image-whatsapp-image-2026-06-05-at-12-05-10-1024x682backend

27 sentyabr -Zəfərə doğru açılan səhər

image-ads-728x90

27 sentyabr çağdaş Azərbaycan tarixinin qürurverici səhifələrindən biridir. Məhz həmin gün qoşunların təmas xəttində ermənilərin törətdiyi növbəti hərbi təxribat Qarabağ uğrunda azadlıq müharibəsinin alovlanması üçün bir qığılcım oldu.

Azərbaycan Ordusunun 27 sentyabrdan başlayan zəfər marşı noyabrın 10-dək davam etdi və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın böyük bir hissəsi azad edildi. Daha sonra 2023-cü ilədək həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatları ölkəmizin beynəlxalq birlik tərəfindən rəsmən tanınmış bütün əraziləri üzərində suverenliyimizin tam şəkildə bərpa olunması ilə nəticələndi.

Bu savaşda Azərbaycan sadəcə erməni işğalçılarına qalib gəlmədi. Azərbaycan işğalçıları silahlandırmaqla və beynəlxalq siyasi platformalarda onlara açıq və gizli şəkildə dəstək verməklə Azərbaycanı asılı vəziyyətdə saxlamağa çalışan böyük güc sahiblərinə qalib gəldi.

Azərbaycan Cənubi Qafqaz ətrafında özündən qat-qat güclü dövlətlərin qurduğu məkrli xəyanət planlarını alt-üst edərək öz torpaqlarına sahib çıxdı. Bu çox böyük tarixi hadisədir və bütün gələcək dövrlərdə də xalqımıza qürur yaşadacaq bir qələbədir.

Vətən müharibəsində əldə olunmuş tam və qəti qələbəmiz əsgər və zabitlərimizin döyüş bölgələrində göstərdiyi misilsiz qəhrəmanlıq və xalqımızı Ali Baş Komandan İlham Əliyev ətrafında bir yumruq kimi birləşdirən ümummilli həmrəyliyimiz sayəsində mümkün olub.

Gələcək nəsillərin bu qələbədən alacağı dərs və çıxaracağı nəticə də ondan ibarətdir ki, milli həmrəyliyimiz milli maraqların qorunmasında həmişə əsas və həlledici amil olub və qələbəmizi daimi və davamlı etmək üçün gələcəkdə də belə olmalıdır.

Bu baxımdan Vətən müharibəsinin başlandığı 27 Sentyabr gününün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması da mühüm əhəmiyyət daşıyır.

Bu hər şeydən öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həyatını əsirgəməyən şəhidlərimizə ümumxalq ehtiramının və onların doğmalarına ümumxalq minnətdarlığının ifadəsidir. Allah şəhidlərimizə rəhmət eləsin.

Cavanşir Feyziyev

27 sentyabr 2026-cı il



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki