Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli sahibkarların qarşılaşdığı bürokratik maneələrdən narazılığını ifadə edib.
Korrekt.az xəbər verir ki, Mürvət Həsənli bildirib ki, sahibkarlar fəaliyyətləri ilə bağlı müxtəlif dövlət qurumlarında yaranan problemlərin həllinə həddindən artıq vaxt sərf etmək məcburiyyətində qalırlar.
“Səbrin də bir həddi var. Nə qədər olar?! And olsun Allaha, sahibkar artıq öz işi ilə məşğul ola bilmir. Həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir. Sahibkar istehsalı artırmağı, yeni iş yerləri yaratmağı, investisiya qoymağı düşünməli olduğu halda, vaxtını və enerjisini süni maneələrin aradan qaldırılmasına sərf edir”, – deyə Mürvət Həsənli bildirib.
Mürvət Həsənli qeyd edib ki, ölkə Prezidenti dəfələrlə sahibkar və fermerlərin fəaliyyətinə maneələrin yaradılmaması ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.
“Bəs bu tapşırıqları kim eşitməli və kim icra etməlidir? Əgər hər hansı dövlət qurumu qanunsuz və əsassız şəkildə fermeri incidirsə, sahibkarın normal fəaliyyətinə mane olursa, bu, artıq yalnız bir vətəndaşa və ya sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə həyata keçirilən sahibkarlığın inkişafı siyasətinə və dövlət başçısının müəyyən etdiyi xəttə zidd yanaşmadır”, – deyə o vurğulayıb.
Mürvət Həsənlinin sözlərinə görə, sahibkar dövlətdən xüsusi imtiyaz tələb etmir.
“Sahibkar sadəcə qanunun işləməsini, ədalətli münasibəti və fəaliyyətinə əsassız müdaxilə edilməməsini istəyir”, -Mürvət Həsənli bildirib.
O qeyd edib ki, sahibkara yaradılan hər bir əsassız problem onun maliyyə vəziyyətinə və istehsal imkanlarına birbaşa təsir göstərə bilər.
“Sahibkarı heç bir əsas olmadan zərərə salmaq onun istehsal imkanlarını zəiflədir, iş yerlərini risk altına qoyur və nəticədə vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində problemlər yarada bilər”, – deyə Mürvət Həsənli bildirib.
Onun sözlərinə görə, sahibkarın üzləşdiyi zərərin nəticələri yalnız həmin şəxslə məhdudlaşmır.
“Unutmaq olmaz ki, sahibkarın zərəri yalnız sahibkarın şəxsi problemi deyil. İstehsal azalırsa, məşğulluq azalır, müəssisənin gəliri aşağı düşürsə, büdcəyə ödənilən vergilər də risk altına düşür. Yəni sahibkara yaradılan süni maneələrin nəticəsi sonda iqtisadiyyata və dövlət büdcəsinə də təsir edir”, – o qeyd edib.
Mürvət Həsənli hesab edir ki, sahibkarların vaxt və enerjisini bürokratik məsələlərin həllinə deyil, istehsal və inkişaf proseslərinə yönəltməsi üçün şərait yaradılmalıdır.
“Bu səbəbdən sahibkarın vaxtını bürokratiyaya və süni problemlərin həllinə deyil, istehsala, inkişafa, yeni iş yerlərinin yaradılmasına və ölkə iqtisadiyyatına töhfə verməyə sərf etməsinə imkan verilməlidir. Sahibkara problem yaratmaq yox, işləməsinə şərait yaratmaq lazımdır”, – deyə Mürvət Həsənli vurğulayıb.





















