Almaniyanın Vuppertal şəhərində filmlərə mövzu olacaq qeyri-adi və tragikomik cinayət hadisəsi baş verib. Maaşını ala bilməyən 44 yaşlı Azərbaycan vətəndaşı müdirini qaçırmaq qərarına gəlib. O, bu planını həyata keçirmək üçün 35 yaşlı həmvətənini də məsələyə cəlb edib. Lakin hazırlanan plan gözlənilməz şəkildə fiaskoya uğrayıb – müdirini tanımayan şərik hədəfi səhv salaraq məsələ ilə əlaqəsi olmayan başqa bir şəxsi qaçırıb.
Korrekt.az Almaniyanın RTL WEST telekanalına istinadən xəbər verir ki, qaçırılan şəxs bıçaqla hədələnərək zorla avtomobilə mindirilib.
Lakin nəqliyyat vasitəsi hərəkətdə olarkən müəyyən məqamda dayanmasından istifadə edən zərərçəkən cinayətkarların əlindən qaçmağı bacarıb. Hadisə zamanı həmin şəxsin yüngül xəsarət aldığı bildirilir.
Hadisədən sonra saxlanılan hər iki Azərbaycan vətəndaşı avqustun 28-də Vuppertal Regional Məhkəməsi (Landgericht Wuppertal) qarşısına çıxarılıb.Musavat.com





















