image-2backend

Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

image-ads-728x90

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşün TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü və Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirildiyi mühüm tarixi-siyasi mərhələyə təsadüf etməsi olduqca vacibdir. Belə ki, konfrans yalnız görkəmli Azərbaycan mütəfəkkirinin irsinin öyrənilməsi baxımından deyil, həm də Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin nümayəndə heyətinin qəbulu zamanı səsləndirdiyi fikirlər isə Azərbaycanın tarixə, milli-mənəvi irsə, Türk dünyasına, Qafqaza və regional sülhə münasibətinin bütöv konsepsiyasını ortaya qoyub. Dövlətimizin başçısı çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xüsusi vurğulanması təsadüfi deyil. Çünki Azərbaycan tarixinin ən mühüm xüsusiyyətlərindən biri onun yalnız milli deyil, eyni zamanda ümumbəşəri mədəniyyətə mühüm töhfələr verməsidir.

Azərbaycan xalqının yetişdirdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər əsrlər boyu yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq və İslam dünyasının elmi, fəlsəfi, ədəbi və mənəvi düşüncəsinin inkişafına təsir göstəriblər. Bu böyük şəxsiyyətlərin irsi zaman və coğrafiya sərhədlərini aşaraq dünya mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Məhz bu baxımdan Şeyx Seyid Yəhya Bakuvi irsinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransın Bakıda keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Bakuvi yalnız Azərbaycan tarixinin böyük mütəfəkkiri deyil, Türk-İslam düşüncə məkanında mühüm iz qoyan şəxsiyyətdir. Onun irsində mənəvi kamillik, insan həmrəyliyi, mötədillik, elm və dialoq kimi dəyərlərin mühüm yer tutması müasir dövrün çağırışları ilə də səsləşir.

Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın geosiyasi və tarixi mövqeyinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bir tərəfdən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə bağlı olduğu Türk dünyasının fəal üzvüdür, digər tərəfdən isə Qafqazın mərkəzində yerləşən və bu regionun siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik proseslərinə birbaşa təsir göstərən dövlətdir. Ölkəmizin bu iki mühüm coğrafi və sivilizasiya məkanının kəsişməsində yerləşməsi ona xüsusi strateji üstünlüklər verir. Bakı həm Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən siyasi və nəqliyyat platformalarından biri, həm də Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm mərkəzdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixən Türk dünyası ilə Qafqaz arasında sıx əlaqələr mövcud olub. Azərbaycanın qədim dövlətçilik tarixi, Qafqaz Albaniyası irsi, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi, Azərbaycan ərazisinin müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olması bu coğrafiyanın tarixi bütövlüyünü göstərir. Bu baxımdan Azərbaycanın Türk dünyası və Qafqaz arasında əlaqələndirici rolunun gücləndirilməsi müasir dövrün mühüm siyasi reallıqlarından biridir.

Azərbaycanın sülh prosesini dəstəkləməsi, Ermənistanla uzunmüddətli sülhün təmin olunmasına olan istəyi, lakin Azərbaycan xalqına qarşı törədilən faciələri və vəhşilikləri heç vaxt unutmayacağı Prezident İlham Əliyevin çıxışının ən mühüm siyasi mesajlarından biri olub. Dövlətimizin başçısının çıxışı Azərbaycanın yalnız bugünkü siyasi mövqeyini deyil, həm də gələcəyə dair strateji baxışını nümayiş etdirib. Belə ki, Azərbaycan sülh istəyir, regionda sabitliyin təmin olunmasını dəstəkləyir və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasında maraqlıdır. Lakin bütün bunlarla yanaşı, Azərbaycan öz tarixini, şəhidlərini, Xocalı qurbanlarını, dağıdılmış şəhər və kəndlərini, məhv edilmiş mədəni-dini irsini heç vaxt unutmayacaq. Bu təbii ki, ziddiyyət deyil. Əksinə, güclü dövlət siyasətinin iki mühüm prinsipinin, sülhə sadiqliyin və milli yaddaşa bağlılığın vəhdətidir. Azərbaycanın mesajı aydındır. Gələcəyə sülhlə baxmaq mümkündür, lakin gələcəyi qurmaq üçün keçmişin dərslərini unutmaq olmaz.

Metin Hüseynov  –  siyasi sərhçi, politoloq

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki