 2030-cu ildə istismara verilməsi planlaşdırılır. Beləliklə, Forumun ən mühüm nəticələrindən biri “yaşıl enerji”nin regional inteqrasiya mexanizmi kimi təqdim olunur.

“Yaşıl enerji” ilə bağlı ən mühüm məsələlərdən biri maliyyələşdirmədir. Günəş və külək elektrik stansiyalarının tikintisi, enerji ötürmə xətlərinin yaradılması və dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi böyük həcmdə investisiya tələb edir. Azərbaycanda bərpa olunan enerji layihələri 15-20 illik uzunmüddətli maliyyələşmə tələb edir və hazırda əsas yük beynəlxalq maliyyə təşkilatlarının üzərinə düşür. Yerli kommersiya bankları belə uzunmüddətli maliyyələşməni təmin etmək imkanlarına malik deyil, halbuki milli valyutada uzunmüddətli kreditləşmənin genişləndirilməsi vacibdir. Yəni, dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da “yaşıl enerji” layihələrinin uğuru maliyyə ekosisteminin hazırlığından asılı olacaq. İnvestorlar üçün uzunmüddətli sabitlik, hüquqi təminatlar və maliyyə mexanizmləri formalaşdırılmadan iri layihələrin həyata keçirilməsi çətin görünür. Məhz buna görə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas töhfələrindən biri dövlət, investorlar və beynəlxalq maliyyə institutları arasında dialoq platforması yaratmasıdır.

Tədbir çərçivəsində imzalanan əməkdaşlıq sənədləri də “yaşıl enerji” gündəliyinin genişlənməsindən xəbər verir. Xüsusilə Azərbaycan ilə Vyetnamın “ROX Group” şirkəti arasında “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması ölkənin bu sahədə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək niyyətini nümayiş etdirir. Belə əməkdaşlıqlar yeni texnologiyaların və idarəetmə təcrübəsinin ölkəyə gətirilməsi baxımından əhəmiyyətlidir.

Forumda səsləndirilən təşəbbüslər arasında Azərbaycan və Tacikistanın Asiyadan Avropaya qədər uzana biləcək yaşıl rəqəmsal dəhliz ideyası da xüsusi diqqət çəkir. Sözügedən yanaşma enerji və rəqəmsal infrastrukturun paralel inkişafını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, çağdaş dünyamızda “yaşıl enerji” ilə rəqəmsallaşma bir-birini tamamlayan proseslərdir. Elektrik şəbəkələrinin idarə olunmasından tutmuş enerji ticarətinə qədər bütün sahələrdə rəqəmsal texnologiyaların rolu sürətlə artır. Digər mühüm istiqamət Türkmənistanın “yaşıl enerji” potensialının Transxəzər Yaşıl Enerji Dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxarılması perspektividir. Əgər bəhs olunan layihələr reallaşarsa, Azərbaycan regionun enerji xəritəsində inteqrator rolunu oynayacaq və ölkənin geoiqtisadi əhəmiyyəti əhəmiyyətli dərəcədə artacaq.

Forumun müzakirələri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin də yaşıl keçid strategiyasının ayrılmaz hissəsi olduğunu göstərdi. Minkənd Kiçik Su Elektrik Stansiyasının istifadəyə verilməsi və regionda həyata keçirilən digər layihələr işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi siyasətinin praktiki nəticələri kimi qiymətləndirilə bilər.

Ümumilikdə müzakirələri və imzalanan sənədləri bir araya gətirdikdə söyləmək mümkündür ki, Azərbaycan “yaşıl enerji” sahəsində yeni mərhələyə qədəm qoyur. Əgər əvvəlki dövrdə əsas diqqət ayrı-ayrı elektrik stansiyalarının tikintisinə yönəlirdisə, indi prioritet regional enerji dəhlizlərinin yaradılması, beynəlxalq investisiyaların cəlbi və enerji bazarlarının inteqrasiyasıdır. Daha dəqiq desək, “yaşıl enerji” ölkənin xarici siyasətinin, regional əməkdaşlıq modelinin və uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən birinə çevrilir. Bakının məqsədi daha çox “yaşıl enerji” istehsal etmək, Avrasiyanın yeni enerji xəritəsində strateji qovşaqlardan birinə çevrilməkdir. Məhz bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin “yaşıl” gündəliyində mühüm dönüş nöqtəsi kimi xarakterizə olunur.

Tufan Məmmədov – iqtisadçı ekspert



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki