“Tam Store” MMC cərimələnib.

Vətəndaş (müştəri) S.Gülməmmədlinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciətindən sonra MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Protokola və ona əlavə edilmiş sənədlərə əsasən, bu ilin martında şirkətin “tamstore.az” adlı “Instagram” səhifəsində yayımlanan reklamda endirim kampaniyası ilə bağlı istehlakçılarda çaşqınlıq yaradan məlumatların yer aldığı və əmtəələrin qiymət güzəştləri barədə yanlış məlumat verildiyi müəyyən edilib. Bundan sonra vətəndaş S.Gülməmmədli Dövlət Agentliyinə müraciət edib.

Daxil olan müraciətdə “tamstore.az” adlı “Instagram” səhifəsində “Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir” məzmunlu endirim kampaniyasının elan edildiyi bildirilib. Paylaşımda endirimlərin 5-24 mart tarixlərində keçərli olduğu qeyd edilib.

Lakin vətəndaş müraciətində göstərib ki, vətəndaşın getdiyi “Tam Store” mağazasında, eləcə də həmin obyektdə olan fiziki kataloqlarda sözügedən endirimlər tətbiq edilməyib. O, kampaniya ilə bağlı məlumatların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.

Müraciət əsasında Agentlik tərəfindən şirkətə sorğu göndərilib.

Şirkətin Agentliyə təqdim etdiyi cavabda kampaniyanın Naxçıvan Muxtar Respublikası istisna olmaqla digər mağazalara şamil edildiyi bildirilib. Həmçinin bu barədə “Instagram” paylaşımının qeyd hissəsində məlumat verildiyi qeyd olunub.

Lakin Agentliyin apardığı araşdırma zamanı fərqli nəticə ortaya çıxıb. Agentlik tərəfindən şirkətə məxsus “tamstore.az” adlı “Instagram” səhifəsinə baxış keçirilib. Bundan başqa, vətəndaş S.Gülməmmədlinin Agentliyə təqdim etdiyi reklam fotogörüntüləri də araşdırılıb.

Araşdırma zamanı kampaniyanın Naxçıvan şəhəri istisna olmaqla digər mağazalarda tətbiq edildiyinə dair hər hansı qeydin reklam paylaşımında göstərilmədiyi müəyyən edilib.

Beləliklə, şirkətin Agentliyə təqdim etdiyi məlumatla reklamın faktiki məzmunu arasında uyğunsuzluq olduğu müəyyənləşdirilib.

İş materiallarına əlavə edilmiş fotoşəkillər də Nərimanov Rayon Məhkəməsində araşdırılıb.

Həmin görüntülərdən “tamstore.az” adlı “Instagram” səhifəsində yayımlanan reklamlarla mağazanın rəflərində yerləşdirilən məhsulların satış qiymətləri arasında fərqlərin olduğu müəyyən edilib.

Məhkəmə iclasında Agentliyin nümayəndəsi protokolu müdafiə edərək bildirib ki, reklamda endirim kampaniyası barədə istehlakçılarda çaşqınlıq yaradan və əmtəələrin qiymət güzəştləri ilə bağlı yanlış məlumatlar verilib.

Agentliyin nümayəndəsi qeyd olunan halların İXM-in 428.10-cu maddəsinin tələblərinin pozulması ilə nəticələndiyini bildirib. O, hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən “Tam Store” MMC-nin nümayəndəsi isə şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olduğunu söyləyib. Nümayəndə reklamla bağlı yaranmış vəziyyətin şirkətin işçisinin yol verdiyi texniki xəta nəticəsində baş verdiyini qeyd edib. O, məhkəmədən MMC barəsində daha az məbləğdə inzibati cərimə tətbiq edilməsini xahiş edib.

Məhkəmə iş materiallarını, inzibati xəta haqqında protokolu, təqdim edilmiş sübutları araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib.

Məhkəmə nəticəyə gəlib ki, “Tam Store” MMC İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmənin qiymətləndirməsinə əsasən, reklam kampaniyası ilə bağlı istehlakçıların düzgün məlumatlandırılmasını təmin edən mühüm şərtlər reklamda aydın şəkildə göstərilməyib.

Nəticədə məhkəmə qərar verib ki, şirkət barəsində 1 000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, “Tam Store” MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir. Şirkət “Avrora Qrup”a daxildir. Şirkətin nizamnamə kapitalı 100 manat, baş direktoru isə Ceyhun Yusubovdur. “Avrora Qrup”un isə, prezidenti Ceyhun Abbasovdur. Plat.az