Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün yeni qaydalar təklif olunur. Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, hazırda 5 il qüvvədə olan “Dövlət qulluğu sertifikatı”nın müddətinin 2 ilə endirilməsi nəzərdə tutulur. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Yeni qaydalara əsasən, sertifikat əldə edən şəxs onun qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsahibə mərhələsində ödənişsiz iştirak edə biləcək. Bundan artıq vəzifə üzrə müsahibədə iştirak üçün isə ödəniş tələb olunacaq. Eyni zamanda test imtahanlarının rübdə azı bir dəfə keçirilməsi nəzərdə tutulur. Sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi isə dövlət qulluğuna hazırlaşan şəxslərin narazılığına səbəb ola biləcək məqamlar sırasındadır.
Bəs dəyişiklik hansı zərurətdən irəli gəlir? Sertifikatın müddətinin qısaldılması dövlət qulluğunda kadrların bilik və bacarıqlarının daha müasir tələblərə uyğun saxlanmasına xidmət edəcək, yoxsa namizədlər üçün əlavə yük yaradacaq?
Qeyd edək ki, dövlət qulluğuna qəbulla bağlı yeniliklərdən biri də budur: müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq.
![]()
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a mövzunu belə şərh edib: “Milli Məclisdə müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və insan resurslarının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Hazırlanan sənəddə ən çox diqqət çəkən və ictimaiyyət, xüsusilə də dövlət qulluğuna hazırlaşan namizədlər tərəfindən geniş müzakirə olunan məqam hazırda 5 il qüvvədə olan “Dövlət qulluğu sertifikatı”nın müddətinin 2 ilə endirilməsi təklifidir. Dövlət qulluğuna hazırlıq prosesinin yüksək intellektual, psixoloji və zaman resursu tələb etdiyini nəzərə alsaq, bu addımın namizədlər arasında narahatlıq yaratması və ədalətlilik meyarı baxımından müzakirə edilməsi təbiidir.
Düşünürəm ki, bu islahatın mahiyyətini, hansı obyektiv zərurətdən irəli gəldiyini və dövlət aparatının funksionallığına göstərəcəyi təsirləri müasir idarəetmə fəlsəfəsi və insan resurslarının idarə edilməsi prinsipləri kontekstində təhlil etmək faydalıdır. Müasir dövlət idarəçiliyində kadrların bilik və bacarıqlarının aktuallığı biliklərin sürətlə köhnəlməsi ilə birbaşa bağlıdır. Azərbaycanın hüquq sistemi, xüsusilə rəqəmsal transformasiya, institusional islahatlar və dövlət xidmətlərinin optimallaşdırılması istiqamətində dinamik şəkildə yenilənir. Beş il əvvəl imtahan verərək sertifikat almış, lakin bu müddət ərzində dövlət qulluğuna qəbul olunmamış və ya müvafiq sahədə fəaliyyət göstərməmiş şəxsin nəzəri-hüquqi bazası cari idarəetmə reallıqları və yenilənmiş qanunvericilik aktları ilə ziddiyyət təşkil edə bilər.
Bu baxımdan sertifikatın qüvvədə olma müddətinin 2 ilə endirilməsi dövlət orqanlarında xidmət edəcək kadrların biliklərini daim yeniləməsini və aktual saxlamasını təmin edən mexanizm kimi qiymətləndirilə bilər. Bu yanaşma dövlət xidmətinin keyfiyyət standartının yüksəldilməsinə və vətəndaşlara daha peşəkar idarəetmə aparatı tərəfindən xidmət göstərilməsinə xidmət edir. Sertifikat müddətinin qısaldılması, test imtahanlarının rübdə azı bir dəfə keçirilməsi və pulsuz müsahibə limitinin tətbiqi dövlət aparatının kadr təminatında keyfiyyət dəyişikliklərinə səbəb ola bilər”.
Fəlsəfə doktorunun sözlərinə görə, bu dəyişikliklər, sadəcə, inzibati xarakter daşımır, dövlət qulluğunun daxili fəlsəfəsini statik kadr idarəçiliyi modelindən daha dinamik insan resursları idarəçiliyi modelinə keçirir: “Beş illik qüvvədəolma müddətinin aradan qaldırılması kadr bazasının daha çevik saxlanmasına imkan verə bilər. İllər ərzində toplanan aktiv sertifikat sahiblərinin hər yeni müsahibə elanı zamanı yaratdığı namizəd sıxlığının azalması seçim prosesinin daha çevik aparılmasına şərait yarada bilər.
Məhz kadr keyfiyyətinin təmin olunması fəlsəfəsinin davamı olaraq məcəllə layihəsində dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsinin və daxili müsahibənin 2 mərhələdən ibarət olması nəzərdə tutulur. Bu struktur namizədin yalnız ümumi nəzəri biliklərini deyil, konkret vakant vəzifəyə funksional uyğunluğunu, idarəetmə bacarıqlarını və praktiki tətbiq qabiliyyətini də qiymətləndirməyə imkan verəcək. Beləliklə, dövlət orqanlarına vəzifənin tələblərinə uyğun gələn peşəkar mütəxəssislərin seçilməsi hədəflənir.
Digər tərəfdən, sertifikat müddətinin qısaldılmasının namizədlər üçün əlavə yük yaradacağı ilə bağlı narahatlıqları müəyyən qədər azaltmaq üçün layihədə müxtəlif mexanizmlər də nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin illər ərzində formalaşdırdığı imtahan infrastrukturu imkan verir ki, test imtahanları rübdə azı bir dəfə keçirilsin. Bu da uğursuz nəticə göstərən namizədin növbəti imtahan üçün uzun müddət gözləməsinin qarşısını alır və daha tez yenidən imtahan vermək imkanı yaradır.
Həmçinin, sertifikatın qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsahibə mərhələsində ödənişsiz iştirak hüququnun tanınması namizədlərin maliyyə yükünü müəyyən qədər azaldır. Bu limit namizədləri qarşılarına çıxan hər vakansiyaya deyil, bilik və bacarıqlarına uyğun vəzifələrə daha məqsədli şəkildə müraciət etməyə sövq edə bilər”.
Müasir dünya təcrübəsinə nəzər salan İlqar Orucov bildirib ki, dövlət qulluğuna qəbul sistemlərində namizədlərin biliklərinin aktuallığının qorunmasına xüsusi əhəmiyyət verilir: “Avropa İttifaqı institutlarında kadr seçimini həyata keçirən Avropa Kadr Seçimi Ofisinin (EPSO) sistemində uğurlu namizədlərin siyahısının qüvvədəolma müddəti adətən 1 il, maksimum isə 2 il təşkil edir. ABŞ-da federal dövlət qulluğuna qəbulu tənzimləyən Federal Kadrların İdarə Olunması Ofisinin (OPM) sistemində isə imtahan nəticələri və reytinq siyahıları əksər hallarda 90 günlə 1 il arasında qüvvədə qalır, bəzi hallarda bu müddət 2 ilə qədər uzadıla bilər. Qazaxıstan və Gürcüstan kimi ölkələrdə də dövlət qulluğu islahatları çərçivəsində statik sertifikatlaşdırmadan dinamik qiymətləndirməyə keçid müşahidə olunur və test nəticələrinin qüvvədəolma müddəti vəzifə qruplarından asılı olaraq 1-2 il arasında müəyyən edilir. Bu baxımdan 5 il kimi uzun müddətli sertifikat qüvvədəolma müddətinin beynəlxalq təcrübədə geniş yayılmış model olmadığı görünür.
Hesab edirəm ki, sertifikat müddətinin qısaldılması və müsahibələrin iki mərhələli formata keçirilməsi namizədlər üçün ilkin mərhələdə əlavə məsuliyyət yaratsa da, dövlət aparatının daha çevik, müasir və yüksək motivasiyalı kadrlarla təmin olunması məqsədinə xidmət edə bilər. Azərbaycanın təklif etdiyi bu model dövlətin kadr təhlükəsizliyinin təmin edilməsi, qanunvericilik yeniliklərinə çevik adaptasiya və dövlət qulluğunda biliklərin aktuallığının qorunması baxımından beynəlxalq insan resurslarının idarə edilməsi yanaşmaları ilə uyğunluq təşkil edir. İslahatın səmərəli icrası üçün dövlət orqanlarının müsahibə elanlarının tezliyini və şəffaflığını artırması, eləcə də DİM-in imtahanların əlçatanlığını təmin edən fəaliyyətini davam etdirməsi vacibdir. Bu halda sertifikatın qüvvədə olma müddətinin qısaldılmasının bürokratik gecikmələr səbəbindən namizədlər üçün əlavə çətinliyə çevrilməsinin qarşısını almaq mümkün olar”.





















