image-resizebackend

“Bakıda tıxacın əsas səbəbi rayondan gələnlərdir” – Zahid Oruc

image-ads-728x90

“Bakıda tıxaclar çox ciddi problemlərə yol açır, nəticə etibarı ilə işçi ilə işəgötürən arasında problemələrə gətirib çıxarır”.

Korrekt.az Ölkə.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

O, tıxaca görə toplantıya gecikdiyini söyləyib:

“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir. Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, Bakıda tıxacın qarşısının alınmasının ən yaxşı variantı bölgələrə, kəndə qayıdış proqramlarının hazırlanaraq həyata keçirilməsidir.

Onun sözlərinə görə, kənddən gələn insanlar Bakıda tıxacların yaranmasına səbəb olurlar:

“Tıxacların yaranma səbəbinə baxsaq görərik ki, əksəriyyəti kənd rayonlarından gələn insanlardır. Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına təzyiqlər artır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Əhalinin axını oradan gəlir”.

Problemin həlli yollarını təklif edən komitə sədri deyib: “Həll yolları sadədirmi? Xeyr, amma buna cəhd eləmək lazımdır. 3, 5, 7 ildən sonra nəticələrini verəcək. Biz hər zaman bunu söyləyirik: Bölgələrdə elektrik enerjisinin tarifini 3 dəfə azaldacaqsan.

Qaz – əgər o kənddə mövcuddursa – onu 3 dəfə azaldacaqsan. Onsuz da bu, büdcə üçün böyük bir itki yaratmır. Əksinə, Bakıda tunellərə və ya əhalinin məskunlaşmasına çəkilən xərclər bundan bir neçə dəfə artıqdır.

İpotekanı bölgələrdə verəcəksən. Emal müəssisələrini vergidən tam azad etmək lazımdır. Bu sahədə sıfır vergi siyasəti həyata keçirilməlidir. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əməkhaqqını bir neçə əmsal artıracaqsan. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss edəcək. Bu, dünyada keçilmiş yoldur”.

Z.Oruc əlavə edib ki, əgər bölgələrdə poçtlar, tibb məntəqələri bağlanırsa, bu məktəblərin də qapısına qıfıl vurulması təhlükəsini yaradır: “Bu halda kəndin özünün varlığı sual altında qalır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki