image-1backend

Kitabxana, yoxsa yeməkxana? Fəaliyyətini doğrultmayan, nazirlik və cəmiyyəti aldadan kitabxanalar

image-ads-728x90
Dövlətə yük olan bəzi kitabxanalardan qurtulmaq lazımdır

Mədəniyyət Nazirliyinin son dövrlər islahat adı altında həyata keçirdiyi tədbirlərdən biri də kitabxanalarla bağlı oldu. Açığı nazirliyin bu “islahat”I heç də xoş qarşılanmadı. Sertifikasiya adı altında kitabxana işçilərinin əksəriyyəti bu sahə ilə əlaqəli olmayan suallarla imtahana cəlb edilməsi qısa müddətdə yüzlərlə kitabxanaçını işindən etdi. Təəssüf ki, nazirliyin kəsib-doğrama əməliyyatı hələ də davam edir. Növbəti mərhələdə daha minlərlə kitabxana işçisinin imtahana cəlb edilib işsiz qalacağı şübhə doğurmur. Etiraf etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin bu addımı ciddi əks reaksiya doğurdu, təkcə işsiz qalan kitabxanaçılar deyil, cəmiyyətin mütləq əksəriyyəti buna öz etirazını bildirdi. Hətta məsələ bir neçə millət vəkili tərəfindən Milli Məclis səviyyəsində də gündəmə gətirildi. Lakin sözügedən nazirliyin prosesi sonlandırmaqda israrlı görünməsi etirazların faydasızlığını ortaya qoydu.

Onu da etiraf etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin kitabxana sistemində həyata keçirdiyi “islahat”I təqdir edənlər də az olmadı. Təbii ki, onların da əsaslandırmasında müəyyən mənada həqiqət var. Bəs həmin həqiqətlər nədən ibarətdir? İndi gələk əsas mətləbə.

Kitabxanaların bağlanması nə üçün zərurətə çevrilib?

Öncəliklə onu qeyd edək ki, kitabxana bilik məkanı və intellektual inkişaf vasitəsi missiyasını özündə ehtiva edir. Lakin bu vacib missiya o anlamı vermir ki, ölkədə mövcud olan, bir sıra hallarda adı olub, lakin konkret fəaliyyəti gözə dəyməyən, yaxud fəaliyyətini düzgün qurmayıb, yalnız gün keçirməklə məşğul olaraq dövlətə əlavə yük olan hər bir kitabxana hansısa formada mütləq saxlanılmalıdır. Ona görə də günümüzdə əsas sual ondan ibarət olmalıdır ki, kitabxanalar nə dərəcədə səmərəli fəaliyyət göstərirlər. Yəni, burada söhbət kəmiyyət deyil, keyfiyyət üzərində qurulmalıdır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsaslanaraq deyə bilərik ki, Azərbaycanda 2025-ci ilin əvvəlində açıqlanan hesabata görə, ölkədə 2 914 kütləvi kitabxana fəaliyyət göstərir. Onlardan 412-si şəhər, 2 502-si isə kənd yerlərində yerləşib. Kitabxana fondunun ümumi həcmi isə 27,7 milyon nüsxədir. Rəsmi rəqəmlər ölkənin kitabxana şəbəkəsinin kifayət qədər böyük olduğunu göstərir. Lakin açıqlanan rəqəmlər kitabxanaların hamısının heç də səmərəli fəaliyyət göstərdiyini təsdiq etmir. Çünki kitabxananın fəaliyyətini onun binasının mövcudluğu, işçilərinin sayı və ya fondunun həcmi ilə ölçülmür. Əgər hər hansı bir kitabxanaya həftələrlə oxucu gəlmirsə, kitabxanaların fondu müntəzəm olaraq dəyişilmirsə, yaxud kitabxanada oxucuları ora cəlb edə biləcək fəaliyyətlər əvəzinə tamamilə mənasız işlərlə məşğul olunursa, o zaman həmin kitabxananı dövlət büdcəsinə əlavə yük kimi saxlamağa nə ehtiyac var.

Apardığımız qısa bir araşdırma bir sıra rayonlarda, hətta kənd kitabxanalarında vəzyyətin bəzi şəhər kitabxanalarından daha fərqli və keyfiyyətli olduğunu üzə çıxardı. Bəzi rayon və kənd kitabxanalarında işçilər davamlı olaraq işinə məsuliyyətli yanaşıb gündəlik işə gəldikləri halda, paytaxtda tamam fərqli situasiya yaşanır. İş saatlarında kitabxanaya gələn oxucuya məlum olur ki, kitabxana işçisi ya ölkənin istirahət zonalarından birində kef edir, ya kafe-restoranlarda gün keçirir, ya da ticarət mərkəzlərində alış-verişlə məşğuldur. Yaxud, oxucu kitabxanaya daxil olanda kitabxana işçisinin dolma bükməsi mənzərəsi ilə qarşılaşır. Bir sözlə bu sektorda ciddi nizam-intizamsızlıq hökm sürür. Nə qədər gülməli olsa da, dünyada 4 günlük iş rejiminə keçid son vaxtlar müzakirəyə çıxarıldığı halda bir sıra kitabxanalar bu iş rejimini artıq çoxdan tətbiq ediblər. Bu baxımdan Mədəniyyət Nazirliyinin kitabxana sistemində apardığı “islahata” müəyyən mənada haqq qazandıranları da başa düşmək olar. Onların “Belə kitabxanaları saxlamağa nə zərurət var?” sualı da kifayət qədər anlaşılandır. Burada söhbət kitabxanaya qarşı münasibətdən yox, dövlət resurslarının səmərəli idarə edilməsindən gedir. Məsələn, Səbail Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun 1 və 3 saylı filialları kifayət qədər oxucu kütləsi toplaya, müntəzəm olaraq mədəni-kütləvi tədbirlər keçirərək cəmiyyəti düşündürən mövzuları müzakirəyə çıxarmağı bacarsa da, lakin eyni şeyi digər filiallar, 2 və 4 saylı filiallar barədə söyləmək olmur. Sözügedən filialların gözdən pərdə asmaq üçün təşkil etdiyi tədbirlərə nəzər yetirdikdə bunu aydın görmək mümkündür. Digər tərəfdən bu filiallara üz tutan oxucu kütləsi də demək olar ki, yox dərəcəsindədir. Səbail MKS-in Bibiheybətdə yerləşən 4 saylı filialının ümumiyyətlə varlığı ilə yoxluğu bilinmir. Sözügedən qurumun yuxarıda qeyd etdiyimiz kimi hesabat xarakterli, yalnız özlərindən başqa heç kimsənin iştirak etmədiyi “mədəni-kütləvi” tədbirlər bunu təsdiq edir.

Məsələn, Bakı Șəhər Səbail rayon Mərkəzləșdirilmiṣ Kitabxana Sisteminin 2 və 4 nömrəli kitabxana filialları 1 İyun- Ușaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi təșkil edirlər. Sərgidə cəmi 2 nəfər iştirak edir. Onların da fotoda üzləri görünmür. Ehtimal yaranır ki, həmin “sərgi iştirakçıları” da elə hər filialdan bir nəfər olmaqla orada çalışan işçilərdir. 2 filialın 1 İyun- Ușaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgiyə cəmi 2 nəfər cəlb edə bilməsi, sözün həqiqi mənasında biabırçılıqdır.

