Türkiyənin müdafiə sənayesində uzaqmənzilli və yüksək dəqiqlikli zərbə imkanlarına malik milli raketlərin hazırlanması istiqamətində yeni mərhələyə keçilir.
Korrekt.az xəbər verir ki, Türkiyə istehsalı olan müxtəlif raket sistemlərinin bir qismi artıq inventara daxil edilir, digərləri seriyalı istehsala hazırlanır, bir sıra layihələr isə sınaq mərhələsindədir. Bu layihələr arasında İHA-300/300-ER, TAYFUN Block-3, TAYFUN Block-4, CENK və GEZGİN raketləri xüsusi diqqət çəkir.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, yaxın vaxtlarda AKINCI pilotsuz uçuş aparatından buraxılan İHA-300 raketi 250 kilometrdən artıq məsafədə yerləşən hədəfi uğurla vurub. Bildirilir ki, raketin daha yüksək sürət və uçuş imkanlarına malik platformalardan buraxılması onun effektiv mənzilini əhəmiyyətli dərəcədə artıra bilər.
Məlumata əsasən, İHA-300-ün döyüş təyyarəsindən buraxılması zamanı raketin uçuş məsafəsinin 500 kilometri keçə biləcəyi ehtimal edilir. Bununla yanaşı, Türkiyənin həmin raketin daha böyük versiyası üzərində də çalışdığı bildirilir.
Türkiyənin uzaqmənzilli raket proqramında əsas layihələrdən biri TAYFUN ailəsidir.
TAYFUN Block-3-ün son aylarda hərəkətdə olan dəniz hədəfinə qarşı sınaqdan keçirildiyi və hədəfi uğurla vurduğu bildirilir. Bununla Ankara uzun mənzilli raketlərin müxtəlif tipli hədəflərə qarşı tətbiqi imkanlarını nümayiş etdirib.
TAYFUN Block-4-ün də yaxın gələcəkdə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyi gözlənilir. Bununla belə, yeni blokların dəqiq uçuş məsafəsi rəsmi şəkildə açıqlanmayıb.
Əvvəlki sınaqlardan birində TAYFUN raketi 561 kilometr məsafədə yerləşən hədəfi vurub. Yeni versiyalarla bağlı Türkiyə rəsmiləri məsafənin “lazım olduğu qədər” olacağını bildiriblər.
Türkiyənin uzaqmənzilli raket proqramında GEZGİN və CENK layihələri də mühüm yer tutur.
Məlumatlara görə, GEZGİN raketinin seriyalı istehsalına hazırlıq mərhələsi başa çatıb. Müxtəlif platformalardan buraxılması nəzərdə tutulan raketin dəqiq uçuş məsafəsi isə rəsmi olaraq açıqlanmayıb.
CENK isə ballistik raket kateqoriyasında qiymətləndirilən və hazırda inkişaf mərhələsində olduğu bildirilən layihələrdən biridir. Bu raketin də texniki göstəriciləri və mənzili ilə bağlı rəsmi məlumatlar məhduddur.
Beləliklə, Türkiyənin raket proqramı yalnız uçuş məsafəsinin artırılmasına deyil, müxtəlif platformalardan istifadə etməklə fərqli hədəflərə qarşı dəqiq zərbə imkanlarının genişləndirilməsinə yönəlib.
Müdafiə sənayesindəki bu layihələrin inventara daxil edilməsi və yeni sistemlərin hazırlanması Türkiyənin uzaqmənzilli zərbə imkanlarını mərhələli şəkildə genişləndirməsinə şərait yarada bilər.





















