image-1backend

Azərbaycanın “əbədi dostu” olan prezident kimdir? – Şavkat Mirziyoyev haqqında BİLMƏDİKLƏRİNİZ

image-ads-728x90

Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında münasibətlərin tarixində mühüm hadisə baş verib. Daşkənddə iki ölkənin prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalayıblar. Bu sənəd Azərbaycan-Özbəkistan münasibətlərinin sadəcə dostluq və strateji tərəfdaşlıq çərçivəsində qalmadığını, iki ölkə arasında formalaşmış yüksək siyasi etimadın daha uzunmüddətli və möhkəm hüquqi çərçivəyə salındığını göstərir.

Bəs Azərbaycanla “əbədi dostluq” müqaviləsinə imza atan, son illərdə Özbəkistanı yeni siyasi və iqtisadi mərhələyə çıxaran lider kimdir?

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin həyat və siyasi fəaliyyəti ilə bağlı məlumatları təqdim edirik:

Şavkat Mirziyoyev 1957-ci il iyulun 24-də Özbəkistan SSR-in Cizzax vilayətinin Zamin rayonunda anadan olub. O, xüsusi imtiyazları olmayan ailədə böyüyüb. Valideynləri yerli xəstəxanada çalışıblar. Məhz bu şərait Şavkat Mirziyoyevin xarakterinin formalaşmasına təsir göstərib. Çünki onun dünyagörüşünün və şəxsiyyətinin formalaşdığı illər kənd mühitində keçib.

Orta məktəbi bitirdikdən sonra Şavkat Mirziyoyev təhsilini Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunda davam etdirib. Burada o, elmlərə xüsusi maraq göstərib. Bu təhsil yolu onun peşəkar fəaliyyətində mühüm mərhələyə çevrilib və sonradan elmi fəaliyyətə yönəlməsinə imkan yaradıb. O, Özbəkistan iqtisadiyyatının həyati əhəmiyyət daşıyan sahələrindən biri olan kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Elmi bilik və təcrübəsindən istifadə edərək bu sahənin inkişafına mühüm töhfələr verib.

1981–1992-ci illərdə Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunda çalışıb. Bu müddət ərzində müxtəlif vəzifələrdə, o cümlədən kiçik elmi işçi, baş müəllim, komsomol təşkilatının katibi, partiya təşkilatçısı (partorq), dosent və tədris işləri üzrə prorektor vəzifələrində fəaliyyət göstərib. 1988-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Mirziyoyev bununla akademik nüfuzunu daha da möhkəmləndirib və sonrakı siyasi yüksəlişi üçün zəmin yaradıb.

Əgər Sovet İttifaqı dağılmasaydı, böyük ehtimalla Şavkat Mirziyoyev elmi fəaliyyətini davam etdirərək nüfuzlu alim kimi karyerasını inkişaf etdirə bilərdi. Xüsusilə pambıqçılıq və suvarma sahəsindəki təcrübəsi elmi mühitdə getdikcə daha böyük əhəmiyyət qazanırdı. Lakin Sovet İttifaqının süqutu ilə baş verən geosiyasi dəyişikliklər onun qarşısında yeni imkanlar açdı.

Təhsil illərində əldə etdiyi bilik və təcrübə sonrakı inzibati və siyasi fəaliyyətində əvəzsiz rol oynadı. Kənd təsərrüfatı və suvarma sahəsində qazandığı təcrübə onun idarəçilik yanaşmasının formalaşmasına təsir göstərməklə yanaşı, dövlət qulluğunda çalışdığı dövrdə bu sahələrdə meydana çıxan mürəkkəb problemlərin həllində də möhkəm baza yaratdı.

Şevkat.jpg (55 KB)

1990-cı ildə siyasi fəaliyyətinin ilkin mərhələsində Şavkat Mirziyoyev Özbəkistan Ali Sovetinin deputatı seçilib. Onun bu mühüm vəzifəyə seçilməsi ölkə tarixində dönüş nöqtəsinə təsadüf edib. Özbəkistanın müstəqilliyini elan etməsindən cəmi iki il sonra, 1992-ci ildə Mirziyoyev Daşkənd şəhərinin Mirzo-Uluqbəy rayonuna rəhbər təyin olunub. Şavkat Mirziyoyevin bu vəzifədə fəaliyyəti onun ölkənin siyasi həyatında artan nüfuzunun göstəricisi olub.

1996–2001-ci illərdə Şavkat Mirziyoyev doğma Cizzax vilayətinin Cizzax rayonunun rəhbəri vəzifəsini tutub və yerli idarəetmədə fəal iştirak edib. Bu dövr onun regional inkişaf məsələlərinə diqqət yetirməsi və yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyəti ilə yadda qalıb.

2001–2003-cü illərdə isə əhalisinin sıxlığı ilə seçilən Səmərqənd vilayətinin rəhbəri vəzifəsində çalışıb. Məhz Mirziyoyev Urgut rayonunun Kamangaron və Vaqaşti kəndləri arasında uzun illər davam edən münaqişəni həll edə bilib. Urgutun dağlıq və düzənlik ərazilərində yerləşən bu iki kənd üçün ən böyük problem su qıtlığı olub. Məsələ ilə bağlı kənd sakinləri arasında dəfələrlə mübahisələr yaranıb, hətta yerli rəhbərlik və hüquq-mühafizə orqanları da münaqişəyə çözüm tapa bilməyib. Səmərqənd vilayəti üzrə “Nuraniy” Fondunun şöbə rəhbəri, “El-yurt hurmati” ordeninin kavalerı Həsən Normuradov xatirələrində deyib:“Bunun üçün böyük iş görmək tələb olunmurdu. Lakin onlar xalqı başa düşə, insanlarla səmimi söhbət edə və hər iki tərəfi dinləyə bilmirdilər. Bundan xəbər tutan Şavkat Miromonoviç şəxsən kəndə gedərək insanlarla danışmaq qərarına gəldi. Hakimin ətrafındakı insanların onu bu səfərdən çəkindirməyə çalışdığını, məsələnin mürəkkəb olduğunu söylədiklərini yaxşı xatırlayıram. Lakin bütün bu bəhanələrə baxmayaraq, o, bir-biri ilə münaqişə edən insanların yanına getdi”. “Qoy prezident məsələmizi həll etsin, bizə su gətirsin” deyən sakinləri isə Mirziyoyev bu sözlərlə sakitləşdirib: “Mən bu vilayətin hakimi və sizin məsələnizə görə məsuliyyət daşıyan şəxsəm. Yalnız problemi həll edə bilməsək, rəhbərliyə müraciət edərik”.

İki kəndin nümayəndələrinin şikayətlərini dinlədikdən sonra Mirziyoyev onlara öz təkliflərini bildirib. Ərazinin əhalisini su ilə təmin etmək üçün Kamangaron su anbarının tikintisi qərara alınıb. Beləliklə, iki kəndin sakinləri arasında uzun illər davam edən münaqişəyə son qoyulub.

Mirzyoyev.jpg (16 KB)

2003-cü il dekabrın 11-də ölkə prezidenti İslam Kərimovun təklifi ilə parlament tərəfindən Özbəkistan Respublikasının Baş naziri vəzifəsinə təsdiqlənib. O, bu postda istefaya göndərilmiş Utkir Sultanovu əvəz edib. 2004-cü ildə Özbəkistanda hökumətyönlü Özbəkistan Liberal-Demokrat Partiyası (ÖzLiDeP) – Sahibkarlar və İşgüzar İnsanlar Hərəkatı yaradılıb. Şavkat Mirziyoyev partiyanın Siyasi Şurasının tərkibinə daxil olub. Daha sonra o, Özbəkistanın Baş naziri vəzifəsinə yenidən təyin edilib: 28 yanvar 2005-ci ildə və 27 yanvar 2010-cu ildə. 23 yanvar 2015-ci ildə isə parlament tərəfindən yenidən Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təsdiqlənib.

Bu, müasir Özbəkistan tarixində hökumət başçısı vəzifəsinə namizədliyin ilk dəfə prezident tərəfindən deyil, məhz partiya tərəfindən irəli sürüldüyü hal olub. Belə ki, 2014-cü il dekabrın 21-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, ÖzLiDeP parlamentdə ən çox deputat mandatı – 52 yer qazanıb və Mirziyoyevin namizədliyini Baş nazir postuna həmin partiya irəli sürüb.