Yaxud, bir başqa misal. Yenə də yuxarıda qeyd etdiyimiz 2 filial faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə məlumat saatı təșkil edirlər. Fotodan da göründüyü kimi məlumat saatında cəmi 3 uşaq iştirak edir ki, əldə etdiyimiz məlumata görə, həmin uşaqlar da 2 və 4 saylı filiallarda çalışan əməkdaşların övladlarıdır. Balaca fidanlara faşizm üzərində qələbənin ildönümü ilə bağlı kim məlumat verib, hansı qonaq olub, artıq o məlum deyil. Əslində məlumdur. Məlumat saatında nə qonaq olub, nə də əməkdaşların övladlarına məlumat verilib. Sadəcə həm nazirliyi, həm də cəmiyyəti aldatmaq üçün foto çəkilərək ictimailləşdirilib. Bu tədbirlərə nə qədər vəsaitin “sərf edildiyi” isə yəqin ki, fantastic rəqəmlərlə göstərilib. Bu müddət ərzində 4 saylı filialın ən yadda qalan tədbiri şair Seyran Səxavətlə görüş olub ki, o da Səbail MKS-lə birgə keçirilib. Yəni, 4 saylı filial həmin tədbirdə “qorxma-qorxma” deməklə məşğul olub.

Daha bir hesabat xarakterli, cəmiyyətin gözünə kül üfürən tədbir. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bibiheybət qəsəbə Mədəniyyət evi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 və 4 nömrəli kitabxana filialları birgə Şəhərsalma və Memarlıq İlinin məqsədləri və hədəfləri haqqında geniş söhbətlər aparıblar.

Mədəniyyət evinin Mədəni-maarif işlər üzrə metodisti İ.Nəcəfova tədbiri giriş sözü ilə açaraq 2026-cı ilin Şəhərsalma və Memarlıq İli təyin olunması haqqında məlumat verib. Bu tədbirdə artıq xeyli “irəliləyiş” gözə çarpıb. Tədbir təşkilatçısı 3 olub, iştirakçı sayı isə 6. Yenə hər quruma 2 iştirakçı düşür. Fotoya nəzər yetirsək iştirakçılardan birinin də məktəbli olduğunu görərik. O da təşkilatçı qurumlardan birinin əməkdaşının övladıdır. Biçarə məktəbli söhbətin nədən getdiyini anlmağa çalışır. Burada bir haşiyəyə çıxaraq xüsusilə vurğulamaq istəyirik ki, “Şəhərsalma və Memarlıq İli” Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında elan olunub. Bununla bağlı tədbiri 6 nəfərlə qeyd etmək (onlardan biri məktəbli olmaqla) təkcə bağlı olduğunuz qurumu aldatmaq deyil, eyni zamanda Prezidentə sayğısızlıq, onun imzaladığı mühüm sərəncama olan hörmətsizliyinizdir. Nəzərə alsaq ki, kitabxanaların keçirdiyi bu və ya digər tədbirlərin sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırılması Mədəniyyət Nazirliyi və onun müvafiq qurumlarının razılığı olduqdan sonra həyata keçirilir, o zaman dövlətin Ali rəhbərliyi və onun imza atdığı mühüm əhəmiyyətli sənədlərə həm də nazirlik və onun müvafiq qurumlarının sayğısızlıq nümayiş etdirdiyi qənaətinə gələ bilərik. Ümid edirik ki, bundan sonra Mədəniyyət Nazirliyi və onun müvafiq qurumları bu cür xoşagəlməz hallara qarşı ciddi mübarizə aparacaqlar.

Bütün bunlar apardığımız qısa araşdırmanın acı nəticəsini ortaya qoyaraq Mədəniyyət Nazirliyinin bu sektorda apardığı islahatlara haqq qazandırmış olur. Düzrür, kitabxana cəmiyyət üçün vacib institutdur. Lakin kitabxananın vacibliyi onun sadəcə mövcudluğu ilə ölçülmür. İctimai vəsait hesabına fəaliyyət göstərən hər bir müəssisə kimi kitabxana da öz fəaliyyətinin nəticəsini göstərməlidir. Oxucusu olmayan, fondundan istifadə edilməyən, müasir xidmət göstərməyən və ərazidə real ehtiyaca cavab verməyən kitabxanaların fəaliyyəti ciddi şəkildə nəzərdən keçirilməlidir.

Süleyman İsmayilbəyli



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki