2020-ci ilin iyul hadisələrindən sonra, xüsusilə generalımız Polad Həşimovun və silahdaşlarının şəhid olması xəbəri hər birimizi, o cümlədən məni, dərindən sarsıtmışdı. Generalımızın şəhidliyi xalqımızın qəlbində böyük yara açmışdı. İllər idi Qarabağ həsrəti ilə yaşayırdıq. Hər döyüş bölgəsindən şəhid xəbəri gələndə ürəyimiz dağlanırdı.
2020-ci il sentyabrın 25-də dostlarımla birlikdə cəbhə bölgəsinə, ordumuzun yerləşdiyi istiqamətlərə getmək qərarına gəldik. Sentyabrın 27-si səhər saat 4 radələrində dostlarım Elnur Eltürk, Emin Əliyev,Rafael Dostəliyev və Cavid Zeyni ilə yola çıxdıq.
Hacıqabulda yerləşən Qədirxum Ailəvi İstirahət Mərkəzində dayandıq, səhər yeməyi yedik. Həmin an hər şey adi görünürdü. Müharibənin başladığından hələ xəbərimiz yox idi. Səhər yeməyindən sonra yolumuza davam etdik.
Yol boyu getdikcə qəribə bir gərginlik hiss olunmağa başladı. Telefon və internet əlaqələri də demək olar ki, yox idi. Füzuli rayonunun girişinə çatanda, 2007-ci ildə inşa edilmiş Füzuli yazılı lövhənin yaxınlığında çoxlu sayda avtomobil gördük. Artıq burada ciddi bir hadisənin baş verdiyini hiss etdik.
Yaxınlaşdıqca məlum oldu ki, müharibə başlayıb, düşmən mövqelərinə qarşı zərbələr endirilir. Oradan keçərək Füzuli Rayon Diaqnostika Mərkəzinə getdik. Orada tələbə yoldaşım Elgün İsmayılov çalışırdı. Mərkəzə daxil olanda gördüyümüz mənzərə bizi sarsıtdı. Yaralı hərbçilər gətirilirdi. Artıq müharibənin başladığı tam aydın idi.
Biz ora hərbçilərimizlə görüşmək, onların vəziyyəti və ehtiyacları ilə maraqlanmaq, bir vətəndaş olaraq dəstəyimizi göstərmək məqsədilə getmişdik. Lakin müharibənin başladığından xəbərimiz yox idi. Yaralı əsgərlərimizi görəndə çox kədərləndim, göz yaşlarımı saxlaya bilmədim. Dostlarım da həmin anın ağırlığını yaşayırdı.
44 günlük Vətən müharibəsi xalqımız üçün həm ağır, həm də qürurlu günlərlə yadda qaldı. Hər şəhid xəbəri ürəyimizi yandırırdı, amma eyni zamanda hər gün torpaqlarımızın işğaldan azad olunması bizə böyük qürur və ümid verirdi. Şəhidlərimizin qanı yerdə qalmır, torpaqlarımız bir-bir azad edilirdi.
Bu ağır günlərdə xalqımız şəhid ailələrinin yanında oldu. Dövlətimiz və xalqımız onların dərdinə şərik çıxdı. Şəhidlərimizin dəfn mərasimlərində iştirak etdik, ailələrinə mənəvi dəstək göstərdik.
Bu gün 27 Sentyabr – Anım Günündə həmin günləri bir daha böyük kədər və qürur hissi ilə xatırlayırıq. Kədərlənirik, çünki şəhidlərimiz var, anaların gözləri yaşlıdır, övladlar atasız qalıb. Qürur duyuruq, çünki onların canı və qanı bahasına torpaqlarımız işğaldan azad edildi.
44 günlük Vətən müharibəsində, xüsusilə 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə tariximizin ən şanlı səhifələrindən biri yazıldı. Bu böyük Zəfər şəhidlərimizin, qazilərimizin və qəhrəman Azərbaycan Ordusunun fədakarlığının nəticəsidir. Bu tarixi Qələbənin əldə olunmasında müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və uzaqgörənliyi xüsusi rol oynadı. Bu böyük Zəfərə görə müzəffər Ali Baş Komandanımıza dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin! Müzəffər Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu və xalqımızı qorusun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın müzəffər Ali Baş Komandan!
Yaşasın Türk dünyası!
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri,
Öndər TV-nin təsisçisi
Ramil Əliyev




