Şavkat Mirziyoyev hökumətə rəhbərlik etməklə yanaşı, respublikanın bütün aqrar-sənaye kompleksinə də nəzarət edib. Bu sahəyə kənd təsərrüfatı və su təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, eləcə də istehlak mallarının istehsalı ilə bağlı məsələlər daxil olub. Bu vəzifədə Şavkat Mirziyoyev idarəçilik və dövlət siyasətinin həyata keçirilməsi sahəsində öz səriştəsini nümayiş etdirib. O, Baş nazir postunda təxminən 13 il çalışıb. Bu müddət ərzində ölkənin siyasi və iqtisadi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb, özünü Özbəkistanın siyasi arenasında peşəkar və effektiv rəhbər kimi tanıdıb.

Özbəkistanın ilk prezidenti İslam Kərimovun 2016-cı ildə vəfat etməsindən sonra Şavkat Mirziyoyev ölkədə hakimiyyət dəyişikliyi prosesinin əsas fiquruna çevrilib. Özbəkistana 25 il rəhbərlik etmiş Kərimovun ölümü ölkə tarixində mühüm dönüş nöqtəsi olub. Prezident seçkisində səslərin 88,61 faizini toplayan Mirziyoyev cəmiyyətdə güclü dəstəyə və etimada malik olduğunu nümayiş etdirib. O, 2016-cı il dekabrın 14-də prezident vəzifəsinin icrasına rəsmən başlayıb. Bununla da Özbəkistanın siyasi həyatında yeni mərhələ başlayıb və Kərimovun onilliklər ərzində davam edən hakimiyyətindən sonra ölkənin siyasi kursunda dəyişikliklərin əsası qoyulub.

Şavkat Mirziyoyev 2023-cü ildə prezident vəzifəsinə yenidən seçildikdən sonra deyib: “Bu gün Özbəkistanın müstəqilliyinin, 36 milyondan çox xalqımızın dinc və firavan həyatının təmin edilməsi üçün üzərimə götürdüyüm böyük şəxsi məsuliyyəti bütün qəlbimlə, bütün ruhumla hiss edirəm. Bu yüksək etimada görə çoxmillətli, mərd və müdrik xalqımız qarşısında övlad məhəbbəti və sədaqətlə baş əyirəm”.

ikiprezident.jpg (768 KB)

Özbəkistan prezidenti seçildikdən sonra Şavkat Mirziyoyev ölkədə genişmiqyaslı sosial islahatlar və iqtisadiyyatın liberallaşdırılması ilə müşayiət olunan dəyişikliklərə start verib. Onun prezidentliyi dövründə şəffaflığın artırılması, idarəetmənin təkmilləşdirilməsi, mətbuat azadlığının genişləndirilməsi və insan hüquqlarına xüsusi diqqət yetirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb.

Şavkat Mirziyoyevin administrasiyası gender bərabərliyinin təmin edilməsinə və vətəndaşların ədalət mühakiməsinə daha geniş çıxış imkanlarının yaradılmasına xidmət edən qanunların hazırlanmasına və qəbuluna xüsusi önəm verib. Bundan əlavə, hökuməti uzun illərdir davam edən uşaq əməyinə və məcburi əməyə, xüsusilə də pambıqçılıq sahəsində bu təcrübələrə qarşı qəti mövqe tutub və həmin praktikaların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirib.

Şavkat Mirziyoyev iqtisadi sahədə də qarşıya iddialı hədəflər qoyub və Özbəkistanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Bu siyasət nəticəsində Almaniya, Fransa və Çin də daxil olmaqla, dünyanın aparıcı ölkələrindən ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində xarici investisiyanın cəlb edilməsinə şərait yaranıb.

Diplomatik cəbhədə isə Şavkat Mirziyoyev Özbəkistanın beynəlxalq siyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. O, Mərkəzi Asiya regionundakı qonşu ölkələrlə münasibətlərin inkişafına, həmçinin Şərqdə və Qərbdə yerləşən bir sıra aparıcı dövlətlərlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirib.

andiçmə.jpg (18 KB)

Şavkat Mirziyoyev 2022-ci ildə dərc olunan məqaləsində yazıb: “Səmərəli beynəlxalq əməkdaşlıq dünyanı daha dayanıqlı, proqnozlaşdırıla bilən və firavan edir. Bu, müasir dövrün ümumi problemlərinin həlli üçün ən real, əlçatan və yaxın yoldur, həmçinin qarşıdan gələn çağırış və sarsıntılardan hamımızı qoruyan ümumi sığorta mexanizmidir”.

