image-1backend

Azərbaycanlılar Rusiya-Ukrayna müharibəsinə belə CƏLB OLUNUR – 53 min manatlıq TƏKLİF- FOTOFAKT

image-ads-728x90

Rusiyanın sosial şəbəkələrində Azərbaycan vətəndaşlarının Rusiya ordusunda müqaviləli hərbi xidmətə cəlb olunmasına dair reklam xarakterli elan yayılıb.

Musavat.com xəbər verir ki, Azərbaycandan qeydiyyatdan keçərək müxtəlif onlayn oyunlardan istifadə edən şəxslərə sözügedən reklamlar göstərilir.

Rus dilində hazırlanmış paylaşımda Azərbaycan vətəndaşlarına Rusiya Federasiyası Silahlı Qüvvələrində müqaviləli xidmət təklif olunur. Elanda müqavilə imzalandıqdan sonra 53 min manat məbləğində birdəfəlik ödəniş ediləcəyi, aylıq əməkhaqqının isə 6 min manatdan başladığı qeyd edilir. Bundan əlavə, xidmətə qoşulan şəxslərə Rusiya vətəndaşlığının rəsmiləşdiriləcəyi də vəd olunur.

Vətəndaşların sözlərinə görə, bu link vasitəsilə qeydiyyatdan keçdikdən sonra Azərbaycan vətəndaşları üçün xüsusi hazırlanmış elan qarşılarına çıxır.

Paylaşımda “Sabitlik, əminlik və gələcək” kimi şüarlardan istifadə olunub. Vizual materiallarda həm Azərbaycan, həm də Rusiya bayraqları əks olunub.

Sosial şəbəkələrdə yayılan bu reklamlar ciddi narahatlıq doğurub. Bildirilir ki, maddi vədlərlə müharibəyə aparılan bəzi azərbaycanlılar sonradan həlak olub, yaralanıb və ya itkin düşüb. Bəzi hallarda isə onların əsir götürüldüyü barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə vətəndaşlarının xarici dövlətlərin silahlı qüvvələrində və ya qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirakı qadağandır və cinayət məsuliyyəti yaradır.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu ilin fevral ayında yaydığı açıqlamada Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunduğunu bildirib. Qurum qeyd edib ki, ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX-nin məlumatına görə, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edən xeyli sayda Azərbaycan vətəndaşı həlak olub, yaralanıb və ya itkin düşüb. Bəzi şəxslərin isə əsirlikdə saxlanıldığı müəyyən edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki