Rusiya kosmosda hərbi rəqabətin qarşısının alınması üçün təcili və konkret addımların atılmasının vacibliyini bəyan edib.
Korrekt.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynkinin “kosmosu idarə etmək üçün lazımi silahlara sahibik” açıqlamasına münasibət bildirib.
Zaxarova ABŞ-ın kosmos sahəsində siyasətini tənqid edərək, Vaşinqtonun bu istiqamətdə həyata keçirdiyi yanaşmanın mənfi nəticələrə səbəb ola biləcəyini deyib.
Onun sözlərinə görə, ABŞ öz maraqlarını əsas götürərək kosmosda baş verə biləcək silahlı münaqişənin bəşəriyyət üçün yarada biləcəyi fəlakətli nəticələri nəzərə almır.
“Bu yanaşma ölkələrin kosmosu tədqiq etmək imkanlarını təhlükə altına almaqla yanaşı, Yer kürəsində sosial-iqtisadi proseslər üçün də ciddi risklər yaradır”, – Zaxarova bildirib.
Rusiya XİN sözçüsü kosmosda hərbi rəqabətin qarşısının alınması üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayıb.
“Buna görə də kosmosda hərbi rəqabətin qarşısını almaq üçün təcili konkret addımlar atılmalıdır”, – deyə Zaxarova qeyd edib.





