2023-cü ilin iyulunda Özbəkistan lideri yeni yeddiillik prezidentlik müddətinə yenidən seçilib. O, seçicilərin 87 faizinin səsini qazanaraq genişmiqyaslı islahatlarını davam etdirmək üçün mandat əldə edib.

Şavkat Mirziyoyev ölkənin inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edən çoxsaylı islahatlara təşəbbüs göstərib. Onun həyata keçirdiyi ən tanınmış və mühüm islahatlar sırasında aşağıdakıları qeyd etmək olar:

*Özbəkistanın milli valyutası olan sumun məzənnəsinin liberallaşdırılması;
*sərhədlərin açılması, xarici investisiyaların, şirkətlərin və turistlərin ölkəyə cəlb edilməsi;
*bir sıra sahələrdə dövlət inhisarlarının ləğvi və dövlət əmlakının özəlləşdirilməsi proqramının həyata keçirilməsi;
*pambıq yığımında uşaqların və qadınların məcburi əməyinin aradan qaldırılması;
*siyasi məhbusların azadlığa buraxılması;
*dövlət mülkiyyətinin strukturunun dəyişdirilməsi;
*özəl biznes üçün inzibati maneələrin aradan qaldırılması və vergi yükünün azaldılması.

 

2023-cü ildə prezident vəzifəsinə yenidən seçildikdən sonra Şavkat Mirziyoyev “Yeni Özbəkistanın inkişaf strategiyası”nı, yəni “Özbəkistan-2030” strategiyasını təsdiqləyib. Strategiya 5 əsas istiqaməti və 100 hədəfi əhatə edir. Proqramın həyata keçirilməsinə ən azı 252 milyard dollar vəsait ayrılması nəzərdə tutulur.
Strategiyanın əsas istiqamətləri bunlardır:

• Xalqa xidmət edən ədalətli və müasir dövlətin qurulması – 16 hədəf;
• İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi – 17 hədəf;
• Beynəlxalq standartlara və əhalinin maraqlarına cavab verən səhiyyə, təhsil və sosial müdafiə sisteminin inkişaf etdirilməsi – 44 hədəf;
• Ətraf mühitin qorunması – 12 hədəf;
• Özbəkistanın yüksək müdafiə qabiliyyətinə malik, təhlükəsiz və sülhsevər dövlətə çevrilməsinin davam etdirilməsi, açıq, praqmatik və fəal xarici siyasətin həyata keçirilməsi – 11 hədəf.

ailə.jpg (139 KB)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ziroat Mahmudovna Mirziyoyeva ilə evlidir. Onların iki qızı və bir oğlu var:

Böyük qızı – Səidə Şavkatovna Mirziyoyeva.
Kiçik qızı – Şahnaza Şavkatovna Mirziyoyeva.
Oğlu – Əlişer Şavkatoviç Mirziyoyev.

23 aprel 2018-ci ildə Türkiyənin paytaxtı Ankarada Şavkat Mirziyoyevə “Avrasiya qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunub. Mükafat onun “cəmiyyət qarşısında misilsiz və tarixi xidmətləri”nə görə verilib. Bu mükafat ilk dəfə təqdim edilib. Mükafat 2012-ci ildən “Türk dünyası qarşısında xidmətlərinə görə” müsabiqəsi keçirən Türkiyənin EcoAvrasya iş adamları təşkilatı tərəfindən təsis olunub.

2018-ci ilin dekabrında Asiya Jurnalistlər Assosiasiyası Şavkat Mirziyoyeva “Asiyada ilin adamı” elan edib. Özbəkistan Prezidenti bu ada Mərkəzi Asiya ölkələri arasında sülhün və əməkdaşlığın təmin olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Bundan əlavə, Şavkat Mirziyoyev Naqoya Universitetinin fəxri doktoru adına layiq görülüb.

uşaqlar.jpg (53 KB)

Şahanə Rəhimli

Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki