Builki “Bakı Enerji Həftəsi”ndə indiyədək olmadığı sayda – 46 ölkədən 270-dən çox şirkət nümayəndəsi iştirak edir. 30 il əvvəl Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma artıq dünyada “Bakı Enerji Həftəsi” kimi nüfuz qazanıb. ABŞ və Türkiyə Prezidentlərinin, Böyük Britaniya Baş nazirinin Azərbaycan Prezidentinə ünvanladıqları təbrik məktubları bir daha təsdiq edir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji sektorunda müstəsna çəkiyə malikdir.
İllər ötdükdən sonra bir çoxları, hətta bədxahlarımız da etiraf edirlər ki, Ümummilli Lider Heydər Əliyev 30 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu. Ulu Öndər bütün maneə və təzyiqlərə baxmayaraq, geosiyasi və geoiqtisadi maraqları bir-biri ilə ziddiyyət təşkil edən aparıcı ölkələrin dövlət və hökumət başçılarını, neft-qaz sektorunun nüfuzlu şirkətlərini 1994-cü il sentyabrın 20-də Bakıda bir araya gətirə və XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına nail ola bildi. “Bakı Enerji Həftəsi”nin açılış mərasimində “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hordun xüsusi vurğuladığı bu məqam, əslində, ölkəmizin enerji strategiyasının uğur düsturunu əks etdirir: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi”.
Zaman-zaman ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasına, hətta bəzi beynəlxalq maliyyə institutlarının kənar təsir altında qərəzli mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Ulu Öndərin enerji siyasətini qətiyyətlə davam etdirdi və vaxtilə Azərbaycana dil uzadanlara həyata keçirməyə müvəffəq olduğu TAP və TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi meqalayihələrlə və qalib Azərbaycan gerçəkliyi ilə cavab verdi. Cənab Prezident bir neçə gün əvvəl-Müstəqillik Günündə Şuşa rayonunun Böyük Qaladərəsi kəndində bugünkü reallığı mümkün edən mübarizə və mücadilə yolunu belə təsvir etdi: “İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq”.
Xüsusilə tarixi Zəfərimizdən sonra bugünkü Azərbaycan reallığını hətta aparıcı ölkələrin dövlət və hökumət başçıları da etiraf edir, Prezident İlham Əliyevin qətiyyətli Lider xarakterinə və mövqe bütövlüyünə hörmət və ehtiramlarını gizlətmirlər . ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması ilə bağlı imzaladığı memorandum sənədinin üzərinə Prezident İlham Əliyev barədə “Siz dahisiniz” fikrini şəxsən qeyd etməsi də elə həmin reallığın əyani etirafıdır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda bir məqam xüsusi vurğulanır: “Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik”. Britaniyanın Baş naziri Kir Starmerin təbrik məktubunda ölkəmizin ağır geosiyasi şərtlər altında Ukraynaya göstərdiyi humanitar yardımın məxsusi qeyd edilməsi isə Azərbaycanın müstəqil xarici siyasət kursunun yüksək səviyyədə etirafı deməkdir.
“Bakı Enerji Həftəsi” və 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində ümumi maliyyə dəyəri 7,5 milyard dollara çatan sazişlərin imzalanmasının özü də bugünkü Azərbaycan reallığının nəticəsidir. ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransanın qabaqcıl şirkət və qurumları ilə imzalanan bu sazişlər enerji sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrini, həmçinin investisiya və rəqəmsal texnologiyaları əhatə edir. Bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin şaxələndirilməsi strategiyasını və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçidini təsbit edir.
Davam edən müharibə və münaqişələr, Hörmüz boğazında yaşanan gərginlik nəqliyyat zəncirlərinin qırılmasını qaçılmaz edir və bu, nəticə etibarilə qlobal iqtisadiyyatı təsirləndirir. Belə bir mürəkkəb şəraitdə Azərbaycan 16 ölkənin, o cümlədən Avropa İttifaqına üzv olan 10 dövlətin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməyə davam edir. Xarici tərəfdaşlarımız yaxşı bilirlər ki, Azərbaycan bütün çətinliklərə, təhdid və təzyiqlərə baxmayaraq, öhdəliklərini yerinə yetirmək üçün qətiyyətli siyasi iradəyə sahibdir.
Onlar artıq onu da etiraf edirlər ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq Avrasiya məkanında dayanıqlı inteqrasiya prosesləri üçün tarixi fürsət yaradıb. Heç şübhəsiz ki, bu tarixi fürsətlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində verdiyi mesajın kökündə siyasi iradə amili ilə yanaşı, quruculuğunda şəxsən iştirak etdiyi bugünkü reallığa praqmatik və qətiyyətli Lider baxışı dayanır: “Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir”.
Bu tarixi fürsət, Avropa və Asiyanın yaxınlaşması üçün Azərbaycanın yaratdığı bənzərsiz geoiqtisadi imkanlar ortada ola-ola, cahil və rüsvayçı motivlər əsasında ölkəmizə qarşı durmadan qərəzli qətnamə qəbul edənlərin, hibrid hücumlardan və çirkin qarayaxma kampaniyasından hələ də əl çəkmək istəməyən dairələrin nəzərinə: Tanınmış fransız yazıçısı və ədəbi tənqidçisi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anatol Fransın məşhur bir kəlamı var, o deyirdi ki, “Ən nadir mərdlik-fikir mərdliyidir”. Heç olmasa, bu ibrətamiz nəsihətə əməl edin.
Ülvi Quliyev,
Milli Məclisin deputatı





















