Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız müəyyən hadisəni deyil, bütöv bir tarixi mərhələnin nəticəsini özündə əks etdirir. 20 sentyabr da məhz belə əlamətdar tarixlərdəndir. Artıq üçüncü ildir ki, ölkəmizdə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının rəmzi olmaqla yanaşı, xalqımızın üç onillik ərzində keçdiyi mübarizə yolunun, şəhidlərimizin fədakarlığının və Böyük Qələbənin tarixi ifadəsidir.
Torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərimizin dağıdılması, Xocalı faciəsi və minlərlə insanın həyatını itirməsi xalqımızın yaddaşında dərin izlər buraxıb. Lakin Azərbaycan xalqı bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasına olan inamını itirmədi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu mübarizənin ən mühüm mərhələsi oldu. Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə müharibənin taleyi həll edildi, ertəsi gün Ermənistan ordusu kapitulyasiya aktına imza atdı. Bununla Azərbaycanın hərbi-siyasi üstünlüyü və ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ təmin edildi. Lakin dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpası üçün qarşıda daha bir mühüm vəzifə dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz silahlı birləşmələr tərksilah edildi və Azərbaycanın Konstitusiya quruluşunun bərpası təmin olundu. Beləliklə, 20 sentyabr 2023-cü il Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcına çevrildi.
Azərbaycanın Qarabağda qazandığı Qələbənin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, hərbi Zəfər qısa müddətdə genişmiqyaslı quruculuq prosesinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə yollar, elektrik və su infrastrukturu, yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri və digər mühüm layihələr həyata keçirilir. Əsas məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, Qarabağda müasir, dayanıqlı və yüksək həyat standartlarına malik yeni yaşayış mühiti yaratmaqdır. Bu siyasətin mərkəzində isə Böyük Qayıdış dayanır.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşmanın sürətləndirilməsi artıq bu prosesin real nəticələrini ortaya qoyur. İndiyədək Xankəndidə, o cümlədən Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalı şəhəri və rayonun yaşayış məntəqələrində 1 167 ailə, 4 841 nəfər, Xocavənddə 988 ailə, 4 070 nəfər, Ağdərə rayonunun yaşayış məntəqələrində isə 917 ailə, 3 587 nəfər məskunlaşıb. Beləliklə, bu dörd ərazi üzrə ümumilikdə 3 191 ailənin, 13 004 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilib. Bu rəqəmlər Böyük Qayıdışın sadəcə plan və ya niyyət deyil, real proses olduğunu göstərir. Vaxtilə insanları didərgin salınmış şəhər və kəndlərdə bu gün yeni həyat qurulur, ailələr doğma yurdlarına qayıdır, sosial və iqtisadi fəaliyyət bərpa olunur.
Xankəndinin dirçəlişi yalnız yaşayış və infrastruktur layihələri ilə məhdudlaşmır. Şəhərin intellektual və iqtisadi potensialının formalaşdırılması da diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsinin bazasında “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılması bu baxımdan mühüm addım oldu. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, həyata keçirilən bərpa-quruculuq layihələri və əmək bazarının yeni tələbləri yüksəkixtisaslı kadr hazırlığını zəruri edir. Bu gün Qarabağ Universiteti Xankəndinin yeni simasının mühüm elementlərindən biridir. Şəhərdə universitetin tələbə yataqxanası, fakültə və klinika binalarının istifadəyə verilməsi təhsil infrastrukturunun formalaşdırılmasının ardıcıl xarakter daşıdığını göstərir. Eyni zamanda Xankəndidə Zəfər parkının, Biznes Mərkəzinin və Konqres Mərkəzinin yaradılması şəhərin gələcəkdə mühüm ictimai, iqtisadi və mədəni mərkəzlərdən birinə çevrilməsi üçün möhkəm baza yaradır.
Bütün bu nailiyyətlərinin arxasında Azərbaycan şəhidlərinin müqəddəs fədakarlığı dayanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası minlərlə qəhrəmanımızın canı və qanı bahasına mümkün olub. Ona görə bu tarix yalnız qələbə və qürur günü deyil, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucalan Azərbaycan Bayrağı şəhidlərimizin bizə əmanət etdiyi Vətən torpağının azadlığının rəmzidir. Bu gün həmin şəhərlərdə yeni məktəblərin, xəstəxanaların, yaşayış binalarının, biznes və mədəniyyət obyektlərinin inşa olunması Böyük Qələbənin sülh və quruculuq mərhələsinin başladığını göstərir. Azərbaycan dövləti hərbi Zəfəri dayanıqlı inkişaf və insanların firavan həyatı ilə möhkəmləndirir.
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü məhz buna görə Azərbaycan tarixində xüsusi yer tutur. Bu tarix üç onillik mübarizənin, şəhidlərimizin qəhrəmanlığının, xalqımızın milli birliyinin, Azərbaycan Ordusunun gücünün və dövlətimizin qətiyyətli siyasi iradəsinin nəticəsi olan Böyük Qələbəni təcəssüm etdirir.
Bu gün Qarabağda dalğalanan üçrəngli Bayraq artıq yalnız azadlığın deyil, həm də yeni həyatın, quruculuğun, inkişafın və gələcəyə inamın rəmzidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bərpa olunan həyat Azərbaycanın zəfərinin ən canlı ifadəsidir. Böyük Qələbənin yaratdığı yeni reallıqlar əsasında Qarabağda həyat yenidən qurulur və gələcəyə doğru inamla addımlanır.
Vasif Qafarov
Milli Məclisin deputatı,
tarix elmləri doktoru





















