image-img-20260824-wa0043backend

Sürətlə yayılan yeni virus – “Boşanma virusu”

image-ads-728x90

“Azərbaycanda bu il evlənənlərin yarısı boşanıb”. Bu cümləyə, güman ki, rast gəlmisiniz və çox təəccüblənmisiniz.

Bəs yayılan bu “virusun” – “boşanma virusunun” səbəbləri nədir və bu “virusun” vaksini varmı?

Boşanmaların artmasının bir yox, bir neçə səbəbi var: işsizlik, maddi çətinliklər, mənzil problemi, xəyanət, qısqanclıq, xarakterlərin bir-birinə uyğun gəlməməsi, kənar müdaxilələr, sağlamlıq problemləri və s.

Son zamanlar işsizliyin artması ailələrdə maddi çətinliklərə səbəb olur. Nəticədə qadın və kişi arasında mübahisələr yaranır və bu da ailənin dağılmasına, boşanmaya gətirib çıxara bilir.

Gənclərin evlənmək istəyinin azalmasının əsas səbəblərindən biri də mənzil problemidir. Mənzil qiymətlərinə nəzər yetirsək, gənclərin müstəqil şəkildə mənzil almasının nə qədər çətin olduğunu görə bilərik. Mənzili olmayan bir çox gənc ailə həyatı qurmaq istəmir və ya bu qərarı təxirə salır.

Xarakterlərin bir-birinə uyğun gəlməməsinin əsas səbəblərindən biri də gənclərin bir-birini daha yaxından tanımadan ailə həyatı qurmasıdır. Bəzi gənclər böyüklərin təkidi və ya israrı ilə evlənirlər. Ailəyə kənar müdaxilələr də zamanla münasibətlərdə problemlərin yaranmasına və boşanmaların artmasına səbəb ola bilər.

Boşanmaların sayı artdıqca, subay gənclər arasında evliliklə bağlı narahatlıq və tərəddüd də artır. Nəticədə evlilik yaşı yüksəlir, evliliyə maraq azalır.

Əslində isə evlilik yalnız sevgi üzərində qurulmur. Ailənin möhkəm və davamlı olması üçün qarşılıqlı hörmət, bir-birini dinləmək bacarığı, güvən, sağlam ünsiyyət və problemləri birlikdə həll etmək bacarığı da böyük rol oynayır.

Ona görə də əsas diqqət “Niyə evlənmirlər?” sualından daha çox, “Sağlam və dayanıqlı ailə institutunu necə formalaşdırmaq olar?” sualına yönəldilməlidir.

Könül Mürsəliyeva



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki