image-img-20260916-wa0100-1backend

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

image-ads-728x90

“Türk Dünyası Uşaq Nağılları”
Əziz balaca dostum!
Əlində tutduğun bu nağıl kitabı səni çox uzaqlara aparacaq sehrli bir açardır…
Amma narahat olma! Bu səyahət üçün çamadan hazırlamağa ehtiyac yoxdur. Çünki nağılların da uçan xalçalar, qanadlı quşlar kimi qanadları var. Bu kitabın ilk səhifəsini çevirdikdə özünü Qırğızıstan çöllərində əsən sərin küləyin ardınca gedərkən tapacaqsan. Başqa bir səhifədə isə Özbəkistan bağlarında açan rəngbərəng çiçəklərin arasında dolaşacaqsan.
Bəzən Qazaxıstanın obalarında yandırılan tonqalın başında oturacaq, bəzən Uyğur diyarının qədim küçələrində səssizcə addımlayacaqsan. Tatar ellərində hiyləgər tülkülərlə tanış olacaq, Azərbaycan nağıllarının igid qəhrəmanlarına heyran qalacaq, Türkiyədən gələn xeyirxahlıq dolu hekayələrə gülümsəyəcəksən.
İndi bu kitabda düz yeddi nağıl süfrəsi açılıb.
Bu süfrələrdə yalnız insanlar deyil, atlar da danışır, aslanlar da gülür, dovşanlar da düşünür, tülkülər isə öz ağılları ilə hər kəsi təəccübləndirirlər. Bəzən bir qılınc, bəzən bir bıçaq, bəzən də bir ağac və ya külək dilə gəlir.
Nağıllar dünyasında hər şeyin öz səsi, hər səsin isə danışacağı bir hekayəsi var. Əziz dostum, buna əsla təəccüblənmə… Çünki nağıllar ölkəsində “ola bilməz” deyilən şeylər belə gerçəkləşir.
Bu nağıl süfrəsində başqa bir ölkənin, başqa bir şəhərin, başqa bir kəndin uşağı səni gözləyir. O, sənə gülümsəyərək “Salam!” deyir.
Bəlkə danışdığınız sözlər ilk anda sənə bir qədər fərqli gələcək. Amma bir az diqqətlə dinlədikdə anlayacaqsan ki, sizin qəlbləriniz eyni dildə danışır. Sən sözlərin yanında qəlbin dili ilə də danışmağı öyrənəcəksən.
Bu kitab Türkiyədən, Azərbaycandan, Qırğızıstandan, Qazaxıstandan, Özbəkistandan, Uyğur diyarından və Tatar ellərindən sənə uzanan böyük bir dostluq hədiyyəsidir.
Buradakı nağıllar yüz illər boyunca nənələrin dizinin dibində, babaların isti səsi ilə, bəzən yanan ocağın başında, bəzən də ulduzlarla dolu səmanın altında danışılıb. Onlar dildən-dilə, könüldən-könülə keçərək heç vaxt unudulmayıb və nəhayət, gəlib sənə çatıb.
Kitabdakı ən gözəl sürprizlərdən biri də budur:
Əvvəlcə hər nağılı onun yarandığı yurdun öz ləhcəsində oxuyacaqsan. Sonra səhifəni çevirdikdə həmin nağılın Türkiyə türkcəsindəki variantını görəcəksən.
Bəzi sözlər sənə yad gələcək, bəzilərini isə sanki çoxdan tanıdığını hiss edəcəksən. Onları ucadan söyləmək istəyəcəksən. Məhz həmin anda heç vaxt görmədiyin bir dostunla aranda görünməz bir körpü qurmuş olacaqsan.
Bəlkə “ata” və “ana” başqa cür deyiləcək, bəlkə “aslan”, “tülkü” və ya “tısbağa” fərqli səslərlə ifadə olunacaq. Ancaq onların mənası eyni olacaq. Çünki varlıqları və əşyaları fərqli sözlərlə adlandırsaq da, hamımız eyni böyük dil ağacının budaqlarında böyüyən uşaqlarıq və bir-birimizi anlaya bilərik.
Bu nağıllar yalnız qəhrəmanlardan bəhs etmir.
Burada xeyirxahlıq, dostluq, paylaşmaq, cəsarət, səbir və ümid var.
Bəzən balaca bir uşaq nəhənglərdən daha güclü olacaq. Bəzən kiçik bir sərçə böyük bir meşəni dəyişdirəcək. Bəzən isə ağıllı bir tülkü sənə ağlın gücdən daha qiymətli olduğunu göstərəcək.
Sən də bəzən güləcək, bəzən həyəcanlanacaq, bəzən isə “Mən olsaydım, nə edərdim?” deyə düşünəcəksən.
Nağılların bizə öyrətmək istədiyi ən gözəl həqiqətlərdən biri də məhz budur.
Unutma, nağıllar səni heç vaxt tək qoymaz.
Qəhrəman qorxanda sən də onunla birlikdə bir az qorxarsan. O ümid edəndə sənin də qəlbinə ümid dolur. O sevindikdə sən də gülümsəyirsən.
Nəhayət, hər nağıl başa çatanda qəlbində isti bir işıq yanır. Həmin işıq sənə astaca belə pıçıldayır:
“Xeyirxahlıq paylaşdıqca çoxalır. Cəsarət ürəkdə cücərir. Ağıl ən böyük xəzinədir. Dostluq isə uzaqları yaxınlaşdıran görünməz körpüdür.”
Əziz dostum!
Əlindəki bu kitab sadəcə bir nağıl kitabı deyil. O, yüz illər boyunca dildən-dilə, könüldən-könülə ötürülən böyük bir mirasdır.
Kitabın səhifələrini çevirdikcə yalnız nağıl oxumayacaqsan. Türk dünyasının dörd bir yanında yaşayan uşaqlarla eyni xəyalları bölüşəcək, eyni qəhrəmanlara sevinəcək, eyni yaxşılığa inanacaqsan.
Bəlkə də siz bir-birinizi heç vaxt görməyəcəksiniz. Amma eyni nağılın içində görüşəcək, eyni dünyanı birlikdə kəşf edəcəksiniz.
İndi dərindən nəfəs al…
İlk səhifəni çevir və yeddi diyara doğru nağıl səyahətinə çıx.
Kitabın son səhifəsini bağladıqda isə bir həqiqəti anlayacaqsan:
Yeddi ölkə…
Yeddi nağıl…
Yeddi fərqli səs…
Amma hamısı eyni sevginin, eyni mədəniyyətin və eyni böyük ürəyin hekayəsidir.
Və həmin böyük hekayənin ən gözəl qəhrəmanlarından biri də sənsən!
Xoş mütaliələr, balaca nağıl dostum!
Prof. Dr. Füzuli BAYAT
Prof. Dr. Kürşad ZORLU
Doktorant Çağla ÇAMA
Bakı – Ankara – İstanbul
2026



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki