Azərbaycanın müasir qırıcı təyyarələr, raketlər və pilotsuz uçuş aparatları ilə hərbi potensialını sürətlə gücləndirməsi Ermənistanda ciddi narahatlıqla izlənilir.
Korrekt.az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert, hərbi analitik David Arutyunov Azərbaycanın hərbi strategiyasını şərh edərkən İrəvan üçün diqqətçəkən xəbərdarlıqlar səsləndirib.
Xatırladaq ki, Azərbaycan Çin-Pakistan istehsalı olan müasir JF-17C Block III qırıcıları alır. Bundan başqa, Bakı Türkiyə, Ukrayna və digər ölkələrdən raketlər və pilotsuz uçuş aparatları da əldə edir.
Arutyunovun fikrincə, Azərbaycanın hərbi potensialını artırmasının əsas məqsədlərindən biri Ermənistana təzyiq göstərmək və İrəvanı mümkün müqavimətdən çəkindirməkdir.
“Əsas məqsəd hərbi potensialı artırmaqla Ermənistana təzyiq göstərməkdir ki, İrəvanda müqavimət göstərmək barədə düşünməsinlər”, – deyə erməni ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün həm mövcud sülh prosesi, həm də gələcək müqavilə son məqsəd deyil. Arutyunov hesab edir ki, Bakı bunlardan Ermənistan və bütövlükdə region üzərində üstünlüyünü möhkəmləndirmək üçün vasitə kimi istifadə edir.
Ekspert Ermənistan rəhbərliyini mövcud vəziyyətə realist yanaşmağa çağırıb və güc ssenarisinin mümkünlüyünün nəzərə alınmalı olduğunu bildirib.
“Erməni tərəfi vəziyyətə realist yanaşmalıdır. Güc ssenarilərini nəzərə almaq lazımdır, onların baş vermə ehtimalı kifayət qədər yüksəkdir”, – Arutyunov deyib.
Hərbi analitik, həmçinin 2020–2023-cü illərdə üzə çıxan çatışmazlıqları xatırladaraq Ermənistanın dövlət idarəçiliyində genişmiqyaslı struktur dəyişikliklərinə ehtiyac olduğunu bildirib.
Onun fikrincə, Ermənistan hakimiyyəti yeni səhifə, demokratiya və Respublika haqqında danışsa da, görülən tədbirlər əslində kosmetik xarakter daşıyır. Arutyunov xəbərdarlıq edib ki, bunun nəticələri Ermənistanın təhlükəsizlik vəziyyətində özünü göstərə bilər.Musavat.com





















